Məhkəmə qərarları › İş №2(103)-7534/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7534/2022

06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7534/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair 2(011)-3302/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı iddia edir ki, Cavabdeh əməkdaşları İddiaçı məxsus Xətai rayonu Aşıq Ələsgər küçəsi ev 6G mənzil 52-ə yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar və yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcları olmamış, bir müddət qazdan istifadə etdikdən sonra tutulmalar olduğunun şahidi olmuşdur. İddiaçı Cavabdeh İB-yə müraciət etmiş və ona bildirmişlər ki, onlara məxsus evin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin aktında qeyd edilmişdir ki, İTRİ “Sənaye Məişət və qaz sayğaclarının yoxlanması laboratoriyası”nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmışdır. Cavabdeh əməkdaşları ona məlumat vermişlər ki, onlar qaz sayğacına müdaxilə etmişlər, nəticədə “sayğacın yivli birləşməsi korroziyaya uğrayıb”.

2. Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2021-ci il tarixli ******* nömrəli və 31 mart 2022-ci il tarixli ******* nömrəli aktların surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilmiş və təbii qazdan sayğacsız istifadə edilməsi qeyd olunmuşdur.

3. Cavabdeh İB tərəfindən verilmiş abonentə aid hesabdan çıxarışdan məlum olur ki, İddiaçı 2022-ci il aprel ayı üçün ayın sonuna borcu 1713,60 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 2 ünvanda yerləşən mənzilə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 1713,60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “sayğacın yivli birləşməsinin korroziyaya uğraması və ya qazın sızması” İddiaçı təqsiri üzündən baş verməmiş, ona əsassız olaraq yazılan 1713 manat 60 qəpik cərimə pulunun silinməsi üçün şifahi olaraq Cavabdehnə müraciət etmiş, lakin nəticəsi olmamışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3302/2022 saylı mülki iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi ev 6G mənzil 52 ünvanı ilə bağlı hesablanmış 1713,60 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə olunması qət edilmişdir. (hakim İlahə Abbasova)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif tarixli aktlarda “abonent təbii qazdan sayğacdan kənar istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 1713,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki qazdan qeyri-qanuni istifadə edilməsi faktı ilə bağlı Cavabdeh İB müvafiq protokol tərtib etməklə iddiaçının inzibati məsuliyyətə cəlb olunmasını təmin etməli, hazırkı mülki işlə bağlı həmin sübutu məhkəməyə təqdim etməli idi.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh İB apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən aktlarda iddiaçı barəsində qazdan qeyri-qanuni olaraq sayğacdan kənar xəttdən istifadə etməsi öz əksini tapmış və birinci instansiya məhkəməsinə kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) təqdim edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 6.2 Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına əsas yoxdur.

16. İş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən cavabdehin barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə 30 dekabr 2021-ci il tarixli ******* nömrəli və 31 mart 2022-ci il tarixli ******* nömrəli aklar tərtib edilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentə aid hesabdan çıxarışda İddiaçı 2022-ci ilin aprel ayı üçün ayın sonuna cavabdehə 1713,60 manat məbləğində maddi zərər vurulması ilə bağlı borcu qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş kserosurət formasında fotoşəkillər keyfiyyətsiz olmaqla həmin fotoşəkillərin cavabdehin evində quraşdırılmış sayğaca və çəkilmiş qaz xəttinə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf iddianın rədd edilməsi üçün məhkəməyə kifayət qədər tutarlı sübutlar təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi aktlar əsasında iddiaçınn təbii qazdan qeyriqanuni istifadəsi nəticəsində cavabdeh təşkilata həqiqətən 1713,60 manat məbləğində ziyan vurulması barədə nəticəyə gəlmək mümkün deyil.

17. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

18. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (1713,60 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(011)-3302/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar