Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7607/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7607/2022 Açar sözlər: (şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Ərizəçi, onun nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(001)-186/2021 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X5 Ərizəçi qızıdır. 2.O,qızının müəyyən psixi qüsurlarının olduğunu, hərəkətlərini idarə edə bilmədiyini iddia edərək onun maraqlarının və mənafeyinin müdafiəsi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 onun qızıdır və onda son 7 il ərzində müəyyən psixi qüsurların əlamətləri üzə çıxmışdır. O, hərəkətlərini idarə edə bilmir, hərəkətlərinin mənasını başa düşmür. Bu səbəbdən də X1 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruri olduğundan ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 5.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 noyabr 2021-ci il tarixli, 2(001)-186/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Abbasova Günel) ərizə təmin edilməmişdir. 6.İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Məhkəmə Psixiatrik Ekspertizasından göndərilən xx.xx.2020-ci il tarixli 279 saylı, xx.xx.2021-ci il tarixli 476 saylı və xx.xx.2021-ci il tarixli 2175 saylı rəylərdən görünür ki, X2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək istidarına malikdir və G.Məmmədzadə fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. 7.X8 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən, X5 xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə X4 psixoloji seanslarda olmuşdur. 8.Məhkəmə iş üzrə araşdırma apararaq qeyd etmişdir ki, ekspert rəylərinə əsasən X2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, primitiv şəxsdə xasiyyətinin aksentuasiyası, pedaqoji baxımsızlıq müşahidə olunmuşdur. Rəylərə əsasən X2 hər hansı psixi xəstəlik və əqli gerilik (kəmağıllıq) qeyd olunmur. 9.Buna görə də məhkəmə X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəni əsassız hesab edərək təmin etməmişdir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 34.2 və 35.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 321.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və apellyasiya instansiyası məhkəməsinə əlavə təqdim olunmuş sübutlar əsasında ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “Narınc” Psixologiya Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən, X1 xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə “Narınc” Psixologiya Mərkəzində psixoloji seanslarda olması ilə bağlı və həmin seansların nəticəsi barədə oraya nəinki, sorğu verməmiş, hətta bununla bağlı ekspertizanın rəyinə qarşı göstərdikləri etirazdakı xüsusatlara hüquqi qiymət vermədən, həmçinin X1 hal-hazırda AR-sı Səhiyyə Nazirliyinin 2 saylı Psixotrik Dispanserində qeydiyyata alınması və hər hansı bir müalicə alması barədə məsələləri araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkmə kollegiyasının iclasında Ərizəçi, onun nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin və ərizənin təmin edilməsini xahiş etdilər. 15.Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.Maddə 28.8.Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 17.Maddə 34.2.Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 18.Maddə 35.1.Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 19.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 20.Maddə 305.1.3. Məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 21.Maddə 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 22.Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 23.Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 24.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 27.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 28.Belə ki, iş materiallarından da göründüyü kimi X5 haqqında 3 dəfə-ambulator məhkəmə psixiatrik, əlavə məhkəmə psixiatrik və təkrar məhkəmə psixiatrik ekspertizaları təyin edilmiş və hər 3 ekspertiza tədqiqatının nəticələrinə əsasən müəyyən edilmişdir ki, X2 psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək istidarına malikdir və G.Məmmədzadə fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir. 29.Belə ki, ekspert rəylərinə əsasən X2 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamış, primitiv şəxsdə xasiyyətinin aksentuasiyası, pedaqoji baxımsızlıq müşahidə olunmuşdur ki, qeyd olunan vəziyyət psixi xəstəlik hesab edilmir və şəxsi öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. 30.Ərizəçinin təkrar ekspertiza keçirilməsi barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə 3 dəfə eksperiza təyin edilmiş və ekspert rəyləri alınmış, ərizəçi tərəfindən isə xüsusi biliyə malik olan ekspert rəylərini şübhə altına alacaq heç bir mötəbər sübut təqdim edilməmişdir. 31.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. 32.Kollegiya ekspert rəylərini nəzərə alıb, hesab edir ki, X2 şəxsi öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum edəcək hər hansı bir psixi xəstəlik aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. 33.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 34.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, ərizə təmin edilməməlidir. 35.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 37.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(001)-186/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7607/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7607/2022
07.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver