Məhkəmə qərarları › İş №2(103)-7617/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7617/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7617/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə Cavabdeh2 nümayəndəsi-vəkili Səmədova Zümrüd Səməd qızının iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC-nə və "xxxx" MMC-nə və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(005)-2658/2014 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı MMC ilə "xxxx" MMC arasında 11 mart 2013-cü il tarixli 03/13/0008 saylı Daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi və cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh2 verilməli cəmi 63890.71 (altmış üç min səkkiz yüz doxsan manat yetmiş bir qəpik) manat məbləğində borcu, 1642.86 (min altı yüz qırx iki manat səksən altı qəpik) manat hesablanmış dəbbə pulu borcu və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2658/2014 saylı 04 iyul 2014-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin ötürülməsini üzrlü hesab edərək, buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(005)-2658/2014 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2014-cü qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizəsi təmin edilməmişdir. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, buraxılmış müddətin bərpa edilərək mülki işin apelyasiya şikayəti ilə birlikdə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı "xxxx" MMC-nin, cavabdehlər "xxxx" MMC-nin və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini,şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh2 səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2658/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin Cavabdeh2 ünvanladığı 25.01,2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh2 26.01,2021-ci il tarixdə həmin sənədə imza etməklə, barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2014-cü il tarixli, 2(005)-2658/2014 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qərəzli olaraq yayınmağa görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmişdir. Müddətin bərpasına dair ərizəyə əlavə olunmuş sürətli poçt daşınma xidmətinin qəbzindən görünür ki, buraxılmış prosessual müddətin bərpasına dair ərizə 27.02.2021-ci il tarixdə göndərilmişdir. Göründüyü kimi Cavabdeh2 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2014-cü il tarixli, 2(005)-2658/2014 nömrəli qətnaməsinə əsasən verilmiş icra vərəqəsindən 26.01,2021-ci il tarixdə məlumatlı olsa da, həmin qətnamədən 27.02.2021-ci ildə apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Kollegiya hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2014-cü il tarixli qətnaməsindən Cavabdeh2 rəsmi qaydada məlumatlı olduğundan, cavabdeh tərəfindən isə apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair cavabdeh X1 tərəfindən verilmiş ərizəni təmin edilməməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə 02 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar