Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7536/2022 02.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASCnin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında (abonent kodu: **********012/********) sudan istifadəyə görə cavabdeh tərəfindən hesablanmış 1.915,71 manat borc silinsin. Tələb onunla əsaslandırılıb ki, həmin ünvanda su sayğacı olmadığı halda cavabdeh böyük məbləğdə borc hesablayıb, borcun necə yaranması iddiaçıya izah edilmir, həmin ünvanın aid olduğu əraziyə su gəlmədiyi üçün iddiaçı suyu öz vəsaiti hesabına alır. Sayğac 2021-ci ilin avqust ayında quraşdırılıb, lakin onun düz işləmədiyi aşkar olunub. Belə ki, ilk aydan sayğac su sərfinin məbləğini 300 manatdan yuxarı göstərib. Sayğac hələ də düz çalışmır, istifdə edilən suyun 2-3 mislini göstərir. Sayğac quraşdırılan gündən onun dəyişdirilməsini xahiş edib, lakin bu məsələyə hələ də baxılmır. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin ünvan üzrə əsassız hesablanmış 1.897,51 manat borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin, 30 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə cavabdehin arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair” xx.xx.2022-ci il tarixli 12044218 nömrəli müqavilə bağlanıb (iş v. 32). Buna qədər tərəflərin arasında müqavilə mövcud olduğunu təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Cavabdehin tərtib etdiyi “Abonent kartı”ndan görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə iddiaçının yekun borcu 1.915,71 manat təşkil edir (iş v. 31). Həmin borc 2015-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı “Abonent kartı”ndan göstərilən 1.915,71 manat borcun silinməsini tələb edib. Birinci instansiya məhkəməsi onun bir hissəsinin - 1.897,51 manat borcun silinməsini qət edib. Birinci instansiya məhkəməsi borcun silinməsini qət edərkən borcu 2 yerə bölüb: 2018-ci ilədək olan borc və 2018-ci ildən sonraya aid olan borc. 2018-ci ilədək olan borc ona görə silinib ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsində müəyyən edilmiş 5 illik müddət keçib. Həmin maddəyə görə, vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə ödənişlər vaxtaşırı ödənişlər hesab olunur. 2018-ci ilədək olan borca münasibətdə 5 illik müddət iddia veriləndək keçmiş sayılır. Ona görə də birinci instansiya məhkəməsi həmin borcun silinməsini qət etməklə düzgün nəticəyə gəlib. 2018-ci ildən xx.xx.2022-ci ilədək (tərəflərin arasında müqavilə bağlandığı tarixədək) olan dövrə görə hesablanmış 985,43 manat borc ona görə silinib ki, bu borc əsassız hesablanıb. Belə ki, həmin dövrdə tərəflər arasında müqavilə olmayıb, müqaviləyə qədər iddiaçının cavabdeh tərəfindən fasiləsiz olaraq su ilə təmin edilib-edilmədiyi, o cümlədən su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə borcun hesablanması əsasları qeyri-müəyyəndir. Ona görə də məhkəmə “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin və Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmuş “Sudan istifadə Qaydaları”nın 7-ci bəndinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin borcun silinməsini qət etməklə düzgün nəticəyə gəlib. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7536/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7536/2022
02.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver