Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7597/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5101/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC-nin Suraxanı SKİ-nin nümayəndləri mühəndis Vəliyev Elman və nəzarətçi Həsənov Fərid tərəfindən tərtib edilmiş 09 dekabr 2021-ci il tarixli 085286 nömrəli aktda qeyd olunur ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanda abonentin sayğacdan kənar xətti aşkarlanmışdır. “Aktın doğruluğunu təsdiq edirlər” hissəsində hər iki nümayəndənin adı qeyd edilsə də, yalnız mühəndis Vəliyev Elman tərəfindən imzalanmışdır.
2. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/18 saylı məktubda qeyd olunur ki, X1 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində sözügedən ünvanın su təchizatı xəttinə baxış keçirilən zaman sayğacdan kənar xəttdən qeyri-qanuni istifadə halı aşkarlanmış və faktla bağlı olaraq 085286 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 240 kv.m sərfiyyat hesablanmışdır.
3. ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı məxsus fərdi yaşayış evində sudan qeyri-qanuni istifadə halı aşkarlanmışdır. Həmin ünvanda video görüntü qeydə alınmış və qanunsuz hərəkətlə bağlı akt tərtib edilmişdir.
4. Azərbaycan Respublikası Cavabdeh ASC-nin 18 X2 təmiri və ya dəyişdirilməsi barədə aktdan görünür ki, ünvan 3 ünvanında mexaniki su sayğacı işləmədiyindən xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir.
5. Kodu **********005 olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il üzrə 223.67 manat məbləğində cərimə hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2021-ci il tarixli 085286 nömrəli akt əsasında yazılmış 223,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron rayonu, 09 dekabr 2021-ci il tarixində ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal İdarəsinin əməkdaşları Vəliyev Elman və Həsənov Fərid tərəfindən ünvan 3 ünvanında yerləşən ona məxsus həyət evində su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və 085286 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda əsassız olaraq sayğacdan kənar su xəttinin olması qeyd edilmişdir. Halbuki bu məsələ ilə bağlı gələn 3 nəfər əməkdaş (ikisinin adı çəkilir, lakin biri imzalayıb) özü də şahid olmuşdur ki, burada hansısa qanunsuzluq yoxdur və aktın tərtib olunmaması üçün ev sahibinə onlara pul verməsini təklif etmişdir. Ümumiyyətlə, axan suyun çəkildiyi video yazı isə yalnız borunun içindəki su olub və çox qısa müddətdən sonra dayanıb. Aktın özü isə 1 həftədən də uzun olan müddətdən sonra göndərilib. Məsələ ilə bağlı tərəfindən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə elektron qaydada müraciət yönləndirilmiş və faktiki cəhətdən aktın həqiqətə uyğun olmadığı əsaslandırılmışdır. Müvafiq qurum tərəfindən müraciətinə baxılmış və daha sonra daxil olan cavablar onları qane etməmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2022-ci il tarixli 2(004)-5101/2022 saylı qətnaməsi ilə (Gülnar Babazadə) iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, H.Allahverdiyev küçəsi ev 65 (Abonent kodu: **********005) ünvanına iddiaçının adına hesablanmış 223.67 manat borcun silinməsinin Cavabdeh ASC-yə həvalə edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, aktın tərtib edilməsində ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları Elman Vəliyev və Fərid Həsənovun adları qeyd olunsa da təkcə Elman Vəliyev tərəfindən imzalanmışdır. Həmin akt tərtib olunarkən istehlakçının iştirakı təmin edilməmişdir. Əgər istehlakçı bundan imtina etmiş olsaydı belə, onun aktı imzalamaqdan imtina etməsi barədə də hər hansı qeyd göstərilməmişdir. Göründüyü kimi tərtib olunan akt qüsurlu şəkildə tərtib edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğacdan kənar xəttin çəkilməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır.
10. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 135.1, 136.4, “Su təchizatı və tullantı suları haqqında” Qanunu, “Sudan istifadə qaydaları”, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 27.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri
11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı sayğacdan kənar boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində ziyav vurmuşdur. Sudan qeyri-qanuni istifadə faktı ilə bağlı akt tərtib edilmiş və faktı təsdiq edən video çəkiliş aparılmışdır.
b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26cı maddəsinə və sudan istifadə qaydalarının 2.1.9.2-ci yarımbəndinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
18. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərilir ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Qanunun 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.
19. “Sudan istifadə qaydalar”ının 3.1.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq o nəticəyə gəlmişdir ki, akt qüsurlu tərtib edilmişdir.
29. Aktın tərtib edilməsində ''Azərsu'' ASC-in Suraxanı rayon Sukanal idarəsinin əməkdaşları Elman Vəliyev və Fərid Həsənovun adları qeyd olunsa da təkcə Elman Vəliyev tərəfindən imzalanmışdır. Həmin akt tərtib olunarkən istehlakçının iştirakı təmin edilməmişdir.
30. Cavabdeh tərəf faktı təsdiq edən video çəkilişin mövcud olduğunu göstərsə də, nə birinci instansiya məhkəməsi zamanı, nə də apelyasiya baxışı zamanı qeyd etdiyi CD diski təqdim etməmişdir.
31. İddiaçı tərəfindən sayğacdan kənar xəttin çəkilməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır.
32. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
33. Apelyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas deyildir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5101/2022 saylı iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.