Məhkəmə qərarları › İş №2(103)-7546/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7546/2022

24.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7546/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi və Cavabdeh2 tərəfindən tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddia tələbinin Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi hissəsində xitam verilmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3614/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Belə ki, Cavabdeh1 qarşı hazırki iddia tələbi onunla bağlı əvvəl məhkəməyə müraciət edilmiş iddia tələbi ilə eynilik təşkil etmir. Məhkəmə işin hallarını tam araşdırmadan hər iki iddia tələbinin eyni predmet barəsində olduğu qənaətinə gələrək əsassız qərardad qəbul etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət mümkün hesab edilmiş və şikayətə yazılı icraat qaydasında 10 noyabr 2022-ci il tarixdə baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 300/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X3, X2 və X1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda iddiaçı qərardaddan verdiyi şikayətdə onun sökülməsini tələb etdiyi tikilinin qeyd edilən qətnamədə mübahisələndirdiyi tikili olmadığını, məhkəmənin isə bunu araşdırmadan iş üzrə icraata xitam veridiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 onun həyətində yalnız bir tikilinin olduğunu, həmin tikili ilə bağlı da qarşı tərəfin iddiasının məhkəmə qətnaməsi ilə təmin edilmədiyini bildirmiş, onun həyətdə heç bir əlavə tikilisinin olmadığını qeyd etmişdir. Beləliklə müəyyən edilir ki, mübahisə predmetini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 300/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə mübahisə predmeti olmuş eyni tikili təşkil edir. Göründüyü kimi 2019-cu il tarixdə İddiaçı Cavabdeh1 qarşı eyni predmet barəsində eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi rədd edilərək qətnamə qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3614/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar