Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-761/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və oğlu X1 və Cavabdeh hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzilin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda isə mübahisəli əmlakın hərrac vasitəsilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya qaydasında işə baxılarkən Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə hərtərəfli araşdırma aparmamışdır. İddia tələbi iki əsasa görə rədd edilməli idi. Birincisi, mənzilin iddiaçıya məxsus olan hissəsinə dair payın dəyərinin ödənilməsi ilə bağlı müraciət olunmamışdır, ikincisi isə X3 yetkinlik yaşına çatmadığı halda, müvafiq Qəyyumluq və Himayəçilik orqanının rəyi alınmamışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, şikayətin dəlilləri əsassızdır, payın əvəzinin qarşılıqlı ödənilməsi ilə bağlı tərəflər arasında uzun-uzadı aparılan danışıqlar heç bir nəticə verməmiş, bu səbəbdən və öz mülkiyyətindən hər hansı formada bəhrələnə bilməyən iddiaçı məcburiyyətdən məhkəməyə müraciət etmişdir, bundan öncə isə iddiaçı Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müracət etmiş və müvafiq cavab almışdır, əslində isə cavabdehin paylı əmlakın 1/3 payçısı olan yetkinlik yaşına çatmayan X1 hüququnun pozulmasına istinad etməsi həm hüquqi, həm də işin faktiki halları baxımından yolverilməzdir, əvvala ona görə ki, onun hüququnu pozan elə cavabdehin özüdür, ikincisi isə paylı əmləkın 1/3 payçısı olan yetkinlik yaşına çatmayan X1 hüququnu və qanuni maraqlarını qorumaq və onu təmsil etmək cavabdehə deyil, onun qanuni nümayəndəsi olan anası- iş üzrə İddiaçı məxsusdur, cavabdeh tərəfindən apellyasiya şikayəti aşkar şəkildə işə tezliklə baxılmasına maneəçilik törətmək məqsədi ilə verilmişdir, qeyd olunanlara əsasən şikayətin təmin edilmədən, rayon məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, onlar yalnız mənzilin hərracda satışından əldə olunan pul məbləğindən yetkinlik yaşına çatmayan X1 payına müvafiq hissəsinə dair qanuni nümayəndəsi olan anası tərəfindən sərəncam verilməsi mərhələsində qanunla müəyyən olunmuş qaydada münasibət bildirəcəklər. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında olan 22 saylı mənzil İddiaçı, Cavabdeh, X1 xüsusi mülkiyyətindədir. İddiaçı, Cavabdeh, X1 hər birinin qeyd edilən mənzilə 1/3 hissədə pay hüququ var. AZ-İİİ № 707912 seriya nömrəli doğum haqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, 05.12.2009-cu il təvəllüdlü X1 atası X4, anası isə İddiaçıdır. AZ-İİ №085035 seriya nömrəli ölüm haqında şəhadətnamənin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, X4 09.04.2020-ci il tarixdə vəfat etmişdir. Mülki iş materiallarına əlavə edilmiş 17.08.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin tərəflər arasında 1/3 hissədə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddiaçı Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına ünvanladığı 07.09.2021-ci il tarixli ərizəsində, himayəsində olan yetkinlik yaşına çatmamış X1 mənzildəki 1/3 payının açıq hərracda satılaraq paylara müvafiq bölünməsinə münasibət bildirərək müvfiq rəy verilməsi xahiş olunmuşdur. Həmin müraciətə əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının İddiaçı ünvanladığı 01.10.2021-ci il tarixli cavab məktubunda mübahisə predmeti barəsində yekun məhkəmə aktı qəbul edildikdən sonra müraciətə baxılacağı bildirilmişdir. İşə apellyasiya qaydasında baxılarkən, Məhkəmə 04 fevral 2022-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, hərrac vasitəsi ilə satılması istənilən mənzilin 1/3 payı azyaşıl X2 məxsusdur, Ailə Məcəlləsinin 55.5-ci maddəsinin tələbinə görə uşağın əmlakı valideynlər tərəfindən idarə olunursa, Mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxslərin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Mülki Məcəllənin 36.1 və 36.2-ci maddələrində təsbit olunmuşdur ki, azyaşlıların əmlakı barədə sərəncam vermək istəyən qəyyum (valideyn) buna dair qəyyumluq və himayəçilik orqanının icazəsini almalıdır. Qeyd olunan mülki iş üzrə 05.12.2009-cu il təvəllüdlü X2 məxsus miras əmlak barəsində onun anası tərəfindən sərəncam verilməsinin azyaşlının mənafeyinə uyğunluğuna dair qəyyumluq və himayəçilik orqanının rəy verməsi zərurəti yaranmışdır. Bu səbəbdən müvafiq rəy tərtib edilərək, Məhkəməyə göndərilməsinin təmin edilməsinə dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmənin həmin sorğusu ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 24.02.2022-ci il tarixli məktubunda qeyd edilən məsələyə mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə mindikdən sonra müvafiq münasibət bildiriləcəyi göstərilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi təşkil edir. Mülki Məcəllənin müzakirə olunan 220-ci maddəsi hal-hazırda aşağıdakı redaksiyadadır: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddədən göründüyü kimi, maddədə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı, eləcə də paylı mülkiyyətdən payın natura və ya kompensasiya ödənilməsi yolu ilə ayrılması mümkün olmayan halları tənzimləyir. Normanın tələbinə görə, payın naturada ayrılması mümkün olmadıqda, eləcə də paya müvafiq kompensasiyanın verilməsi barədə payçılar arasında razılıq olmadıqda, bu halda payının ayrılmasını istəyən payçının tələbi ilə əmlakın bütünlüklə açıq hərracdan satılması və əldə olunan vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi birinci dəlili, yəni mənzilin iddiaçıya məxsus olan hissəsinə dair payın dəyərinin ödənilməsi ilə bağlı müraciət olunmaması ilə bağlı qeyd edir ki, bu, paylı mükiyyətin payçılarının öz aralarında qarşılıqlı razılığa əsasən həll etməli olduğu məsələ olub, ayrıca məhkəmə mərhələsi deyildir. Kollegiyanın mövqeyinə görə, hər hansı başqa yanaşma, mülki münasibətlərin iştirakçısı olan paylı mülkiyyətdəki əşyanın payçılarının iradə azadlığı prinsipinə zidd olmaqla, istəmədikləri və ya buna maddi imkanları olmadığı halda şəxsi hansısa əmlak əldə etməyə (almağa) vadar (məhkum) etmək olardı ki, bunun da yolverilməzliyi aşkardır. Həm də nəzərə almaq lazımdır ki, tərəflər buna dair razılığı istənilən mərhələdə, hətta hərracın keçirilməsi zamanı da əldə edə bilərlər. Kollegiya cavabdehin apellyasiya şikayətinin ikinci dəlili, yəni 1/3 payçılardan biri X3 yetkinlik yaşına çatmadığı halda müvafiq Qəyyumluq və Himayəçilik orqanının rəyi alınmaması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlillə bağlı iddiaçının vəkilinin izahatında bildirdiklərini tam əsaslı hesab edir və əlavə olaraq aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 55.5-ci maddəsinin tələbinə görə uşağın əmlakı valideynlər tərəfindən idarə olunursa, Mülki qanunvericiliyə uyğun olaraq onlara himayə altında olan şəxslərin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur. Mülki Məcəllənin 36.1 və 36.2-ci maddələrində təsbit olunmuşdur ki, azyaşlıların əmlakı barədə sərəncam vermək istəyən qəyyum (valideyn) buna dair qəyyumluq və himayəçilik orqanının icazəsini almalıdır. Bununla bağlı iddiaçı tərəfindən, işə apellyasiya qaydasında baxılarkən Məhkəmə tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müvafiq rəy verilməsi üçün müraciət olunmuş, Komissiya hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul ediləndən sonra 05.12.2009-cu il təvəllüdlü X2 məxsus miras əmlak barəsində onun anası tərəfindən sərəncam verilməsinin azyaşlının mənafeyinə uyğunluğuna dair qərar qəbul edəcəyini bildirmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələblərinə əsasən səlahiyyətli orqana müvafiq qaydada müraciət etmiş və istinad olunan cavabı almışdir. Bununla belə, işə baxan məhkəmə kollegiyası da öz növbəsində, həm də tam əsaslandırılmış və izahlı qaydada təkrarən müraciət etsə də, müvafiq icra orqanı (çox güman ki, müvafiq qanun normalarının tam anlanılmaması səbəbindən) Məhkəməyə də eyni məzmunlu cavab ünvanlamışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə, səlahiyyətli orqanın bu cür davranışı heç bir halda iddiaçı və xüsusən də onun qanuni təmsilçisi olduğu yetkinlik yaşına çatmayan uşağını qanunla qorunan hüquq və maraqlarını təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum edə bilməz. Eyni zamanda da mülki işin faktiki hallarından da müəyyən olunur ki, iddiaçının hazırkı tələbi qanuni nümayəndəsi olduğu oğlu- 05.12.2009-cu il təvəllüdlü X1 mənafeyinə uyğun olmuşdur. Belə ki, paylı əşyada (mənzildə) 1/3 paya sahib olan, lakin həmin əmlakında hər hansı qaydada bəhrələnə- faydalana bilməyən istənilən payçının, həmin əşyanın satılması nəticəsində payına müvafiq kompensasiya alaraq, ondan öz mülahizəsinə uyğun şəkildə istifadə etməsi- faydalanmasının onun mənafeyinə uyğun olması şəksizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən və qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-761/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-761/2022
03.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver