Məhkəmə qərarları › İş №2(103)-7547/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7547/2021

05.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7547/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı "xxxx" ASC-yə qarşı “borcun silinməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə məhəllə ünvanında yaşadığını, həmin ünvana elektrikdən istifadə üçün sayğac quraşdırıldığını və istifadə etdiyi elektrik sərfıyyatının ödənişini sayğac əsasında həyata keçirdiyini, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent hesabına qanunsuz və əsassız borc hesablandığını, bunun nəyə görə hesablandığını bilmədiyini, elektrik enerjisinin bərpa olunması üçün cərimədən 500 manat ödəməli olduğunu bildirmiş, 18.05.2020-ci il tarixli akt əsasında hesablanmış 2219,36 manat borcun silinməsi və həmin akt əsasında ödənilmiş 500 manatın onun **********20001 saylı abonent hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2021-ci il il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, eyni zamanda "xxxx" ASC-dən dövlət rüsumuna görə 30 manatın alınıb Dövlət büdcəsinə köçürülməsi qət olunmuşur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, 18.05.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus evin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik enerjisindən sayğacdan kənar istifadə olunduğunun aşkar edildiyi, aktlaşdırma aparılaraq iddiaçıya 20282 kvts itirilmiş enerjinin dəyəri olan 2226,78 manat borc hesablandığı, iddiaçının bu borcdan 500 manatını ödədiyi və beləliklə də borcunu etiraf etdiyi, məhkəmənin isə bu hallara qiymət verməyərək üstəlik iddiaçının ödədiyi vəsaitin geri qaytarılmalı olduğu qənaətinə gəldiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunan hallarına əsasən iddiaçı **********20001 saylı kodla cavabdeh müəssisənin abonentidir; 18 may 2020-ci il tarixdə onun evinin elektrik enerjisi ilə təminatının hesablanmasına xidmət edən elektrik sayğacına baxış keçirilərkən evə sayğac sxemindən kənar xəttin daxil olduğu və kənar xətdən axan yükün 6,6 kvt təşkil etdiyi aşkarlanmış, hesabat dövrü 200 gün nəzərə alınmaqla və sayğacın göstəricisi olan 1894 kvts çıxılmaqla ona 20 282 kvts (6,6 kvt x 0,7 x 24 saat x 200 gün – 1894 kvts = 20 282 kvts) əlavə sərfiyyat hesablanmış, həmin əlavə sərfiyyatın 106 kvts hissəsi 0,07 manat, 20 176 kvts hissəsi 0,11 manat tarifi ilə hesablanaraq iddiaçıya ümumilikdə 2226,78 manat borc yazılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən borc məbləği ilə bağlı iddiaçı və cavabdeh təşkilat arasında 15.09.2020-ci il tarixdə razılaşma protokolu bağlanmış, həmin protokola görə iddiaçı 15.09.2020-ci il tarixində 300 manat, 26.09.2020ci il tarixində 200 manat ödəniş həyata keçirmiş, 20.10.2020-ci il tarixindən etibarən hər ayın 20-də aylıq sərfiyyatdan əlavə 100 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan "xxxx" ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış 2219,36 manat borcun tam məbləği baxımından cavabdeh təkilat bunu sübut edə bilməmişdir. Çünkü cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin elektrik enerjisi ilə təchizatını (hesablaşmanı) təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; bu isə o deməkdir ki, sayğaca məhz onun tərəfindən müdaxilə edilmiş olunduğunu sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyan cavabdeh təşkilat sübuta yetirməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Kollegiyanın qənaətinə görə "xxxx" ASC iddiaçının evindən kənarda – küçədə quraşdırılmış sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunduğunu və onun kənar xətdən istifadə etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir və 18.05.2020-ci il tarixli akt iddiaçının, habelə hal şahidlərinin iştirakı olmadan tərtib edildiyindən bu halı şübhədənkənar şəkildə təsdiq edən sübut kimi qəbul edilə bilməz; bununla belə, həmin aktın tərtibindən sonra iddiaçının davranışı, razılaşma protokolu bağlaması, akta görə hesablanan borcun bir hissəsini ödəməsi və işin ümumi halları belə qənaətə gəlməyə əsas verir ki, o, enerjidən sayğacdankənar istifadə etdiyini etiraf etmiş, müvafiq tarixdə tərtib edilmiş aktı mübahisələndirməmişdir. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının, barəsində tərtib olunmuş aktı mübahisələndirmədiyi və həmin aktın qüvvədə olması nəzərə alınmaqla akt əsasında hesablanmış məbləğin düzgün olubolmadığına qiymət verilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının evindəki kənar xətdən axan yükün 6,6 kvt təşkil etdiyi aşkarlanmış, hesabat dövrü 200 gün nəzərə alınmaqla və sayğacın göstəricisi olan 1894 kvts çıxılmaqla müvafiq hesablama aparılmışdır; halbuki, sayğacdan kənar xəttin məhz aktın tərtib olunmasından 200 gün əvvəldən mövcud olduğu sübuta yetirilməməklə yanaşı, inandırıcı da deyildir. Çünkü həm “Elektrik enerjisindən istifadə Qaydaları”na, həm də bilinən işgüzar praktikaya görə elektrik enerjisi təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməlidir. Bu isə o deməkdir ki, əgər iddiaçı kənar xətdən istifadə etmişdirsə, bu hal sayğaca baxış keçirən nəzarətçi tərəfindən həmin baxış zamanı aşkar edilməlidir. İddiaçıya aid olan və iş materiallarına əlavə edilmiş “abunə haqqında” adlanan sənəddən aydın olur ki, iddiaçının evinə sayğac 24.10.2019-cu il tarixdə quraşdırılmış, bundan sonra hər ay sayğacın göstəricisi oxunmuş və göstəricilərə uyğun ödəniş həyata keçirilmiş, 18.05.2020-ci il tarixli akt tərtib edilməmişdən 3 gün əvvəl, yəni 15.05.2020-ci il tarixdə sayğacın göstəricisi 1835 kvts olaraq çıxarılmışdır (oxunmuşdur). Bu mənada kollegiya hesab edir ki, iddiaçının yalnız 3 gün müddətində sayğacdan kənar xətdən istifadə etdiyi qənaətinə gəlinə bilər və məhz bu dövr üçün enerji itkisinin hesablanması daha ağlabatandır. Başqa sözlə, əgər kənar xəttin hansı tarixdən çəkildiyini müəyyənləşdirmək mümkün deyildirsə, bu halda istehlakçıdan yalnız, müvafiq pozuntunun aşkar edildiyi bildirilən tarixdən sayğaca baxış keçirilən əvvəlki tarix intervalında olan dövr üçün ödəniş tələb oluna bilər. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, 18.05.2020-ci il tarixli akt əsasında iddiaçıya hesablanmalı olan əlavə sərfiyyat 332,64 kvts (6,6 kvt x 0,7 x 24 saat x 3 gün) təşkil edə bilər və bu sərfiyyatın dəyəri 23,3 manatdır (332,64 kvts x 0,07 manat). 18 may 2020-ci il tarixli akt əsasında hesablanmış 106 kvts əlavə sərfiyyatı (7,42 manat borcu) mübahisələndirmədiyini və həmin məbləğin iddiaçının hesabından silinmədiyini nəzərə almaqla kollegiya hesab edir ki, 23,3 manatın bu məbləğdən artıq olan hissəsi (15,88 manat) istisna olmaqla ondan tələb edilən əlavə sərfiyyat məbləği, yəni 2203,48 manat iddiaçının abunə hesabından silinməlidir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının sözügedən akt əsasında həyata keçirdiyi 500 manatın 484,12 manatının onun abonent hesabına qaytarılmalı olması nəticəsinə gəlir (500 – 15,88 = 484,12 manat) və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-502/2021 saylı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi "xxxx" ASC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə məhəllə ünvanına (abonent kodu **********20001) əsassız hesablanmış 2219,36 manat borcun silinməsi” və “həmin akt əsasında ödənilmiş 500 manat məbləğində pulun onun **********20001 saylı abonent hesabına qaytarılması” hissələrində dəyişdirilsin. "xxxx" ASC tərəfindən 18.05.2020-ci il tarixli akt əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Təzə məhəllə ünvanına (abonent kodu **********20001) hesablanmış 2203,48 (iki min iki yüz üç manat 48 qəpik) manat borc silinsin və həmin akt əsasında ödədiyi 500 manatın 484,12 (dörd yüz səksən dörd manat 12 qəpik) manatı İddiaçı **********20001 saylı abonent hesabına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar