Məhkəmə qərarları › İş №2(103)-762/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-762/2022

12.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-762/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(011)-7070/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********20190) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 486 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. O, vaxtı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişlər. Daha sonra ona məlum olmuşdur ki, yaşadığı mənzil üçün quraşdırılmış qaz sayğacının guya düzgün işləməməsi əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 486 manat məbləğində əsassız borc yazılmışdır. Qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda o, cavabdehlik daşımamalıdır. Qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(011)-7070/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evə dair (abonent kodu **********20190) itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 486 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edərək, Cavabdeh İB-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarınadüzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı və Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etimşdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil üzrə abonent kodu **********20190 olmaqla, abonent kimi iddiaçı qeydiyyata alınmış, iddiaçının mənzilinə quraşdırılmış sayğac 24.05.2019-cu il tarixində yenisi ilə əvəz edilərək, bu barədə ******* saylı akt tərtib edilmişdir. 30.08.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilinə dair ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın elementinin bitdiyi və sayğacın klapanın işlək olmaması barədə qeyd aparılmış və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 4860 kub.m (486 manat) olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kolegiya hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı 486 manat borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu ilə bağlı məsələ Prosessual Qanunvericiliyin təlbələrinə uyğun düzgün həll olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(011)- 7070/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar