Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-752/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbin barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 14.674,36 manat məbləğində borcun silinməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün vəkildən aldığı hüquqi yardıma görə çəkdiyi xərcin əvəzinin – 300 manat məbləğində pulun cavabdeh Birlikdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X3 yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir və bununla bağlı evdə qaz sayğacı quraşdırılmış və ünvana **********00061 abonent kodu verilmişdir. Bu yaxınlarda iddiaçı abonent kodu üzrə adına 14.674,36 manat məbləğində borc yazılmasını bilmiş və bunun səbəbini araşdırmaq üçün cavabdeh Birliyə müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən iddiaçıya bəlli olmuşdur ki, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilmişdir ki, iddiaçıya məxsus evdə qaz sayğacdan kənar təbii qazdan istifadə olunmuşdur. İddiaçı hesab edir ki, həmin aktlar əsassızdır. Çünki Birliyin əməkdaşları həmin tarixlərdə onun ünvanında olmamış, heç bir baxış keçirməmiş, aktların tərtib edilməsi ilə bağlı nə ona, nə də ki, onun ailə üzvlərinə məlumat verməmişlər. İddiaçıya məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, əgər 2023-cü ilin yanvar ayında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadə edilməsi halı aşkar edilsə idi, bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilişi dayandırılmalı idi. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının evində aktda qeyd edilən dəmir sobadan və İranda istehsal edilmiş sobadan istifadə edilməmiş, bu kimi sobalar evdə heç vaxt mövcud olmamışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aktlar üzrə hesablanmış məbləğ Birliyin əməkdaşlarının təqsiri üzündən yaranmışdır. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq, vətəndaşın qanunsuz qoşulma halı aşkar edilmişdirsə bu barədə müvafiq olaraq inzibati orqana xəbər verilməklə kənar xətt dərhal qaynaqla ayrılmalı idi. Lakin iş materiallarından göründüyü kimi buna əməl olunmayaraq hər ay göstərilən ünvana Birliyin əməkdaşlarının gəlib-gəlməməsi də məlum olmadan akt tərtib edilərək eyni görüntünü əks etdirən fotoşəkillər əlavə edilməklə kifayətlənmişlər. Buna görə də, qeyd edilən aktlar əsassızdır. Bu səbəbdən də, həmin aktlar əsasında iddiaçıya hesablanmış borc silinməlidir. Həmçinin qeyd edilməlidir ki, borcun silinməsi tələbi əsaslı olduğundan, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün vəkildən aldığı hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin əvəzi – 300 manat məbləğində pulun cavabdeh Birlikdən tutularaq iddiaçıya ödənilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş faktlar Birliyin əməkdaşları tərəfindən yerindəcə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğundur. Aktlar tərtib olunarkən çəkilmiş fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qaz xəttinə qanunsuz olaraq qoşulma mövcuddur. Daha sonra həmin aktlar əsasında itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat
7. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat
8. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan” görünür ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçıya məxsus ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmişdir. Həmin aktlarda qeyd edilmişdir ki, abonent olan iddiaçı aktları imza etməkdən imtina etmişdir.
9. Cavabdeh Birlik tərəfindən iddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, **********00061 abonent kodu üzrə iddiaçıya həmin aktlar əsasında əlavə sərfiyyat olaraq 14.674,36 manat məbləğində borc hesablanmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
11. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
12. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
13. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Lakin cavabdeh Birlik iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.
15. Bundan başqa qeyd edilməlidir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli qanunu ilə əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 13.8-1-ci maddənin tələbinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
16. Göründüyü kimi, “Qaz təchizatı haqqında” Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır.
17. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş aktlar “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Bu baxımdan, yuxarıda qeyd edilən aktlara həmin Qanuna edilən dəyişiklik kontekstində qiymət verməlidir.
18. Cavabdeh Birlik tərəfindən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsində qeyd edilən hərəkətlərin edilməsi, habelə istehlakçının qazın talanmasında təqsirli olması barədə inzibati xəta və ya cinayət təqibi orqanlarının qərarının olması müəyyən olunmamışdır. Belə olan halda, qaz paylayıcısının – Birliyin vurulmuş zərərin ödənilməsini istehlakçıdan – iddiaçıdan tələb etməsi üçün əsas yoxdur.
19. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən aktlar əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlilləri əsassızdır.
20. Borcun silinməsi hissəsində iddia tələbi əsassız olduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun da cavabdeh Birlikdən iddiaçının xeyrinə tutulması barədə nəticəsi də əsaslı, apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlilli isə əsassızdır.
21. Belə ki, MPM-in 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
22. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
26. Məhkəmə həmçinin bildirir ki, iddianın tam təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
27. Cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh Birlik hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
28. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.