Məhkəmə qərarları › İş №2(103)-7622/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7622/2021

23.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7622/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17.02.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçının nümayəndəsinə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır (sədrlik edən: Həqiqət Mahmudova). Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2021 saylı, 17.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadından verilmiş şikayət rədd edilmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almış və qarardadı onunla əsaslandırmışdır ki, «hüquqi şəxsin adından yazılmış iddia ərizəsinin İddiaçı rəhbərliyi tərəfindən deyil, nümayəndə tərəfindən imzalandığı, eyni zamanda, müvafiq qaydada qeydiyyatdan keçirilmədiyi müəyyən edilir. Həmçinin hüquqi şəxsin adından yazılmış iddia ərizəsində hüquqi şəxsin möhürü aşkar edilmir. İddiaçının hüquqi şəxs olmasına baxmayaraq, həm iddia ərizəsi, həm də etibarnamə hüquqi şəxsin firma blankında deyil, sadə “A4” formatlı kağızda tərtib edilmişdir. Bundan başqa, iddia ərizəsinin İddiaçı adından deyil, Vəkil adından verildiyi müəyyən edilir. Belə ki, iddia ərizəsinin iddianın kim tərəfindən verilməsi hissəsində “İddiaçı: İddiaçı MTKnın vəkili Vəkil tərəfindən” yazısı qeyd edilmişdir.» Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı MTK-nin iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmuşdur. Belə ki, iddia ərizəsi İddiaçı MTK-nın etibarnamə üzrə (i.v 9) nümayəndəsi, eyni zamanda vəkili (i.v. 8) Vəkil tərəfindən imzalanmışdır. İddia ərizəsinin hüquqi şəxsin firma blankında olmasına dair qanunvericilikdə hər hansı bir tələb mövcud deyildir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddia ərizəsinin İddiaçı MTK-nın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması onun İddiaçı MTK adından yazılması hesab edilir. İş materiallarında olan etibarnamədən görünür ki, nümayəndəyə iddia ərizəsi, apellyasiya və kassasiya şikayətləri vermək və imza etmək səlahiyyəti verilmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4232/2021 saylı, 07.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar