Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7627/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabeh İddiaçı və onun vəkili Beyrək Tağıyevin, cavabdeh-iddiaçı Cavabdeh2 və onun vəkili Sahil Quliyevin iştirakı ilə, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “öhdəliyin icrasına xitam verilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı və Cavabdeh1 ər-arvaddır. Cavabdeh2 onların tanışdır. İddiaçı bildirir ki, Cavabdeh2 onun bacısının qonşusudur, bununla əlaqədar bir-birlərini tanıyırlar. İddiaçı və Cavabdeh1 (kredit alanlar) ilə Cavabdeh2 (kredit verənin) arasında kredit münasibəti var, hazırkı mübahisə həmin münasibətlə bağlıdır. Kredit verən ilə kredit alanların arasında 2 kredit müqaviləsi bağlanıb: 1) xx.xx.2016-cı il tarixli müqavilə (iş v. 73); 2) xx.xx.2016-cı il tarixli müqavilə (iş v. 72). 1-ci müqaviləyə əsasən 30.000 manat, 2-ci müqaviləyə əsasən 20.000 manat, cəmi 50.000 manat borc verilib. Hər 2 müqavilədə qeyd olunub ki, borc xx.xx.2018-ci il tarixdə qaytarılmalıdır. Bundan başqa, kredit alanlar 3 sadə yazılı formada qəbz verib: 1) xx.xx.2016-cı il tarixli qəbz (iş v.69); 2) xx.xx.2016-cı il tarixli qəbz (iş v. 70); 3) xx.xx.2016-cı il tarixli qəbz (iş v. 71). 1-ci qəbzdə 15.000 manat, 2-ci qəbzdə 15.000 manat, 3-cü qəbzdə 20.000 manat, cəmi 50.000 manat borc alınması etiraf olunub. Hər 3 qəbzdə qeyd olunub ki, pul 1 il tamam olduqda qaytarılmalıdır. 10.000 manat pul geri qaytarılıb, hər 2 tərəf bunu təsdiq edir, bu barədə xx.xx.2017-ci il tarixli iltizam var (iş v. 11). Tələb və onun həlli: İşdə 2 iddia var: ilk və qarşılıqlı iddia. İddiaçı və Cavabdeh1 ilk iddia ərizəsində tələb olunub ki, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə 50.000 manat pul öhdəliyinin icrasına xitam verilsin. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, qəbzlərə əsasən borc alınmış 50.000 manatın qaytarılmamış qalan 40.000 manatlıq hissəsi, habelə həmin borcun bir il ərzində gecikdirilməsinə görə faiz kimi 10 faiz, əldən çıxmış fayda kimi 4.000 manat kredit alanlardan tutularaq kredit verənə verilsin. Qətnamə ilə qət olunub ki, hər iki iddia rədd olunsun. Şikayət və izahatlar: Hər 2 tərəf apelyasiya şikayəti verib. İddiaçı və Cavabdeh1 tərəfindən birgə verilmiş apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ilk iddia təmin olunsun. Rafiq Əmrovun apelyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın, qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin və qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı özünün apelyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2 isə özünün apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: İşdə 2 iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: İlk iddia barədə İlk iddia onunla əsaslandırılıb ki, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borc alınmış cəmi 50.000 manat pul geri qaytarılıb. Lakin müəyyən olunur ki, həmin puldan yalnız 10.000 manat geri qaytarılıb, qalan 40.000 manatın qaytarılması təsdiq olunmur. Öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsin üzırinə düşür, lakin kredit alanlar 40.000 manat pulun qaytarılması barədə sübut təqdim edə bilmir. Mülki Məcəllənin 528-ci maddəsinə görə öhdəliyə kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Öhdəlik lazımi qaydada (tam həcmdə) icra olunmadığına görə ilk iddia əsassızdır. Qarşılıqlı iddia barədə: Qarşılıqlı iddia onunla əsaslandırılıb ki, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016-cı il tarixli qəbzlərlə borc alınmış cəmi 50.000 manat pulun 10.000 manatı geri qaytarılıb, qalan 40.000 manat geri qaytarılmayıb. Lakin müəyyən olunur ki, həmin 3 qəbzdə göstərilən pul (cəmi 50.000 manat) ilə 2 kredit müqaviləsində göstərilən pul (cəmi 50.000 manat) eyni puldur. Yəni kredit müqavilələri bağlandıqdan sonra pulun verilməsi qəbzlərdə əks olunub. Belə ki, 30.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (xx.xx.2016-cı il tarixdən) 5 gün sonra (xx.xx.2016-cı il tarixdə) və 32 gün sonra (xx.xx.2016-cı il tarixdə) müvafiq olaraq 15.000 və 15.000, cəmi 30.000 manata dair qəbzlər tərtib olunub. 20.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (xx.xx.2016-cı il tarixdən)3 gün sonra (xx.xx.2016-cı il tarixdə) 20.000 manata dair qəbz tərtib olunub. Göründüyü kimi, müqavilələr və qəbzlər xronologiya və məbləğ baxımından bir-birini tamamlayır. Bu isə onu təsdiq edir ki, qəbzlər müqavilələrin icrasını təsdiq etmək üçün tərtib olunub. Bunun əksi, yəni 3 qəbzin hər birinin ayrıca kredit münasibəti kimi qiymətləndirilməsi o deməkdir ki, 5 kredit münasibəti olub: 1-ci dəfə 30.000 manat verilib, bundan 5 gün sonra 2-ci dəfə 15.000 manat verilib, bundan 27 gün sonra 3-cü dəfə 15.000 manat verilib, bundan 11 gün sonra 4-cü dəfə 20.000 manat verilib, bundan 3 gün sonra 5-ci dəfə 20.000 manat verilib. Qısa zaman kəsiyində 5 dəfə, xüsusilə 3 gün və 5 gün zaman fərqi ilə pul verilməsi ağlabatan deyil. Yalnız 50.000 manat pul verilib, pulun verilməsinin etibarlılığının təmin edilməsi üçün kredit müqaviləsi ilə yanaşı qəbzlər də tərtib olunub. 50.000 manatdan 10.000 manat qaytarılıb, qalan 40.000 manatın tutulması ilə bağlı notariusun icra qeydi var. Göründüyü kimi, 3 qəbz kredit müqaviləsi deyil. Həmin qəbzlər daha əvvəl bağlanmış 2 kredit müqaviləsindən əmələ gələn öhdəliyin (pul vermək öhdəliyinin) kredit verən tərəfindən icra edildiyini təsdiq edən sənəddir. Ona görə də məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Birinci instansiya məhkəməsi hər iki iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən, habelə maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməli və hər iki iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Hər iki apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “öhdəliyin icrasına xitam verilməsi barədə” ilk iddiası rədd olunsun. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “pul tələbi barədə” qarşılıqlı iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7627/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7627/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver