Məhkəmə qərarları › İş №2(103)-7576/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7576/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7576/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxx” MMC-nin direktoru Rashıdı Vahıd Bahloul oğlunun, həmçinin MMC-nin nümayəndəsi və vəkili Hüseynov Zamiq Pirverdi oğlununiştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin cavabdehlər Əliyeva Solmaz Qubat qızı və Əliyev Şahin Baratxan oğluna qarşı “xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsində faliyyətinin bərpa edilməsinə, təmir tikinti işlərinə, əşyaların alınmasına görə sərf olunan pulun, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın müştərək qaydada tutulması və otelin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2070/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC-nin cavabdehlər Əliyeva Solmaz Qubat qızı və Əliyev Şahin Baratxan oğluna qarşı xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsində faliyyətinin bərpa edilməsinə, təmir tikinti işlərinə, əşyaların alınmasına görə sərf olunan 150 000 manat, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş 120000 manat olmaqla cəmi 270 000 manatın müştərək qaydada tutulmasına, otelin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək xxxxxxxxxxx MMC rəhbərliyinin və onun əməkdaşlarının, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən sahəsi 571,9 m2 olan qeyri-yaşayış sahəsinə daxil olmasına, onların orada sərbəst hərəkətinə, iddiaçının mübahisə predmeti olan sahəyə yerləşdirilməsi, habelə cəmiyyətin normal iş fəaliyyətinə yaradılan süni maneələrin aradan qaldırılmasına və gələcəkdə belə maneələrin yaradılmasının, qanunsuz hərəkətlərin edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2070/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək onun ləğv olunmasını və ərizəsinin təmin edilməsini xahiş etmiş, şikayət məhkəmənin təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru, həmçinin nümayəndəsi və vəkili şikayəti müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, müəyyən hərəkətləri etməyi cavabdehə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddianı təmin tədbiri institutu məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olmaqla, məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. İddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Kollegiya hesab edir ki, iddiaçının görülməsini istədiyi iddianı təmin tədbiri, mahiyyəti etibarilə iddia tələblərinin təmin edilməsi mənasına gəlir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2070/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar