Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7523/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mənzilin bərpa edlməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə İddiaçı MMC Cavabdeh qarşı tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 02QYS saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh əsassız yerə ödənilmiş 66800 manat məbləğində pulun İddiaçı MMC-yə qaytarılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, pilot layihə çərçivəsində İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixli 02QYS saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 31 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verir, onun əvəzində isə İddiaçı MMC-dən 38 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini qəbul edir. Cavabdeh ona verilməsi nəzərdə tutulmuş 38 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin təmirindən imtina etdiyi nəzərə alınaraq, təmir xərclərinin əvəzi olaraq 4600 manat məbləğində kompensasiya hesablanaraq, ona ödənilmişdir. Müqaviləyə əsasən aylıq icarə haqqı olaraq 600 manat nəzərdə tutulmuş, cavabdehin xahişi nəzərə alınaraq 24 ay üzrə 14400 manat məbləğində icarə haqqı birdəfəlik olaraq müqavilə imzalandığı gün ona ödənilmişdir. Cavabdehin təklifi ilə ona Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 2ci blok 1-ci mərtəbədə, eni 4.2 m, dərinliyi 7.05 m olmaqla, ümumi sahəsi 29,61 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuş və tikinti şirkəti 38.0-29.61=8.39 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq, müqavilə imzalanan gün 55000 manat pulu Cavabdeh ödəmişdir. Sonradan bəlli olmuşdur kı, Cavabdeh mülkiyyətində ünvan 1-də bir yataq otağından ibarət ümumi sahəsi 27.3 kv.m olan yaşayış sahəsi vardır. Yəni müqavilədə yazıldığı kimi, müqavilə predmeti olan sahə qeyri-yaşayış sahəsi yox, yaşayış sahəsi olmuşdur. Bundan sonra, cavabdehə bildiriş göndərilərək xx xxxxxxx 2017-ci il tarixli 02QYS saylı müqavilədə açıq-aşkar yanlışlığa, qeyri-dəqiqliyə yol verildiyinə görə, müqaviləyə dəyişikliklər edilməsinin zəruri olduğunu və aralarında yeni müqavilənin imzalanmasını təklif etmişlər. Cavabdeh isə yeni müqavilə bağlanmasından imtina edərək, həmin yaşayış sahəsini obyekt kimi uzun müddət istifadə etdiyinə görə, müqavilədə mənzilin qeyri-yaşayış sahəsi kimi göstərildiyini bildirmişdir. Həmin binada yaşayış sahəsinin bir kv.m-nin həmin dövrə olan qiyməti 1000-1200 manat civarında, qeyri-yaşayış sahəsinin qiyməti isə 6500-7000 manat civarında olmuşdur. Beləliklə, vacib yanılmanın təsiri altında İddiaçı MMC tərəfindən Cavabdeh yaşayış sahəsi əvəzinə qeyri-yaşayış sahəsi verilməklə, İddiaçı MMC külli miqdarda maddi ziyana düşmüşdür. Ona görə də hesab edirlər ki, müqavilə etibarsız hesab edilməli, ödənilmiş aylıq icarə haqqının (14400 manatın) yarısı-7200 manat, təmir xərclərinin əvəzi olaraq ödənilmiş 4600 manat məbləğində kompensasiya və 8.39 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq verilmiş 55000 manat, cəmi 66800 manat pul geri qaytarılmalıdır. Məhkəmə baxışı zamanı ilk iddiaçı iddianın əsasını dəyişərək müqavilənin aldanma nəticəsində bağlanmasını, bu səbəbdən müqavilənin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Cavabdeh isə İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tikilmiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilərək ona verilməsi, ona vurduğu mənəvi ziyanın əvəzi olaraq cavabdehdən onun xeyrinə 50000 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, o, İddiaçı MMC ilə xx xxxxxxx 2017-ci il tarixli 02QYS saylı müqavilənin bağlanılması zamanı aldadılmışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmamış, müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, əmlak üzərində mülkiyyət hüququ hal-hazırkı dövrə qədər daşınmaz əmlakın dövlət reyestrində onun adında qalmış, daşınmaz əmlak üzərində onun mülkiyyət hüququna xitam verilməmişdir. İddiaçı MMC onu aldadaraq, Bakı şəhərinin mərkəzində yerləşən mənzilini hüquqi əsas olmadan, mənzil üzərində onun mülkiyyət hüququna xitam verilmədən özbaşına sökmüşdür. MMC-nin qanunsuz hərəkətləri ona mənəvi zərər vurulmasına da səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İlk İddiaçı MMC qətnamənin qismən, yəni ilk iddianın rədd olunması hissəsində ləğv olunaraq həmin iddianın təmin olunmasını, qarşılıqlı iddiaçı Cavabdeh isə qətnamənin qismən, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunaraq həmin iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayətlərinin məzmunu iddia ərizələrinin məzmunu ilə eynidir. İddiaçı MMC apelyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddianın əsasının dəyişdirilməsinə baxmayaraq, məhkəmə buna münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh və onun nümayəndəsi X3 öz apelyasiya şikayətlərini müdafiə etdiklərini, qarşı tərəfin apelyasiya şikayətinə isə etiraz etdiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, ilk İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilk iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2016-cı il tarixli 208 nömrəli Sərəncamına əsasən İddiaçınə Bakı şəhəri Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. İddiaçı MMC ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixli 02QYS nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi həmin qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMCyə təhvil verir, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul edir, əmlak mülkiyyətçisinin ona verilməsi nəzərdə tutulan 38 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin təmirindən imtina etdiyini nəzərə alan tikinti şirkəti ona təmir xərclərinin əvəzi olaraq 4600 manat həcmində kompensasiya ödəyir, tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və əmlak mülkiyyətçisini qeyriyaşayış sahəsi ilə təmin edən günədək əmlak mülkiyyətçisini qeyri-yaşayış sahəsi ilə təmin edən günədək əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 600 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir, 24 ay üzrə 14400 manat icarə haqqını birdəfəlik olaraq bu müqavilə imzalandığı gün ona ödəyir, müqavilə üzrə əmlak mülkiyyətçisinə Səməd Vurğun küçəsi 2-ci blok 1-ci mərtəbəsində eni 4,2 m, dərinliyi 7,05 olmaqla, ümumi sahəsi 29,61 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini verir, tikinti şirkəti 38,0-29,61=8,39 kv.metr qeyri-yaşayış sahəsinin əvəzi olaraq ona bu müqavilə imzalanan gün 55000 manat pul ödəyir. İddiaçı MMC-yə məxsus kassa məxaric orderinə əsasən xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh 74000 manat pul verilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1995-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olmuşdur. Mənzil 1995-ci ildə özəlləşdirildikdən sonra Gülüzar Zeynalovaya həmin mənzildə alqı-satqı ilə məşğul olmaq üçün Respublika Dövlət Vergi Müfəttişliyi tərəfindən AP seriyalı 199401 nömrəli lisenziya verilmişdir. Gülüzar Zeynalovanın ərizəsinə əsasən mənzildən qeyriyaşayış sahəsi kimi istifadə edilərək alqı-satqı fəaliyyətinin həyata keçirilməsi üçün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1994-cü il tarixli 168 saylı qərarı ilə təsdiq edilmiş daimi fəaliyyət göstərən idarələrarası komissiyanın xx xxxxxx 1996-cı il tarixli Rəyi ilə mənzildən Səməd Vurğun küçəsinə qapı açılmasına icazə verilmişdir. Dövlət yanğın nəzarəti orqanı tərəfindən binanın (otağının) ayrılması üçün müayinə-razılaşdırma haqqında xx.xx.1996-cı il tarixli 713 saylı akt tərib edilmişdir. Həmin vaxtdan mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışa əsasən Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı tərəfindən verilmiş bu arayış Cavabdeh ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin adı “Kafe”-dir, xx xxx 2006-cı il tarixdə uçota alınmışdır. İlk iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Mülki iş materiallarından aydın olur ki, müqavilə predmeti olan sahə ilk iddia üzrə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilmiş, bu halı təsdiq edəcək sənədlər, həmçinin sahənin qeydiyyat vəsiqəsi tərəflər arasında müqavilə imzalandığı zaman ilk İddiaçı MMC-yə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulmuş vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlərin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq müddətin keçməsini əsas gətirərək ilk iddianı rədd etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilk iddianın əsası kimi əvvəlcə müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasını göstərsə də, sonradan iddianın əsasını dəyişərək müqavilənin aldanma nəticəsində bağlanmasını qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, ilk İddiaçı MMC tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 02QYS saylı müqavilənin nə vacib əhəmiyyətli yanılmanın təsiri altında, nə də aldanma nəticəsində bağlanmasını sübuta yetirə bilməmişdir. Həmin müqavilədə sökülmək üçün İddiaçı MMC-yə təhvil verilmiş daşınmaz əmlak mülkiyyət sənədlərinə əsasən yaşayış sahəsi olsa da, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən həmin yaşayış sahəsindən kommersiya məqsədi ilə istifadə edilməsinə icazə verilmiş, Cavabdeh həmin mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edərək gəlir əldə etmiş və vergi ödəyicisi kimi qeydiyyata düşmüşdür. Həmin mənzil vergi orqanında vergi ödəyicisi Cavabdeh fəaliyyət göstərdiyi təsərrüfat subyektinin (obyektinin) olduğu yer kimi uçota alınmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı MMCyə təhvil verdiyi həmin daşınmaz əmlakın əvəzində qeyri-yaşayış sahəsi almağa haqqı çatmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilə etibarsız hesab olunduğu təqdirdə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri baxımından tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Belə olan təqdirdə, Cavabdeh məxsus daşınmaz əmlak sökülüb yerində hündür mərtəbəli bina tikildiyinə görə daşınmaz əmlakın əvvəlki vəziyyətdə bərpa olunub Cavabdeh qaytarılması tikinti şirkətinin mənafeyinə cavab vermir. Alınanları eyni ilə qaytarmaq mümkün olmadığı təqdirdə kommersiya obyekti kimi istifadə olunmuş həmin daşınmaz əmlakın mənzil kimi dəyərinin pulla ödənilməsi isə Cavabdeh mənafeyinə cavab verməməklə yanaşı, ədalət meyarlarına cavab verməmiş olardı. Buna görə də ilk iddia tələbinin hüquqi əsasından asılı olmayaraq, iddianın təmin olunması üçün kifayət qədər əsas yoxdur. İddiaçı MMC-nin apelyasiya şikayətində qeyd olunmuş onlar tərəfindən təqdim edilən xx xxxxxx 2020-ci il tarixli iddianın əsasının dəyişdirilməsinə dair ərizəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməməsinə dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmamışdır, çünki ilk iddianın iş materiallarında olan sübutlarla öz-özlüyündə əsassız iddia olduğu sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Odur ki, birinci instansiya məhkəməsi ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı MMC ilə könüllü şəkildə müqavilə bağlayaraq mülkiyyətində olan daşınmaz əmlakı sökülmək üçün həmin tikinti şirkətinə təhvil verdiyinə görə həmin əmlak sökülüb yerində hündür mərtəbəli bina tikildikdən sonra ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tikilmiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilərək ona verilməsi tələbində haqlı olmamışdır. Cavabdeh müqavilə bağlanarkən İddiaçı MMC tərəfindən aldadıldığını, habelə həmin tikinti şirkətinin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulmasını sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə də haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk və qarşlıqlı iddiaları rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətlərin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apelyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7523/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7523/2020
27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver