Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7554/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2, cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-770/2021 saylı, 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı alqı-satqısı müqaviləsinin etibarsız sayılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında “Kia Sportage minik” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş “AB816906” nömrəli, 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin etibarsız sayılması və həmin nəqliyyat vasitəsinin cavabdehlərdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında “Kia Sportage minik” markalı, “**-LT- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş “AB816906” nömrəli, 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi və həmin nəqliyyat vasitəsinin Cavabdeh2 alınıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş №2(003)-770/21) iddia təmin olunaraq mübahisələndirilən avtomobilin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin avtomobilə dair Cavabdeh1 adına olan qeydiyyat və ona verilmiş qeydiyyat şəhadətnaməsi ləğv olunmuş, avtomobilin cavabdehlərdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı qızı X1 Xəyyam Nizami oğlu adlı şəxslə 2010-cu ildən qeyri-rəsmi ailə münasibəti quraraq yaşamışdır. X4 2011-ci ildə özünə 25000 manata “Kia Sportage minik” markalı, “90-LT575” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almış və avtomobili onun adına qeydiyyata aldırmışdır. Samirənin xahişi ilə o, Samirə ilə birlikdə yaşayan Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Lakin hüquqi savadı olmadığından nəyə imza etdiyini bilməmişdir. 2020-ci ilədək X8 Əsədov ilə bir yerdə yaşamış, lakin hazırda münasibətləri pozulmuşdur. Son vaxtlar onlara məlum olmuşdur ki, Cavabdeh2 onun verdiyi həmin etibarnamədən istifadə edərək sözügedən avtomobili 22.09.2012-ci il tarixdə alqı-satqı müqaviləsi ilə digər Cavabdeh1 satmışdır. Alqı-satqıdan sonra Cavabdeh1 Cavabdeh2 adına yenidən etibarnamə vermişdir. Xəyyam onun verdiyi etibarnamədən istifadə edərək dolayısı ilə avtomobilə özü sahiblənmiş, etibarnamədən öz məqsədləri üçün sui-istifadə etmişdir. Buradan görünür ki, Xəyyam onu aldadaraq nəqliyyat vasitəsinin satılması üçün etibarnamə əldə etmiş, iradəsi olmadan alqı-satqı müqaviləsi bağlamış, avomobili guya yaxın dostuna satmaqla özü mənimsəmişdir. Bütün bunlar əsas verir ki, mübahisəli avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılsın və avtomobil iddiaçının mülkiyyətinə qaytarılmaqla cavabdehlərdən alınaraq ona verilsin və ya həmin avtomobilin dəyəri ona ödənilsin. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 iddianı qəbul etməmiş və iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək izahatında bildirmişdir ki, 2010-cu ildə X4 ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. 2012-ci ildə Babək prospektində yerləşən avtomobil satışı mağazasından 21500 manat məbləğində pula “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobil almış və 1ci nikahdan olan arvadı ilə boşanma işi olduğundan avtomobili razılıq əsasında Samirə Heydərovanın xalası İddiaçı adına rəsmiləşdirmişdir. Sonra Samirə və Dünyaxanım ilə birlikdə notariat kontoruna gedərək avtomobili Seymurun adına keçirmişlər və Seymurdan 20000 manat məbləğində pul götürərək Samirəyə ev almışdır. Lakin avtomobil alındığı gündən hal-hazıradək onda olmuş və avtomobili o, idarə etmişdir. Bundan bir qədər sonra Samirə avtomobili birgə yaşadıqları müddətdə aldıqları üçün ona verməli olduğunu bildirmiş, verməyəcəyi halda onu şərləyəcəyini demişdir. Bundan sona Samirə ondan polisə şikayət etmişdir. Avtomaşının alqı-satqı müqaviləsi 9 il əvvəl bağlanmışdır və iddiaçının həmin müqavilənin bağlanmasından məlumatı olmuş, lakin bu illər ərzində iddia tələbi irəli sürməmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 2012-ci ilin yay aylarında “Kia Sportage minik” markalı, “**-LT-***” dövlət qeydiyyat nişanlı avtomobili onun adına keçirmək istəmişdir. Sonra Xəyyam ondan 20000 manat məbləğində borca pul almış və avtomobili onun adına keçirtmişdir. Xəyyam pulu alarkən 29000 manata Samirənin adına ev aldığını demişdir. O, həmin günü də avtomobili idarə etmək üçün Xəyyama etibarnamə vermişdir. Həmin avtomobil onun adında olsa da, həmişə Xəyyamın istifadəsində olmuşdur. Pulu aldıqdan 6 ay sonra Xəyyam ona olan borcunu qaytarsa da, avtomobil onun adında qalmışdır. Onun ümumiyyətlə həmin alqı-satqı zamanı avtomobil almaq fikri olmamışdır. Qeyd olunanalara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan BDYPİ tərəfindən məhkəməyə ünvanlanmış 016- 28340-1221 saylı, 15.03.2021-ci il tarixli məktuba əlavə edilmiş komputer çıxarışından görünür ki, “Kia Sportage minik” markalı avtomobil 29.07.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə “**-LT-***” dövlət qeydiyyat nişanı və AB seriyalı 629575 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin avtomobilə dair X3 29.07.2011-ci il tarixdən 29.07.2061-ci il tarixədək, Cavabdeh2 29.07.2011-ci il tarixdən 21.05.2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobil 28.09.2012-ci il tarixdə Cavabdeh2 adından qeydiyyatdan çıxmış, 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi”nə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra həmin avtomobilə dair Cavabdeh2 22.09.2012-ci il tarixdən 21.05.2019-cu il tarixədək etibarnamə verilmişdir. Həmin avtomobilə dair Cavabdeh2 etibarnaməsinə 28.09.2012-ci ildə xitam verilmişdir. Sonuncuya verilən etibarnamənin müddəti 23.05.2019-cu ildən 14.05.2029-cu ilədək uzadılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin və qətnamənin əsassız olması ilə əsaslandırılmışdır. Cavabdeh apellyasiya şikayətində göstərir ki, o, iddiaçının bacısı qızı Samirə Heydərova ilə 2010-cu ildən faktiki ailə kimi yaşamış və birgə yaşadıqları dövrdə özünə 2011-ci ildə 21500 manata “Kia Spartage” markalı, AZ90LT575 dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Əvvəlki ailəsi ilə boşanma işi olduğundan avtomobili S.Heydərovanın xalası İddiaçı adına rəsmiləşdirmişdir. Sonra isə faktiki yaşadığı S.Heydərovaya mənzil alarkən dostu Seymurdan 20000 manat pul götürmüş və bunun əvəzində avtomobili onun adına rəsmiləşdirmişdir. Sonradan Seymura olan borcunu ödəmiş, lakin əlavə xərc olduğu üçün avtomobili öz adına rəsmiləşdirməmişdir. Bundan əlavə, avtomobili iddiaçının bacısı qızının alması yalandır. O, qeyd olunan dövr ərzində rəsmi qaydada sahibkarlıqla məşğul olmuşdur. S.Heydərova sürücülük vəsiqəsini 2015-ci ildə almış və öz istifadəsi üçün 2017-ci ildə 2008-ci il buraxılışlı “Nissan X.Trail” markalı avtomobil almışdır. Belə olan halda sual yaranır ki, əgər mübahisələndirilən avtomobil S.Heydərova məxsus idisə, özünə niyə başqa avtomobil alırdı. X5 iddia olunan avtomobili heç vaxt idarə etməyibdir. Cavabdeh və onun nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiyainstansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, mübahisəli “Kia Sportage” minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.07.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, İddiaçı 28 avqust 2012-ci il tarixdə həmin avtomobil üzərində sərəncam verilməsi və s. barədə Cavabdeh2 adına notariat qaydasında təsdiq olunmuş etibarnamə vermiş və Cavabdeh2 həmin etibarnamənin əsasında 22 sentyabr 2012-ci il tarixdə avtomobilin alqısatqısına dair digər Cavabdeh1 ilə müqavilə bağlamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra avtomobil Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 avtomobili mülkiyyətinə qəbul etdikdən sonra Cavabdeh2 adına avtomobilin idarə olunması və s. dair etibarnamə vermişdir. İddiaçı avtomobilin faktiki sahibinin bacısı qızı Samirə Heydərova olduğunu, bacısı qızının razılığı ilə avtomobilin idarə olunması üçün onun faktiki ailə kimi yaşadığı Cavabdeh2 etibarnamə verdiyini, avtomobil üzərində sərəncam verilməsinə dair Cavabdeh2 hər hansı səlahiyyət vermədiyini, Cavabdeh2 onu aldatdığını, formal alqı-satqı müqaviləsi bağlamaqla avtomobili Cavabdeh1 adına keçirdiyini, hazırda Cavabdeh2la bacısı qızının münasibətlərinin pozulduğunu bildirərək hazırkı iddianı qaldırmışdır. İddiaçının dəqiqləşdirilmiş son tələbi alqı-satqı müqaviləsinin etibarsız sayılması, qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və nəqliyyat vasitəsinin Cavabdeh2 alınıb ona verilməsi barədədir. İddiaçı tələbini mübahisələndirdiyi müqavilənin görünüş üçün bağlanması, həqiqi niyyəti ifadə etməyən yalan əqd olması ilə əsaslandırmış və Mülki Məcəllənin 152.1, 337, 386.1-ci və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlandığı qənaətinə gələrək iddianı təmin etmiş və mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340.1-ci və s. maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Cavabdeh mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasından 9 il keçdiyini, bu müddət ərzində ona qarşı hər hansı tələb irəli sürülmədiyini, iddiaçının həmin müqavilənin bağlanmasından məlumatlı olduğunu bildirərək iddia müddətinin tətbiq olunması barədə ərizə versə də, məhkəmə tələb üzrə iddia müddətinin keçmədiyi qənaətinə gəlmiş və qeyd etmişdir ki, avtomobil Cavabdeh2 sahibliyində olduğundan iddiaçı keçən müddət ərzində alqı-satqıdan xəbərsiz olmuş, xəbər tutan kimi 02.10.2020-ci il tarixdə şikayət ərizəsi ilə Xəzər rayon DYP şöbəsinə müraciət etmiş, avtomobili geri tələb etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, nəticədə maddi hüquq normaları düzgün tətbiq olunmamış və iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı özünü mübahisəli avtomobilin əsil sahibi saymır və avtomobilin bacısı qızı Samirə Heydərovaya məxsus olduğunu bildirir. Lakin iş materiallarından göründüyü kimi, Samirə Heydərova tərəfindən Cavabdeh2 qarşı avtomobillə bağlı hər hansı tələb irəli sürülməmişdir. İddiaçının əsas dəlillərindən biri ondan ibarətdir ki, o, Cavabdeh2 yalnız avtomobilin idarə olunması üçün etibarnamə vermiş, avtomobil üzərində sərəncam verilməsi ilə bağlı ona hər hansı səlahiyyət verməmişdir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və hesab edir ki, qeyd olunan hala qiymət vermək üçün etibarnamənin mülki hüquqda müəyyən edilmiş və formalaşmış təsnifatına diqqət yetirmək kifayətdir. Mülki hüquqda nümayəndəyə verilən səlahiyyətin həcminə və məzmununa görə etibarnamənin 3 növü fərqləndirilir: -ümumi etibarnamə; -xüsusi etibarnamə; -birdəfəlik etibarnamə. Ümumi etibarnamə odur ki, o, nümayəndəyə əhatə dairəsi geniş və müxtəlif olan əqdlərin bağlanmasına və digər hüquqi hərəkətlərin yerinə yetirilməsinə səlahiyyət verir. Bu cür etibarnamə adətən, təmsil olunanın əmlakının idarə olunması və ona sərəncam verilməsi üçün verilir. Ümumi etibarnamə imkan verir ki, nümayəndə istənilən 3-cü şəxs qarşısında nümayəndəlik funksiyasını həyata keçirsin, mümkün olan, qanunla nəzərdə tutulan bütün əqdləri bağlasın və digər hüquqi hərəkətləri yerinə yetirsin. Xüsusi etibarnamə odur ki, o, nümayəndəyə müəyyən sahədə və ya eyni növlü bir neçə hüquqi hərəkətin yerinə yetirilməsinə səlahiyyət verir. Məs:əmanətçi öz qardaşına əmanətə və onun faizinə sərəncam verilməsi barədə etibarnamə verir. Birdəfəlik etibarnamə odur ki, o, nümayəndəyə yalnız konkret əqd bağlamaq və digər hüquqi hərəkətləri yerinə yetirmək üçün səlahiyyət verir. Məs:yalnız alq-satqı müqaviləsini bağlamaq və imzalamaq, yaxud yalnız ipoteka müqaviləsini bağlamaq və imzalamaq və s. Məhkəmə kollegiyası qeyd edir ki, 28.08.2012-ci il tarixli etibarnamədə cavabdehə mübahisəli avtomobilin idarə olunması ilə yanaşı onun üzərində sərəncam vermək və s. barədə də səlahiyyət verilmişdir. Cavabdeh2 digər cavabdehlə alqı-satqı müqaviləsini bağlayarkən etibarnamə üzrə verilən səlahiyyətlərdən kənara çıxmamış, səlahiyyət həddini aşmamışdır. İddiaçının başqa bir dəlili mübahisəli avtomobilin alqı-satqısına dair 2012-ci ildə bağlanmış müqavilədən 2020-ci ildə xəbər tutması barədədir. Məhkəmə məhz iddiaçının bununla bağlı izahatını mötəbər sübut kimi qəbul edərək tələb üzrə iddia müddətinin keçmədiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 28.08.2012-ci il tarixli etibarnamədə cavabdehə mübahisəli avtomobilin idarə olunması ilə yanaşı onun üzərində sərəncam vermək və s. barədə də səlahiyyət verildiyindən və etibarnamə üzrə verilən səlahiyyətlər etibar edilənə mübahisəli avtomobilə dair qanunla icazə verilən bütün əqdləri bağlamaq hüququ verdiyindən iddiaçının etibar edilənin (təmsil edənin) bağladığı həmin əqdləri onların bağlandığı gündən mübahisələndirmək hüququ olmuşdur. Yəni, əqdin bağlandığı tarix iddiaçının hüququnun pozulduğunu bilməli olduğu gündür. Məhz buna görə də onun üçün iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. Lakin o, bu hüququndan vaxtında istifadə etməyərək 28 avqust 2012-cı ildə bağlanmış müqavilələrin etibarsızlığı barədə 09 dekabr 2020-ci ildə, yəni 8 ildən sonra iddia qaldırmışdır. Halbuki, etibarsızlıqla bağlı mübahisələndirmə müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulmuşdur. İşin 39-cu vərəqində olan ərizədən görünür ki, cavabdeh hazırkı mübahisəyə əqdlərin etibarsızlığı ilə bağlı iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, Cavabdeh2 və iddiaçının bacısı qızı Samirə Heydərova 2010-cu ildən faktiki nikah münasibətində olmuş, 2020-ci ildə münasibətləri pozulmuşdur. Məhz onların münasibətləri pozulduqdan sonra İddiaçı hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı mübahisəli avtomobilin alqısatqısından xəbərdar olmuş və həmin müqavilənin etibarsızlığı ilə bağlı mübahisə açmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən iddia tələbini əsassız sayır və işin yuxarıda göstərilən faktiki hallarını, apellyasiya şikayətinin dəlillərini və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv olunmalı, apellyasiya baxışı zamanı müəyyən edilən hallar və sübutlar əsasında yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kia Sportage” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 22.09.2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş “AB816906” nömrəli, 22.09.2012-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi və həmin nəqliyyat vasitəsinin Cavabdeh2 alınıb ona təhvil verilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7554/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7554/2021
29.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver