Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7531/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iş materiallarının aidiyyat üzrə göndərilməsi ilə bağlı vəsatət rədd edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcıya şkaf üçün ödədiyi 3,238.26 manat, razılaşmanın şərtinə əsasən malın gec təhvil verilməsi üçün 777.18 manat (hər gecikmə gününə hesablanan 3,238.26 AZN-in 0.2% x 120 gün (18 dekabr 2022 - 18 aprel 2022), məhkəməyə iddianın verilməsi ilə bağlı çəkdiyi 60.15 manat dövlət rüsumu, ümumilikdə 4,075.59 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, razılaşmaya uyğun mal vermədiyinə, malın istehlak xüsusiyyətinə dair aldatmaya görə satıcının əməlində Cinayət Məcəlləsinin 200-cü "İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma" bəndi üzrə cinayət tərkibinin olub-olmamasını araşdırmaq üçün iş materialları prokurorluğa göndərilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək çəkilən xərclərin iddianın qiymətinə əlavə edilərək cavabdehdən 4,275.59 manat pul məbləğinin tutulmasını xahiş etmişdir.
3. Cavabdeh MMC elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi prosessual məcəllənin tələbləri pozularaq icraata qəbul edilmişdir. Belə ki, Cavabdeh hüquqi ünvanı AZ5500, ünvan 1mə tərəfindən aidiyyət qaydaları pozularaq məhkəmə iddia ərizəsini icraata qəbul etmişdir. Halbuki bu iş üzrə səlahiyyətli məhkəmə Şəki Rayon Məhkəməsidir. Həmçinin tələb 5000 manatdan aşağı olduğu için sadələşdirilmiş icraat formasında ərizə ilə məhkəməyə müraciət olunmalı idi. Qeydolunanları nəzərə alaraq məhkəmədən mülki işi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2287/2023 nömrəli qərardadı ilə Cavabdeh MMC tərəfindən mülki iş ərazi aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə yazılı vəsatəti təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan iddiaçının qeydiyyat ünvanın ünvan 2ünür. Mülki iş materiallarından tərəflər arasında istehsalçı və istehlakçı arasında yaranan mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin mövcud olduğu aydın olur. Belə olan halda iddiaçı qanunun ona verdiyi imkanlardan istifadə edərək qanunauyğun surətdə hazırki iddianı tələbi ilə öz qeydiyyat ünvanı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı tələblərinə zidd olaraq icraata qəbul olunmasına dair hər hansı hal müəyyən olunmur.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Qərardaddan narazı qalan Cavabdeh MMC həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edərək, işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya dəfələrlə, hətta sonuncu məhkəmə iclasında təklif olunmuşdur ki, əgər mal qüsurlu isə onlar malı yenisi ilə dəyişdirməyə hazırdırlar, lakin iddiaçı imtina etmişdir. Onlar hesab edir ki, iddiaçı malı aldıqdan bir müddət sonra malı bəyənməmiş, buna əsasəndə pul tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Əgər iddiaçı malın dəyişdirilməsi ilə iddia qaldırmış olsaydı onlar məhkəmənin qərardadı ilə razılaşdılar, lakin iddiaçı pul tələbi ilə çıxış etdiyi üçün hesab edir ki, işə Şəki Rayon Məhkəməsində baxılmalıdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2287/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin, 2(005)-2287/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. İddiaçı tərəfindən şikayətə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Alqı-satqı müqaviləsinin mahiyyətindən irəli gəlir ki, sifariş verilmiş mal ona yaşadığı ünvanda təhvil verilməli idi. Bu ünvan isə malın 17 dekabr 2022ci ildə quraşdırıldığı Nərimanov rayonu Əliəşrəf Əlizadə 24A küçəsində yaşadığı evin ünvanıdır. Deməli müqavilənin icra yerinin də Şəki şəhər ilə heç bir əlaqəsi yoxdur. Beləliklə, Mülki Prosessual Məcəllənin 36.9, 36.11-ci maddələrinə əsasən işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılması işin faktiki hallarına, müqavilənin bağlandığı yerə, müqavilənin icrası yerinə, cavabdehin mağazasının olduğu yerə, malın təhvil verildiyi, hal-hazırda yerə daha yaxın olduğu üçün birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iddiaçı ilə Cavabdeh MMC tərəfindən idarə olunan Lazzoni adlı mebel mağazası arasında şüşləli vitrin şkafın – malın hazırlanması ilə əlaqədar münasibətlər yaranmışdır.
14. İddiaçı tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsi səbəbi ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə kollegiyası iş materiallarının aidiyyat üzrə cavabdehin qeydiyyat ünvanına görə Şəki rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətini təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı istehlakçı hüququnun müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmiş və qanunvericiliyə əsasən seçiminə uyğun olaraq özünün yaşadığı yer üzrə məhkəməni seçmişdir.
16. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonudur.
17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin iş materiallarının ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
18. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2287/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev