Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7547/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X5 qarşı iş üzrə (Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X5 qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(010)-3458/2022 saylı qətnaməsindən İddiaçı SŞ ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Sığorta Şirkəti ASC-nin 05 mart 2014-cü il tarixli, 004832 saylı Sığorta aktındakı məlumatlara əsasən, 26 sentyabr 2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus «Volkswagen Polo» minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil aşmış və nəticədə avtomobildə olan sərnişin X6 ölmüşdür. Vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən ölümə görə sığorta məbləği 5000 manat müəyyən edilmiş, Cavabdeh bank hesabına 2500 manat, X3 hesabına isə 2500 manat köçürülmüşdür.
2. Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 fevral 2013-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 26 sentyabr 2013-cü il tarixdə ölmüşdür.
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 1(010)- 38/2014 saylı hökmünə əsasən, X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddiaçı Cavabdeh X4 qarşı mülki iddiası baxılmamış saxlanılması hökm edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2014-cü il tarixli, 1(103)-786/2014 saylı qərarı ilə Suraxanı Rayon Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 1(010)-38/2014 saylı hökmü dəyişdirilmiş, həmin hökmdən mülki iddiaçı Cavabdeh mülki iddiasının baxılmamış saxlanılmasına dair hissəsi ləğv edilmiş və S.Şərifovun vermiş olduğu mülki iddiadan imtina etməsi ilə bağlı onun mülki iddiası üzrə icraata xitam verilmiş, ona cinayət mühakimə icraatında təkrar iddia vermək hüququnun olmaması izah edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2500 manat, Cavabdeh 2500 manat pulun və 45,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(010)-38/2014 saylı hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(103)- 786/2014 saylı qərarı ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(010)- 38/2014 saylı hökmü dəyişdirilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(010)-38/2014 saylı hökmündə zərərçəkmiş şəxsin hüququ varisi kimi Cavabdeh tərəfindən verilmiş izahatdan məlum olmuşdur ki, təqsirləndirilən şəxs X7 tərəfindən Cavabdeh 2500 manat və X5 isə 2500 manat məbləğində pul ödənilmişdir. Bununla bağlı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh və X3 şəxsi bank hesabınlarına hər birinə 2500 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda məlum olmuşdur ki, Cavabdeh və digər cavabdeh X8 heç bir qanunu əsas olmadan əsassız varlanmışlar.
7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(010)-3458/2022 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1095, 1096.1, 1096.2, 1108.1, 375.2-ci, «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 32.1.3, 14.1.3, 14.2.1, 19.4-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında, eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35,40 manat dövlət rüsumunun Cavabdeh və X2 müştərək qaydada İddiaçı SŞ ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyin tələbinə görə, iddiaçı öz hüququnun məlum olduğu andan ən geci iki il ərzində məhkəyə müraciət etmək hüququna malikdir. İş materiallarında olan məhkəmə qəbzinin surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(010)-38/2014 saylı hökmü xx.xx.2021-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi iddia ərizəsində qeyd edilən əsaslar Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(010)-38/2014 saylı hökmü daxil olduqdan sonra məlum olmuş və iddia tələbi verilən zaman qanunvericilkdə nəzərdə tutulmuş 2 il müddət ötürülməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən mülki iş araşdırılan zaman iddiaçının təqdim etdiyi sübutlara mötəbər sübutlar kimi yanaşılmamış, mülki iş tam obyektiv və dəqiq araşdırılmamışdır. İddiaçı tərəf hökmdən məlumatsız olduğunu qeyd etsə də, ona sığorta hadisəsi, o cümlədən sığorta ödənişinin aparılması vaxtı bəlli olmuşdur və bununla bağlı olaraq hökmün mövcud olub-olmaması barədə məhkəməyə müraciət etməmişdir. Lakin cinayət işinin gedişatı zamanı İddiaçı SŞ ASC işə cəlb edilməmiş və cinayət işinin gedişatı zamanı zərərvuran şəxsin zərərçəkən şəxsə hər hansı bir ödəmə etməsi barədə xəbərdar olmamışdır. İddiaçı tərəf hesab edir ki, qətnamə qəbul edən zaman Suraxanı Rayon Məhkəməsi mülki işi dəqiq və konkret araşdırmamış və bununla da qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
«İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu
23. Maddə 32.1.3. Mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi hissəsinin İİİ Fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində ücüncü şəxsin sağlamlığına zərər vurulduqda, bir şərtlə ki, zərərçəkən zərərin əvəzinin ödənilməsi ilə bağlı zərərvurana qarşı tələb irəli sürməsinə baxmayaraq, bu tələb təmin edilməmiş olsun.
24. Maddə 14.1.3. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün şəxsin ölümü halı hesab edilir.
25. Maddə 14.2.1. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi - 100 faiz.
26. Maddə 19.4. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. İddiaçı tərəfindən qətnamə mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İddiaçının apellyasiya şikayətinin ilk növbədə dəlilləri ondan ibarətdir ki, iddiaçı qeyd edilən cinayət işi üzrə hər hansı şəxs qismində cəlb edilməmiş, məhkəmənin hökmündən xəbəri olmamışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsaslı saymır. Belə ki, Sığorta Şirkətinin qeyd olunan cinayət işi üzrə prosessual şəxs qismində cəlb edilməsinə hər hansı qanuni əsas olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, iddiaçı həmin yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilin aşması nəticəsində sərnişinin ölməsi ilə əlaqədar mərhumun ailə üzvlərinə sığorta ödənişini həyata keçirmişdir. Göründüyü kimi, sığorta şirkəti tərəfindən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan şəxs və s.) araşdırılaraq, bu barədə salahiyyətli orqanın məlumatı əldə edilərək sığorta ödənişi həyata keçirilmişdir. Belə olduğu halda sığorta şirkətinin həmin yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işinin istintaqının nəticəsindən, bu işə dair məhkəmənin yekun aktından xəbəri olmaması inandırıcı deyildir.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf hökmdən məlumatsız olduğunu qeyd etsə də, ona sığorta hadisəsi, o cümlədən sığorta ödənişinin aparılması vaxtı bəli olmuş və həmin yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qəbul edilmiş hökmün əldə edilməsi üçün məhkəməyə müraciət etməmişdir.
40. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 17.1. İcbari sığorta ödənişi o cümlədən, aşağıdakı sənədlər əsasında həyata keçirilir: 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış;
41. 17.1.7. müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;
42. 17.4. Sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.
43. Həmin Qanunun 58.3-1-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir.
44. İddiaçının apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş araşdırılan zaman iddiaçının təqdim etdiyi sübutlara mötəbər sübutlar kimi yanaşılmamış, mülki iş tam, obyektiv və dəqiq araşdırılmamış, qətnamə qəbul edən zaman işin halları dəqiq və konkret araşdırılmamış və bununla da qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul edilmişdir.
45. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən dəlilləri də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə çəkişmə prinsipinə riayət edərək, həm iddiaçı, həm cavabdeh tərəfin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət vermiş, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
46. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3458/2022 saylı iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdiilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.