Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7571/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Oqtay qızının Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin icrasına məcbur edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Oqtay qızı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla MMC arasında bağlanmış 04 aprel 2019-cu il tarixli 652 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişində 1 ədəd işlək vəziyyətdə olan sərnişin liftinin quraşdırılması və ərazinin abadlaşdırılması vəzifəsinin MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 04 aprel 2019-cu il tarixdə MMC ilə müqavilə bağlamış, müqaviləyə əsasən Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 12, ümumi sahəsi 96.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 82 saylı mənzilinin tikintisini MMC-nə həvalə edərək, müqavilədə göstərilmiş 91 675 manat məbləği ödəməyi, MMC isə tikintiquraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi öhdələrinə götürmüş, tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Cavabdeh tərəfindən inşa edilən binada təmir-tikinti işləri aparıldığı zaman cavabdehə yeni sərnişin liftinin nə zaman quraşdırılacağı barədə dəfələrlə verilmiş suallara cavab olaraq tikinti işləri tamamilə yekunlaşdıqdan sonra binanın yeni liftlə təmin olunacağı bildirilmiş, lakin təmirtikinti işləri tamamilə yekunlaşdıqdan sonra yaşayış binasına istismara yararsız sərnişin lifti quraşdırılmışdır. Sakinlər tərəfindən həmin liftin quraşdırılmasına etiraz edilsə də, cavabdeh buna məhəl qoymamış, yeni tikilmiş yaşayış binasına istismara yarasız vəziyyətdə olan lift quraşdırılmışdır. O və binada yaşayan digər sakinlər tərəfindən dəfələrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilmiş, Nazirliyin əməkdaşları tərəfindən liftə yerində baxış keçirilmiş, lift bina sakinlərinin həyatı üçün ciddi təhlükəli və istismara yararsız olduğundan bağlanmış və istifadəsi qadağan olunmuşdur. Lakin həmin liftdən istifadə edilməsinin sakinlərin həyatı üçün ciddi təhlükə olduğunu bilə-bilə bir müddət sonra cavabdeh tərəfindən lift yenidən sakinlərin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Naizrliyi tərəfindən verilmiş 18.08.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Yaşadığınız ünvan 1 ünvanında köhnə qəzalı vəziyyətdə olan liftlərin quraşdırıldığı və hər iki liftin yararsız vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş müraciətiniz Agentliyin mütəxəssisləri tərəfindən 04.08.2020-ci il tarixində “Evrostroy-S" MMC-nin komendantı Abuzər Şükürovun və Sizin iştirakınızla yerində araşdırılmış və akt tərtib edilmişdir. Araşdırma zamanı qeyd olunan ünvanda istismar olunan liftlərin texniki sənədləri təqdim olunmadı. Liftlərdə bir sıra ciddi texniki nasazlığın aşkar olunduğu və liftlərə servis xidməti göstərmək üçün ixtisaslaşdırılmış təşkilatla müqavilənin olmadığı, təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi müəyyən olunmuş və liftlərin istismarı qadağan edilmişdir. Liftlərin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki servis xidməti göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilat ilə müqavilənin bağlanması, aşkar olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması və texniki pasportları Agentliyə təqdim edilməsi "Evrostroy-S” MMC-nin rəhbərliyindən tələb olunmuşdur. Sözügedən liftlərin yenisi ilə əvəz olunması Agentliyin səlahiyyətinə aid deyildir” Bundan əlavə, yaşadığı binanın ərazisində heç bir abadlaşdırılma işləri də aparılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X2 Agentliyi haqqında” Əsasnamənin 7.2-ci bəndinə əsasən, Agentlik onun səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti funksiyalarını həyata keçirir. Əsasnamənin 8-ci bəndinə əsasən, Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: Energetika obyektlərinin, metallurgiya və təzyiq altında işləyən avadanlıqların, buxar qazanlarının və qabların, buxar və isti su kəmərlərinin, yükqaldıran qurğuların və liftlərin, eskalatorların, funikulyorların, sərnişin və yük asma kanat yollarının, mexanikləşdirilmiş attraksionların qeydiyyatını aparmaq və onların təhlükəsiz istismarına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək. Göründüyü kimi liftlərin qeydiyyatını aparmaq və onların təhlükəsiz istismarına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək vəzifəsini daşıyan Agentlik tərəfindən liftlərin istismara yararsız vəziyyətdə olması bir daha təsdiq olunmuşdur və beləliklə də cavabdeh istismara yararsız liftləri quraşdırmaqla və istismara buraxmaqla bina sakinlərinin həyatını açıq-aşkar, qərəzli şəkildə təhlükədə qoyur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh MMC-nin direktoru apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakları olmadan baxıldığı, məhkəmənin lazımi araşdırma aparmadan, yerində baxış keçirmədən və müvafiq ekspertizalar təyin etmədən qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmış, binanın 5-ci girişində işlək vəziyyətdə olan liftin quraşdırıldığını və ərazinin abadlaşdırıldığını irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi isə nümayəndəsini göndərməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayətinin bir dəlili də işə iştirakları olmadan baxılmış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarından aydın olur ki, Cavabdeh MMC məhkəmə prosesi barədə ümumiyyətlə məlumatlandırmamışdır. Bu o deməkdir ki, məhkəmə, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur; Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Digər tərəfdən qətnamədən aydın olur ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, “mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələbləri pozulduğundan iddia təmin edilməlidir” nəticəsinə gəlməklə qətnaməni düzgün əsaslandırmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İşin müəyyən olunan hallarına görə, İddiaçı (Sifarişçi) ilə "xxxx" MMC (Podratçı) arasında 04.04.2019-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən Sifarişçi, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 12, ümumi sahəsi 96.5 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 82 saylı mənzilinin tikintisini Podratçıya həvalə edərək müqavilədə göstərilmiş 91 675 manat məbləği ödəməyi, Podratçı isə tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirməyi öhdələrinə götürmüşlər. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, İddiaçı müqavilə üzrə ödəməli olduğu pul vəsaitini tam şəkildə ödəmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdehnə qoşularaq ləğv olunmuş, təhvil aktına uyğun olaraq "xxxx" MMC-nin bütün hüquq, vəzifə və öhdəlikləri Cavabdeh MMC-yə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 10-cu bəndinə əsasən, cavabdeh MMC ərazinin abadlaşdırılmasını, 11-ci bəndə əsasən isə bir sərnişin və bir ədəd yük liftlərinin quraşdırılması öhdəliyini üzərinə götürmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X2 Agentliyinin iş materiallarına əlavə edilmiş 18.08.2020-ci il tarixli 37/kol-00621 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında köhnə qəzalı vəziyyətdə olan liftlərin quraşdırıldığı və hər iki liftin yararsız vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş müraciət Agentliyin mütəxəsissləri tərəfindən 04.08.2020-ci il tarixində Cavabdeh MMC-nin komendatı Abuzər Şükürovun iştirakı ilə araşdırılmış və akt tərtib edilmiş, araşdırma zamanı liftlərin texniki sənədləri təqdim olunmamış, liftlərdə bir sıra ciddi texniki nasazlığın olduğu, liftlərə servis xidməti göstərmək üçün ixtisaslaşdırılmış təşiklatla müqavilənin olmadığı, təhlükəsiz istismarına cavabdeh şəxsin təyin edilmədiyi müəyyən olunmuş və liftlərin istismarı qadağan edilmiş, liftlərin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki servis xidməti göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilat ilə müqavilənin bağlanması, aşkar olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması və texniki pasportların Agentliyə təqdim edilməsi MMC-nin rəhbərliyindən tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Adı çəkilən Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə cavabdeh MMC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin münasibətlər çərçivəsində MMC öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçı müvafiq iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən iddiaçının ödədiyi dövlət rüsumu, həmçinin bank xidməti xərci də cavabdeh MMC-dən tutularaq ona ödənilməli, apellyasiya şikayəti verərkən ödədiyi rüsum məbləği isə apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC-nin direktorunun apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2102/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Oqtay qızının Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin icrasına məcbur edilmə” tələbi təmin olunsun. Cavabdeh MMC-nin üzərinə İddiaçı ilə bağlanmış 04 noyabr 2019-cu il tarixli 652 saylı müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişində 1 ədəd işlək vəziyyətdə (istifadəyə yararlı) sərnişin liftinin quraşdırılması və ərazinin abadlaşdırılması vəzifəsi qoyulsun . Cavabdehndən dövlət rüsumuna görə 30,40 (otuz manat 40 qəpik) manat alınaraq İddiaçı Oqtay qızına verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7571/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7571/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver