Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7517/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(004)-4427/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanan 25 iyul 2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsi və 1 saylı əlavənin surətindən görünür ki, müqaviləyə əsasən Cavabdeh 3049.93 manat məbləğində məhsulu 15 ay müddətinə kreditlə - nisyə almışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə əsasən Cavabdeh ilk ay 43 manat, sonuncu ay 206,93 manat olmaqla, aylıq 200 (iki yüz) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
2. 09 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2605,93 manat əsas borc, 347,11 manat cərimə olmaqla, cəmi 2953,04 manat borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə əsas borc 2605.93 manat qalıq borcu və 347.11 manat cərimə borcu olmaqla cəmi 2953.04 manat və ödənilmiş 49.53 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən borc alan 3049.93 manat (cavabdeh tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulunu nisyə satmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasım dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini tam yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.6-cı bəndinə görə, “Alıcı” (Borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Cavabdehin müqavilə üzrə qalıq borcu cəmi 2953.04 manat təşkil edir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4427/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2605,93 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 2805,93 (iki min səkkiz yüz beş manat doxsan üç qəpik) manat məbləğində borc və ödənilmiş 49,53 (qırx doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən öhdəliklərini tam və vaxtında icra etməmiş, Cavabdeh müqavilə üzrə 2605,93 manat əsas borc, 347,11 manat cərimə olmaqla, cəmi 2953,04 (iki min doqquz yüz əlli üç manat dörd qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən hesablanmış cərimə məbləği müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 200 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2605,93 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 2805,93 (iki min səkkiz yüz beş manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilən 49,53 (qırx doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 462.1-ci, 465.2-ci, 467-ci, 600.1-ci, 600.4-cü, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci, 284-cü və 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
8 Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən keçirilən məhkəmə prosesində onun iştirakı təmin edilməmişdir. Səbəbi isə müalicə və müayinələrdə olması ilə bağlıdır. Hazırki məhkəmə sadəcə olaraq iddiaçı tərəfindən təqdim etmiş olduğu sənədlərə və verilmiş izahatlarla kifayətlənərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Bundan başqa Optimal Elektronika MMC-yə artıq neçə aydır maddi imkansızlıq səbəbindən ödəniş edə bilməyəcəyi barədə rəsmi ərizə ilə müraciət etmişdir. Qərəzli ödəməməsi əsas götürülərək məhkəmə cərimə məbləğini hesablamaya bilərdi. Hazırda əsas məbləği hissə-hissə güclə ödəyə bilər, lakin cəriməni ödəmək iqtidarında deyil. Hesab edir ki, 200 manat cərimə məbləği məhkəmə tərəfindən hazirki vəziyyəti nəzərə alınıb ləğv edilə bilər. Eyni zamanda tərəfindən qarşı tərəfə üzrlü səbəbdən ödəniş edə bilmədiyi barədə təqdim edilən ərizəyə qiymət verilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi icraatı qısa müddət ərzində yekunlaşdırdığı səbəbindən əlavə sənəd və sübutların təqdim edilməsinə şərait yaradılmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, məhkəmə iclası barədə onlara məlumat verilməmişdir. Həmçinin cavabdehin maddi vəziyyətinin yaxşı olmaması səbəbindən yaranmış borcu birdəfəyə ödəmək mümkün deyil. Bundan başqa hesablanmış cərimə borcu olduqca yüksək olmuşdur.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən maddi hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
18. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
19. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli YK14118 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 3049.93 manat məbləğində məhsulu 15 ay müddətinə kreditlə - nisyə almışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiki”nin şərtlərinə əsasən Cavabdeh ilk ay 43 manat, sonuncu ay 206,93 manat olmaqla, aylıq 200 (iki yüz) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
26. Bununla belə apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir.
27. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Göründüyü kimi dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki işin faktiki hallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə cərimə pulu müəyyənləşdirilmişdir və cavabdeh tərəfindən də öhdəlik vaxtında icra edilməmişdir.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur.
30. Bununla yanaşı məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cərimə pulunun məbləğini düzgün müəyyən etmişdir. Belə ki, bank tərəfindən hesablanmış cərimə məbləği müqavilə üzrə ödənilməmiş əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olmuş və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimənin məbləği işin faktiki hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir.
31. Cavabdehin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında onun iştirakının təmin edilməməsi barədə dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir;
33. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər;
34. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. .
35. Hazırki iddia tələbi də məhz kiçik iddiaya aid olmaqla sadələşdirilmiş icraat qaydasında baxılmış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş cavabdehin iş materiallarında olan ünvanına qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir.
36. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir.
37. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
46. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti mübahisələndirilən hissədə 2805,93 (iki min səkkiz yüz beş manat doxsan üç qəpik) manat olmaqla beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, e-2(004)- 4427/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov