Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7599/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6483/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi (maraqlı şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti cəlb edilməklə) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Başçısının 20 oktyabr 1994-cü il tarixli 1463 saylı sərəncamından çıxarışda Bağ-Tikinti Kooperativlərinin tərkibində olan siyahıda göstərilən adın İsgəndərova “Rəhan” Məmməd qızının mərhum anasına məxsus digər hüquqmüəyyənedici sənədlərdə göstərilən X2 ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(001)- 6483/2022 saylı qərardadı ilə qeyd olunan ərizənin icraatından imtina edilmiş və ərizəçiyə izah edilmişdir ki, o, ərizəsini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla təkrarən məhkəməyə müraciət edə bilər. Hazırda ərizəçi qeyd olunan qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, onun anasının adında olan səhvlik, yəni “Rehan” adının onun sənədləşdirmə işlərində müəyyən problemlər yaratmışdır. O, məhkəmədən həmin sənədin eyni şəxsə məxsus olmasının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etməmişdir. Maraqlı şəxs Başçısının Aparatının arxiv arayışında göstərilən, yəni Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20 oktyabr 1994-cü il tarixli 463 saylı sərəncamından çıxarışda Bağ-Tikinti Kooperativlərinin tərkibində olan siyahıda göstərilən adın İsgəndərova “Rəhan” Məmməd qızının mərhum anasına məxsus digər hüquqmüəyyənedici sənədlərdə göstərilən X2 ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsni xahiş etmişdir. Yəni, anasının adında olan səhvlik onun bütün sənədləşdirmə işlərində probləmlər yaradır. O, əlil adamdır, məhkəmə süründürməçiliyə yol verir. Hətta ərizəsində harda səhv etməyini maraqlansa da sualına cavab vermirlər. Bununla bağlı, Bakı İnzibati Məhkəməsinə də müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində də bildirilmişlər ki, fakt təsdiqi kimi rayon məhkəməsinə verilməlidir. Hüquqi savadı olmasa da, qərardadda sənədinin geri qaytarılması səbəbi anlaşılmayan şəkildə yazılmışdır. Odur ki, sözügedən qərardadını ləğv edilərək tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6483/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Mülki işin materiallarından görünür ki, ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 20 oktyabr 1994-cü il tarixli 1463 saylı sərəncamından çıxarışda Bağ- Tikinti Kooperativlərinin tərkibində olan siyahısında göstərilən adın İsgəndərova “Rəhan” Məmməd qızının mərhum anasına məxsus digər hüquqmüəyyənedici sənədlərdə göstərilən X3 ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Bununla bağlı kollegiya izah edir ki, Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarının 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Başqa sözlə, hüquqi faktın müəyyən edilməsi zamanı şəxsin sənəddə göstərilən adının, ata adının və ya soyadının düzgün olub-olmadığı onun adının, ata adının və soyadının qeyd olunduğu istənilən hüquqmüəyyənedici sənədlə deyil, yalnız onun şəxsiyyətini təsdiq edən sənədləri (pasport, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) əsasında yoxlanılır. Bu baxımdan kollegiya qeyd edir ki, Ərizəçi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 20 oktyabr 1994-cü il tarixli 1463 saylı sərəncamından çıxarışda Bağ-Tikinti Kooperativlərinin tərkibində olan siyahıda göstərilən X1 mərhum anasına məxsus digər hüquq müəyyənedici sənədlərdə göstərilən X2 ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilə bilməz. Bundan başqa, ərizədə qeyd olunan “digər hüquq müəyyənedici sənədlərdə göstərilən” ifadəsi ilə iddiaçının məhz hansı sənədləri nəzərdə tutması da qeyrimüəyyəndir. Kollegiya izah edir ki, ərizəçinin mərhum anasına torpaq sahəsinin ayrılmasına dair order Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 20 oktyabr 1994-cü il tarixli 1463 saylı sərəncamı əsasında verildiyindən, bu sərəncam hüquq müəyyənedici sənəd kimi qəbul edilməlidir. Ona görə də, hüquqi faktın müəyyən edilməsinə dair ərizə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına uyğun olaraq, sərəncamda yanlış göstərilən adın ərizəçinin mərhum anasına məxsus olmasına dair verilməli idi. Qeyd edilənlərlə yanaşı, kollegiya xatırladır ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM 308-ci maddə). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi qərardadda gəldiyi nəticə düzgün olmuşdur, həmin qərardaddan verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardaddan verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6483/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7599/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7599/2022
17.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver