Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7604/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə ilkin və qarşılıqlı iddia tələbinə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülmüşdür) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbi barədə ilkin və qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)-168/2022 nömrəli qərardadından cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.
2. Həmin qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)-168/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi cavabdeh X1 “Elekrton Məhkəmə” İnformasiya sistemindəki elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş, lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Beləliklə, cavabdeh X3 apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti cavabdeh tərəfindən müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
4. Həmin qərardaddan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi əks təqdirdə şikayətin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə cavabdeh X1 ünvanına göndərilməmişdir. Cavabdeh X1 “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti olsa da, həmin kabinet onun tərəfindən açılmamışdır və cavabdeh heç vaxt elektron kabinetdən istifadə etməmişdir. Buna görə də cavabdeh qətnaməni rəsmi qaydada almaq üçün məhkəməyə müraciət etmişdir və xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzini imzalamaqla qəbul etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)- 168/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
11. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
13. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
14. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsi cavabdeh X1 “Elekrton Məhkəmə” İnformasiya sistemindəki elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir.
17. Göründüyü kimi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 münasibətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 07 avqust 2022-ci il tarixə qədər olmuşdur.
18. Lakin cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Həmçinin prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəni apellyasiya şikayəti ilə birlikdə təqdim etməmişdir.
19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
20. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğvi üçün əsas təşkil etmir.
21. Belə ki, şikayətin dəlillərindən də göründüyü kimi X1 “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabineti mövcud olmuş və qətnamə həmin elektron kabinetə yerləşdirilmiş, lakin həmin elektron kabinetin onun tərəfindən açılmaması qətnamədən vaxtında şikayət verilməsinə maneə kimi qiymətləndirilə bilməz,
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(011)- 168/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov