Məhkəmə qərarları › İş №2(103)-764/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-764/2023

17.10.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-764/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğv edilməsi, gecə vaxtı iş rejiminə görə haqqın ödənilməsi) Bakı şəhəri 17 oktyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (vəkil) X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X2 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmiş, 28 yanvar 2016-cı il tarixdə İddiaçı ilə fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir.

2. 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlamış və sonuncu meyvə-tərəvəz satışı şöbəsində inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişiklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir.

3. 01 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-nin əmri ilə həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 01 iyul 2020-ci il tarixli, 456/X nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 01 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin aprel ayında Cavabdeh MMC-də satınalma departamentinin müdiri Ramin Hacıyev may ayından etibarən onun və digər 3 nəfərin işdən çıxmaq barədə ərizə yazmasını tələb etmiş, könüllü olaraq işdən çıxmaqla bağlı ərizə verməsələr, onları 70-ci maddəsinin ç bəndi ilə işdən qovulacaqları bildirilmişdir.

6. İddiaçı Əmək Müfəttişliyinin 142 qaynar xəttinə zəng vuraraq şikayətini bildirmişdir. xx.xx.2020-ci il tarixində iddiaçını yenidən ”Bizim Market”-in baş ofisinə dəvət edərək, bildirmişlər ki, əvvəlki kimi də “Meyvəli Bazar”-daki anbarda meyvə-tərəvəz alqı-satqısı işini davam etdirsinlər. İddiaçı 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Onlar bildirdilər ki, onların əmək müqaviləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, Cavabdeh MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əmək haqqına olan əlavələrini ödəməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixinə kimi, əmək müqaviləsində qeyd olunan iş saatı haqqındakı qeydi düzgün bilməmişdir. Bu günə kimi də, onda əmək müqaviləsinin surəti yoxdur və ona rəsmi şəkildə təqdim olunmayıb. 24 iyul 2020-ci ildə o Cavabdeh MMC-yə Əmək müqaviləsini, əlavələr və dəyişiklər, Satın alma mütəxəssisinin vəzifə təlimatını, “Bizim Market" MMC-nin daxili intizam qaydaları haqqında nizamnamənin məktubla rəsmi qaydada istəmişdir. Bu günə kimi cavab almamışdır. xx.xx.2020-ci il tarixində İRD-nin işçisi Fuad onun cib telefonuna zəng vuraraq onun barəsində verilmiş xəbərdarlıq və töhməti (BM-03/K) məktubu ilə sürətli poçt vasitəsi ilə göndərdiyini bildirmişdir. Məktub ona çatdırılmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci ilə kimi səhhəti ilə əlaqədar müalicə almışdır. Bakı Şəhəri Səhiyyə İdarəsinin 34 saylı poliklinikasının əmək fəaliyyətinin olmamasına dair 802015 saylı sənədi var. xx.xx.2020-ci il tarixində o, Baş Ofisdə olan zaman BM-03/K məktubunu ona rəsmi qaydada təqdim etmişlər. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində xəbərdarlıq barədə məktubda işə qeydiyyat cihazına uçota düşmədiyi bildirmişdir. Ona 16 iyul 2020-ci ildə verilmiş töhmətlə bağlı sənədi alandan sonra onlara da qalan sənədin surətinə “izahat yazmaqdan imtina etmişdir” yazısının yalan olmasını qeyd etmişdir. Onun xx.xx.2020-ci ildə Baş Ofisə dəvət olunmağı ilə bağlı heç bir məktubun və ya teleqramın olmasına dair sənəd məktuba əlavədə görməmişdir. O, xx.xx.2020-ci il təxirində qeydiyyat cihazından uçota düşməməklə bağlı, izahatı alınmamışdır. Onun izahat yazmaqdan imtina etməyi ilə bağlı heç bir akt tərtib olunmamışdır.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh MMC ilə 18 iyun 2016-cı il tarixdə əmək müqaviləsi bağlamış və Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Həmin tarixə kimi isə İddiaçı müxtəlif fərdi sahibkarlarla əmək müqaviləsi bağlamışdır. İddiaçının əmək müqaviləsi bağladığı əvvəlki işəgötürənləri (daha dəqiq biri: X6) Cavabdeh MMC-nin təsisçisi olmuşdur və hazırda da Cavabdeh MMC-nin təsisçisidir. Lakin hüquqi şəxs təsisçisinin, təsisçi də hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır. İddiaçı 18 iyun 2016-cı il tarixdən etibarən əmək hüquqlarının pozulması, əmək stajının əmək kitabçasında qeyd olunmaması, həmçinin DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaların edilməməsi üçün məsuliyyət daşıyır və birbaşa cavabdeh şəxsdir, 18 iyun 2016-cı ildən əvvəlki tarixlər üçün Cavabdeh MMCnin öhdəliyi, məsuliyyəti müəyyən edilə bilməz. Cavabdeh MMC 30 iyun 2005-ci il tarixdə ilkin dövlət qeydiyyatına alınmışdır. Hüquqi baxımından o yalnız hüquqi şəxsin yenidən təşkil olunması qaydasında (ayrılma, bölünmə, qoşulma, birləşmə və çevrilmə) qaydasında yaradıldıqda hüquqi sələfi olan hüquqi şəxsin öhdəliklərinə görə ona bölünmə balansı və ya təhvil aktı əsasında keçən əmlak həddində məsuliyyət daşıya bilərdi. Hazırkı mübahisə üzrə isə belə hal mövcud deyildir. xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013- cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə Cavabdeh MMC cavabdeh deyildir. Çünki, həmin tarixlərdə İddiaçı Cavabdeh MMCnin işçisi olmamışdır. Odur ki, İddiaçı Cavabdeh MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-yə ayırmaların edilməsini tələb edə bilməz. Hesab edirlər ki, İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırdığı iddia bir neçə tələbdən ibarət olduğundan iddia tələbinin “xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrinə münasibətdə Cavabdeh MMC-nin iş üzrə əsl cavabdehlə əvəz edilməsi prosessual hüquq baxımından mümkün olmayacaqdır.

8. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi və sentyabr 2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanması barədə iddia tələbləri üzrə iddia müddətinin tətbiq edilməsi və iddia müddəti ötürüldüyündən iddia tələblərini həmin hissələrdə rədd edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı 2017-ci ildən Meyvəli bazarından tanıyır. Onlar bir yerdə işləmişdir. O birinci fəhlə olaraq işə başlamış. Daha sonra satınalma meneceri olmuşdur. Onlar mal qəbulu ilə məşğul olurdular. Axşam saat 6-da anbar açılırdı, saat 1-ə, 2-yə kimi mal alırdılar, saat 6- da da malı düzürdülər.

11. Şahid qismində dindirilmiş X12 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı 2011-ci ildən tanıyır, son işdən çıxana qədər bir yerdə işləmişlər. İş vaxtları gecə saatlarında olur. Satınalma vəzifəsində işləyirdi. 2009-cu ilin sentyabrından Cavabdeh MMC-nin Badamdar mağazasında işləmişdir. Hal-hazırda işləmir. Eyni maddə ilə onu da çıxardıblar.

12. Şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o Cavabdeh MMC-nin Badamdar filialında işləmişdir, İddiaçı 2012-ci ildən tanıyır. O işə girəndə Aqşin orada işləyirdi. İddiaçı gecə saatlarında işləyirdi. Buna baxmayaraq ona əlavələr edilmirdi. Aqşin satınalma ilə məşğul idi. Son illərdə o, Əhmədli filialına mağaza müdiri işləmişdir. Aqşin 2012-ci ildən qabaq işləyib.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Ə.Abbasova) 03 fevral 2021-ci il tarixli, 2(011)-307/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. 13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində daha öncə də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini xx.xx.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə töhmət” intizam tənbehlərinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməlidir.

14. İddiaçının barəsində tətbiq edilmiş intizam tənbehi tədbirləri ilə əlaqədar iddiaçı izahat verməkdən imtina etmiş, bu hal Cavabdeh MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş aktlarla rəsmiləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 456/X nömrəli əmrinin ləğv edilməsi ilə bağlı iddia rədd edilməlidir.

15. Məhkəmə iddianın xx.xx.2010-ci ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində nəzərdən keçirərək hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, İddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X2 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 28 yanvar 2016-cı il tarixdə İddiaçı ilə fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

16. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanılmış və iddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. X1 ilə işəgötürən Cavabdeh MMC arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixində qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, İddiaçı Cavabdeh MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi tələbi ilə bağlı Cavabdeh MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir.

17. Məhkəmə, həmçinin iddianın xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixlərində gecə saatlarında işlədiyinə dair məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilməmişdir.

18. Məhkəmə iddianın mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır.

19. Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin surəti hazırkı iş üzrə İddiaçı xx.xx.2020-ci il tarixdə surətli poçt xidməti vasitəsilə göndərilmiş və sonuncu həmin tarixdə əmrin surətini əldə etmişdir. (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar ölkə ərazisində tətbiq edilən məhdudiyyətlər nəzərə alınaraq, İddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilməlidir.

20. Məhkəmə öz mövqeyini, Əmək Məcəlləsinin, 68, 70, 72 və 187-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri ona münasibətdə tətbiq oluna bilməzdi. Eyni zamanda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasının özünü nədə biruzə verməsi barədə hər hansısa bir araşdırma aparılmamışdır. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatları ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istinad edilməmiş, onun konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulması onu işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də ona ödənilməmiş əmək haqqı, həm istifadə edilməmiş 10 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Xətai Rayon Məhkəməsində məhkəmə iclas protokolu ilə tanış olması üçün şərait yaradılmayıb.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 18 may 2021-ci il tarixli, 2(103)- 4716/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində əvvəllər də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini və xx.xx.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə “töhmət” intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

25. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2010-ci il tarixdən 2013-cü il tarixə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na xx.xx.2010-cu il tarixdən 2013cü ilədək pul yığımının ödənilməsi hissəsində rədd edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, tərəflər arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanmış və iddiaçı əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Tərəflər arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixdə qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır.Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlillərini əsassız hesab etmişdir.

26. Bundan başqa, məhkəmə kollegiyası iddiaçı Aqşin İskəndərovun apellyasiya şikayətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair dəlillərinə qiymət verərək qeyd etmişdir ki, apelyasiya şikayəti bu hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı Aqşin İskəndərov xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı istər birinci, instansiya məhkəməsinə istərsə də, apelyasiya instansiya məhkəməsinə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini də əsassız hesab etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir.

c) Kassasiya instansiya məhkəməsində birinci icraat

28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, 456/X əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək stajının xx.xx.2010-ci ildən hesablanması, xx.xx.2016-ci ildən xx.xx.2020-ci ilə kimi gecə növbəsi üçün əmək haqqının düzgün hesablanaraq, habelə 10.000 manat mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(102)-5708/2021 nömrəli qərarına əsasən (hakimlər-Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

30. İşi təkrar apelyasiya baxışına qaytararkən kollegiyanın qənaəti bundan ibarət olmuşdur ki, iddianın gecə saatlarında işə görə əlavələrin ödənilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi bu tələblə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı birinci və apelyasiya instansiyası məhkəmələrinə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir.

31. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir. Bununla belə iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildirdiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əmək haqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki kompyuter çıxarışlarına istinad etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları X13, X9 və X12 bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir.

32. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda kompyuter proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur. Buna baxmayaraq mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aidedilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar.

d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

33. İşin apellyasiya baxışı zamanı iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6- dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləği 54318,5 manat məbləğində müəyyən edilmişdir. Ekspert tərəfindən rəy verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97, 166-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli qərarı rəhbər tutulmuşdur.

34. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-İddiaçı (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 08 iyun 2022-ci il tarixli, 2(103)- 1636/22 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci il tarixədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları yerinə yetirilən işə görə əlavə haqq kimi 26.954,36 manat (iyirmi altı min doqquz yüz əlli dörd manat, 36 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi qət olunmuşdur.

36. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibətdə hesab etmişdir ki, iddiaçı 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün pul tələbi üzrə iddia müddətini ötürməmişdir. Lakin 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövr üçün gecə vaxtı yerinə yetirilən işə görə əlavə haqqın ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini buraxmışdır. Ona görə də buraxılmış müddətə, yəni 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövrə görə pulun ödənilməsi tələbi təmin oluna bilməz.

37. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin olunmalı və 01 iyul 2019-cu il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatlarında işə görə 26.954,36 manat məbləğində əlavə haqqın Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi qət edilməlidir.

38. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97 və 166 və 296-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

e) Kassasiya instansiya məhkəməsində ikinci icraat

39. Cavabdeh (vəkil X14) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(102)-5189/2022 nömrəli qərarına əsasən (hakimlər-V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1636/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılması qərara alınmışdır.

ə) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

41.Yeni apellyasiya baxışı məhkəmə iclasında iştirak etmiş iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbinin və əvvəlki apellyasiya baxışı zamanı istinad etdiyi apellyasiya şikayətinin dəlillərinə oxşar izahat vermişdirlər. 42.Yeni apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə vəsatət təqdim edərək sonuncu məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

43. işin uzun müddət məhkəmənin icraatında olmasını nəzərə alaraq vəsatəti təmin etməmişdir.Məhkəmə Kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 97. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Maddə 166 hissə 1 və 2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilər.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarı Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ‘Azərbaycan Respublikası Mulkı Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

48. Hazırkı qətnamə ilkin apellyasiya baxışı zamanı tam yoxlanılmış, kassasiya qaydasında isə yalnız gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş, digər hissələrdə qüvvədə saxlanılmışdır. Bu səbəbdən də hazırkı məhkəmə baxışının həddini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

50. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

51. İddiaçı gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Hər kəs bilir ki, meyvətərəvəz bazarı topdan satışı gecə saatlarda olur. Onlar bildirdilər ki, onların əmək müqaviləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, Cavabdeh MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əmək haqqına olan əlavələrini ödəməmişdir.

52. Cavabdeh tərəf bu hissəyə münasibətdə iddianı qəbul etməmiş və qeyd etmişdir ki, iddiaçı sentyabr 2016-cı ildən xx.xx.2020-ci il tarixinədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin ödənilməsi hissəsində iddia müddətini ötürdyündən həmin hissədə iddia rədd olunmalıdır.

53. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir.

54. İddiaçı pozulmuş hüququnun müdafiəsi üçün əvvəlcə X10 Xidmətinə müraciət etsə də, İddiaçı Cavabdeh MMC-də gecə saatlarında işə cəlb edilməsi barədə məlumatlar X10 Xidmətində mövcud olmadığı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2021-ci il tarixədək dayandırıldığından X10 Xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı yerində araşdırma aparılması mümkün olmamışdır.

55. Lakin məhkəmə iclasında dindirilmiş şahidlər (V.Abbasov, A.Heybətzadə, S.Əliyev) öz ifadələrində iddiaçının gecə saatlarında işə cəlb edildiyini və səhər saat 06:00-a qədər çalışdığını təsdiq etmişlər.

56. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim olunmadığını əsas gətirərək iddianı həmin hissədə rədd etmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya məhkəməsi bununla razılaşmamışdır.

58. Kassasiya məhkəməsinin mövqeyinə görə, iddianın gecə saatlarında işə görə əlavələrin ödənilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.Əvvəlki kassasiya icraatı üzrə məhkəmə tərkibinin həmin hissə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildirdiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əmək haqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. Buna baxmayaraq mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aid edilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar.Məbləğlərin hesablanması və ödənilməsi ilə bağlı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəyə əsaslanmışdır, lakin həmin rəyin əsaslandırılmaması və ziddiyyətli olmasını nəzərə almamışdır. Azərbaycan Respulikası Nazirlər Kabinetinin «Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə» 05 aprel 2001-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejminin axşam növbəsində işin hər saatına görə işçinin tarif (vəzifə) maaşının 20 fazi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir.«Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejminə görə əmək haqqının ödənilməsi barədə» xx.xx.2001ci il tarxli izahatdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 5 aprel 2001ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq yuxarıda qeyd edilən həddə, digər müəssisə, idarə və təşkilatlarda isə kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulmaqla həmin həddən aşağı olmayaraq ödənilir. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22- dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşmı tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşmı ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır. Gecə vaxtı yerinə yetirilən işə, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı belə iş şəraitli bütün kateqoriyadan olan (rəhbərlər, mütəxəssislər, texniki icraçılar və fəhlələr) işçilərə ödənilir.Nəzərə alınmalıdır ki, iddiaçının hazırda baxılan hissə üzrə tələbi gecə vaxtı yerinə yetirdiyi işə görə əmək haqqına edilməli olan əlavələrin ödənilməsi ilə bağlıdır. Məhkəmənin istinad etdiyi ekspert rəyində isə faktiki olaraq işlədiyi gecə vaxtı üçün əmək haqqı, eyni zamanda ona əlavə ayrılıqda hesablanmış və nəticədə hər iki hesablanmanın nəticəsinə görə müvafiq ay və il üçün əmək haqqına əlavə məbləğləri müəyyən olunmuşdur.Cavabdehin digər dəlillində isə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi əlavələrin hesablanması zamanı gecə vaxtı görülən iş üçün nəzərdə tutulan 20% dərəcəsinə əsaslanmalı olduğu halda, gecə növbəsi üçün nəzərdə tutulan 40% dərəcəsinə əsaslanmışdır. Bununla bağlı isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hesablanma aparmazdan əvvəl əlavələrin hansı faiz dərəcəsinə uyğun hesablanmalı olmasını müəyyən etməli, yəni iddiaçının yerinə yetirdiyi işin gecə vaxtı götürülmüş iş olması və ya gecə növbəsində görülən iş olmasını aydınlaşdırmalı, məhz bundan sonra müvafiq faiz dərəcəsinə uyğun hesablanmanın aparılmasını təmin etməli idi.

59. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

60. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir. Lakin iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildiiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əmək haqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir.

61. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki kompyuter çıxarışlarına istinad etmişdir.

62. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları X13, X9 və X12 bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir.

63. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda kompyuter proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur. 64.Sonuncu apellyasiya baxışı zamanı iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

65. Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023-cü il tarixli rəyi ilə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə saatlarında (40% dərəcəsi ilə götürüldükdə) cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği ümumilikdə 54.314,85 manat məbləğində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə isə 26.954,44 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği ümumilikdə 46.700,45 manat məbləğində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə isə 23.127,81 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir.

66. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

67. Həmin Məcəllənin 166-cı maddəsinin birinci hissəsinə görə gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

68. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir.

69. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.

70. Hazırkı işdə iddiaçı işəgötürənin 01 iyul 2020-ci il tarixli əmri ilə işdən azad edilmiş və o, 2020-ci ilin elə həmin ayında hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Onun hazırkı apellyasiya baxışının predmeti olan hissədə tələbi 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün (yəni, 3 il 10 ay) meyvə-tərəvəz məhsullarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatlarında işə görə əlavələrin hesablanması və ödənilməsi barədədir.

71. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilər.

72. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün pul tələbi üzrə iddia müddətini ötürməmişdir. Lakin 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövr üçün gecə vaxtı yerinə yetirilən işə görə əlavə haqqın ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini buraxmışdır. Ona görə də buraxılmış müddətə, yəni 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövrə görə pulun ödənilməsi tələbi təmin oluna bilməz.

73. Ekspert rəyindən göründüyü kimi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövrdə 23.127,81 manat məbləğində hesablanmalı olduğu müəyyən edilmişdir.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi yoxlanılan hissədə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin olunmalı və çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği olaraq xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövr üçün 23.127,81 manat məbləğində əlavə haqqın Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi qət edilməlidir.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi qismən gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20% əlavə haqq cəlb edilməsi səbəbindən yerinə yetirilən işə görə əməkhaqqına əlavənin məbləği olaraq xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək dövr üçün 23.127,81 (iyirmi üç min bir yüz iyirmi yeddi manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilsin. Apellyasiya baxışı zamanı iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150 (bir yüz əlli) manat, iddiaçı və cavabdeh arasında bərabər bölünməklə tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar