Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7564/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X3 və "xxxx" Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2798/2021 saylı 20 may 2021-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (X3 və "xxxx" Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinə istifadə hüququnun maneəsiz həyata keçirilməsinin tanınması, cavabdeh tərəfindən iddiaçının istifadə hüququna edilmiş maneələrin aradan qaldırılması və dövlət rüsumu üçün ödənilmiş 10 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçının atası X3 "xxxx" Mənzil-Tikinti Kooperativindən qızı İddiaçı bağışlamaq üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov 28L ünvanında yerləşən 16 saylı binanın 1 №-li, 32 kv.m. olan qeyri-yaşayış sahəsini satın almış və onun adına rəsmiləşdirmişdir. 22.08.2019-cu ildə "208-saylı Ə.C.” Mənzil-Tikinti Kooperativinin sədri X4 ilə bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifariş”çiyə satmağı, "Sifarişçi” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə görə “Sifarişçi”yə verilən İ mərtəbəsində yerləşən sahə 32 kv.m. nəzərdə tutulmuş və ümumi dəyəri 45.000 (qırx beş min) manat təşkil etmişdir. 2.2-ci maddəyə uyğun olaraq “Sifarişçi” aldığı sahənin dəyərini müqavilə bağlanan vaxt ilkin ödəniş qaydasında tam şəkildə ödəmişdir. 2.3-cü maddəyə əsasən “İcraçı” ödəniş haqqında 22.08.2019-cu il tarixli, 5 №-li maliyyə arayışı (ödəniş haqqında sənəd) vermişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsində gözəllik salonu kimi fəaliyyət göstərmişdir, Vergilər Nazirliyində fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və adına ********** VöEn vardır. Həmin qeyri-yaşayış sahəsinin istifadəsi üçün lazımi bütün əməliyyatları özü aparmışdır. Belə ki, 25.02.2020-ci il tarixli “Daşınmaz Əmlakın İstismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" Seriya BB № 345394 və Seriya CA № 116359 Şəhadətnamələri iddiaçının adınadır və "xxxx" MMC-nin xidmətdən istifadə ilə bağlı 23 mart 2020-ci il, 346 №-li saylı arayışından da görünür ki, İddiaçı bu xidmətləri mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması üçün almışdır. Lakin, keçmiş həyat yoldaşı Cavabdeh 2020-ci il ilin avqust ayında qanunsuz və əsassız olaraq gözəllik salonuna gələrək oradakı işçiləri və müştəriləri təhqir edərək onları qovmuş, qapının qıfılını isə dəyişdirmiş, İddiaçı mülkiyyətində olan obyektdən qovaraq bu günə kimi istifadəsinə maneəçilik yaratmışdır. Hazırda İddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Cavabdeh ona süni maneələr yaradır və mülkiyyət hüququnu məhdudlaşdırır. İddiaçı cavabdehin bu hərəkətlərindən dəfələrlə Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə şikayət etsə də, nəticəsi olmamışdır. Odur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinə istifadə hüququnun maneəsiz həyata keçirilməsinin tanınması və Cavabdeh tərəfindən edilən maneələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2798/2021 saylı 20 may 2021-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (X3 və "208-saylı Ə.C.” Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) "maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28 L ünvanında çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinin istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak faktiki olaraq paylı mülkiyyət olduğundan həmin əmlakın idarəedilməsi ilə bağlı hər bir tərəfin razılığı tələb edilir. Məhkəmə bu məsələyə də qiymət verməyərək iddiaçının əsassız iddiasını təmin etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 22 avqust 2019-cu il tarixli müqavilə ilə, "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X4 ilə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifariş”çiyə 45.000 manata satmağı, "Sifarişçi” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, sığorta şəhadətnaməsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta olunmuşdur. 25 fevral 2020-ci il tarixli, CA116359 saylı Daşınmaz Əmlakın İstismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsindən aydın olur ki, sığortaçı qismində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, daşınmaz əmlakın sahibi (sığortalı) qismində İddiaçı çıxış etdiyi sığorta müqaviləsində sığorta obyektini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsi təşkil edir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli, 5 №li maliyyə arayışından (ödəniş haqqında sənəd) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L küçəsində inşa edilən 16 saylı kooperativ yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın İ mərtəbəsindəki ümumi sahəsi 32 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun "xxxx" Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X4 arasında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifariş”çiyə satmağı, “Sifarişçi” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının keçmiş həyat yoldaşı Cavabdeh 2020-ci il ilin avqust ayında qanunsuz və əsassız olaraq gözəllik salonunun qapısının qıfılını dəyişdirmiş, İddiaçı onun mülkiyyətində olan obyektdən istifadəsinə maneələr yaratmışdır. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlak iddiaçının sahibliyində və istifadəsində olduğundan, onun hüquqları qanunsuz olaraq cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2798/2021 saylı 20 may 2021-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7564/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7564/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver