Məhkəmə qərarları › İş №2(103)-7522/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7522/2021

24.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7522/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-646/2021 saylı, 09.04.2021-ci il tarixli qətnaməsindən cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 3114,17 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB 10.02.2017-ci il tarixli 03/2502 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə" əsasında ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "Azəriqaz" İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1402A**********393 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən ünvanına aktlar tərtib edilərək borc hesablanmış və hesabına yönəldilmişdir. Odur ki, borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-646/2021 saylı, 09.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı hesablanmış (**********20000 saylı abonent hesabına) hesablanmış 3114,17 manat məbləğində borc silinməsi və 30 manat dövlət rüsumu Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Zaur Tağıyev).

4. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-646/2021 saylı, 09.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, Birliyin Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən iddiaçıya, yəni istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunmasını yoxladıqda təbii qazdan istifadə dan istifadə istifadə-qaydalarının pozulması aşkar olunmuş və bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Lakin birinci instansiya məhkəməsi mötəbər sübut sayılan rəsmi sənədləri obyektiv araşdırmamış, onları tədqiq edərkən səhv nəticəyə gəlmiş, əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, bu hal isə cavabdehin, yəni Cavabdeh ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxartmışdır. Tərəflərin izahatları:

6. Kollegiya iclasında Cavabdeh nümayəndəsi X2 iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

7. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq İddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10009/2019 nömrəli 25.07.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsini 22.04.2019-cu il tarixli, 2(003)-1070/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə:

11. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

12. İş materiallarına əlavə edilən qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10009/2019 nömrəli 25.07.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsini 22.04.2019-cu il tarixli, 2(003)-1070/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 3114.17 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 3144.20 manat borcun cavabdeh İddiaçı tutularaq “Azəriqazı” İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq, hazırkı mülki iş üzrə iddiaçıdan qeyd edilən 3114,17 manat pul tələb edilməkdədir.

14. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsini 22.04.2019-cu il tarixli, 2(003)-1070/2019 nömrəli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə iddiası rədd edilmişdir.

15. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).

16. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

17. Həmçinin Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

18. Bütün qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməklə itirilmiş qazın dəyərinə görə hesablanmış 3114,17 manat məbləğində borc silinməlidir.

19. Cavabdehin apellyasiya şikayətində qeyd etdikləri mülahizə xarakteri daşıyır. Bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-c maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-646/2021 09.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar