Məhkəmə qərarları › İş №2(103)-7644/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7644/2020

04.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7644/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1709/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2 ASC-nə, Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticələri barədə protokolun və çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3771/2011 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən təşkilatçı “xxxx” MMC və tələbkar “xxxx” ASC tərəfindən tərtib edilmiş “hərracın nəticələri haqqında yekun protokol”un və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 1, 23 saylı mənzilə dair “xxxx” ASC-nin adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız sayılması, yaranmış nəticələrin aradan qaldırılması, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 1, 23 saylı mənzilin mülkiyyətinə qaytarılması və hərracın yenidən təşkil olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılılır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 1, 23 saylı, 3 otaqlı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxus olmuşdur. “xxxx” ASC ilə digər şəxs arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona kredit verilmiş və iddiaçı ilə aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən sözügedən iddiaçının mülkiyyətində olan mənzil həmin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə bank qarşısında yüklü edilmişdir. Bankdan götürülmüş kreditin ödənişlərində müəyyən gecikmələr yaranmışdır. Bank da öz hüququndan sui-istifadə edərək kredit borcunun tutulması və həmin borcun ipoteka predmetinə yönləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonuncu işə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3771/2011 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması məqsədi ilə “xxxx” MMC-yə sifariş verilmişdir. Hərrac Mərkəzinin Y-84 saylı, xx xxxx 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokola əsasən iddiaçının mülkiyyətində olan həmin mənzil tələbkar “xxxx” ASC-yə satılmışdır. Hazırda da “xxxx” ASC-nin mülkiyyətindədir. Qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3771/2011 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən təşkilatçı “xxxx” MMC və tələbkar “xxxx” ASC tərəfindən tərtib edilmiş“hərracın nəticələri haqqında yekun protokol”un və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 1, 23 saylı mənzilə dair “xxxx” ASC-nin adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız sayılması, yaranmış hüquqi nəticələrin aradan qaldırılması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi, ev 1, 23 saylı mənzilin iddiaçının mülkiyyətinə qaytarılması və hərracın yenidən təşkil olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3771/2011 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən təşkilatçı “xxxx” MMC (sonradan – Hərrac Mərkəzi) və tələbkar “xxxx” ASC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında yekun protokolun, xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 1, 23 saylı mənzilə dair Cavabdeh2 ASC-nin adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1709/2020 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1709/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə halların müəyyən edilməsində, o cümlədən maddi hüquq normalarının tətbiqində yalnışlığa yol verilmişdir. Hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin ipoteka qoyana verilməməsi ilə yanaşı, müddətlərin gözlənilməsində də qanunsuzluğa yol verilmişdir. Nə hərracın birinci, nə də ikinci mərhələsi ilə bağlı mülkiyyətçi olaraq ona heç bir məlumat verilməmiş, qeydiyyatda olduğu ünvana hər hansı bir bildiriş göndərilməmiş, nə o, nə də ailə üzvləri tərəfindən bu barədə hər hansı bir rəsmi məlumat alınmamışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, o, qeydiyyatda olduğu ünvanda yaşamış və yaşayır, onun bildirişləri almağı ilə bağlı təsdiqedici bir sənəd iş materiallarında yoxdur. Bəlkə də, o, hərracın keçiriləcəyi barədə məlumat almış olsaydı, ikinci mərhələdə ipoteka predmetini elə özü ala bilərdi. Bütün bu hallardan təşkil olunmuş hərracın qanunsuz şəkildə aparıldığı aşkar görünür. Nəticədə isə onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuş hesab olunur. Yuxarıda sadalanan hüquq normalarından və işin faktiki hallarından görünür ki, təşkil olunmuş hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydaları pozmaqla həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki. "hərrac qanunverciliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmişdir. Bildirişlər tələb edilən müddətlərdə göndərilmişdir. Bildirişlərin “ünvan tam deyil” qeydi ilə geri qayıtmasına görə Hərrac Mərkəzi məsuliyyət daşımamalıdır. Hərrac Mərkəzinə məlum olan ünvana göndərilmişdir. Hazırki iddia ərizəsində də iddiaçı Hərrac Mərkəzinin bildirişləri göndərdiyi ünvanı qeyd etmişdir”. Məhkəmə bu mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir. Həmin qərarda göstərilir ki, "Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun bu qərarındakı mövqeyini hazırki mübahisəyə düzgün tətbiq etməmiş, qərara yanaşmada yalnışlığa yol verilmişdir. Belə ki, plenumun sözügedən qərarında şikayətçilər F.Cavadov və V.Aslanov hərracın 2004-cü ildə keçirilmiş 1-ci və 2-ci mərhələlərində mülkiyyətçi olan ipoteka qoyana hərracın vaxtı və yeri barədə bildiriş göndərilmədiyini, məlumat verilmədiyini bildirməklə hərracın etibarsız sayılmasını tələb etmişlər. Onu qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu xx xxxx 2005ci il tarixdən qüvvəyə minmişdir. Həmin qanun qüvvəyə minənədək hərracın keçiriləcəyi yer və vaxt barədə bildirişin və məlumatın mülkiyyətçi olan ipoteka qoyana və ipoteka saxlayan məcburi göndərilməsi barədə göstəriş qanunvercilikdə olmamışdır. O vaxta qədər hərracın keçirilməsi ilə bağlı münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi tənzimləyirdi. Həmin Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Sözügedən iş üzrə plenum məhkəmələrin diqqətinə çatdırmışdır ki, hərraclar 2004-cü ildə keçirildiyindən “İpoteka haqqında" qanun və onun 42-ci maddəsi geriyə şamil oluna bilməz, yalnız özündən sonrakı münasibətlərə şamil olunmalıdır. Ona görə də plenum “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi xx xxxx 2005-ci il tarixinədək hərracla bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası MM-nin 415.2-ci maddəsinə şərh verərək göstərmişdir ki, “Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş, ümumiyyətlə, hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Hazırki işə baxmış birinci instansiya məhkəməsi isə bu maddənin hərfi mənasından çxış edərək və qanunun zamana görə tətbiqində yalnışlığa yol verərək, plenumun mövqeyini düzgün başa düşməyərək 2018-ci ildə yaranmış hərrac münasibətlərinə “İpoteka haqqında” qanunun 42-ci maddəsini tətbiq etməmişdir. Halbuki həmin qanunun 42.1-ci maddəsində görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Göründüyü kimi, maddədə plenumun da qeyd etdiyi kimi elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatında hərracın qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, cavabdehlər “xxxx” MMC, Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-1709/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, xx.xx.2012-ci il tarixdə qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh X1 85.000 manat məbləğində əsas borcun, 27076,66 manat faiz borcunun, cəmi 112096.66 (bir yüz on iki min doxsan altı manat altmış altı qəpik) manat məbləğində pul məbləğinin və 20 (manat) məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh2 ASC-yəödənilməsi, İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospektində istifadədə olan 0.0626 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın, 35.72 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 23 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospektində istifadədə olan 0.0626 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın, 35.72 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı, 23 nömrəli mənzilin açıq hərracdan satılması, həmin mənzilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən cəmi 112096.66 (bir yüz on iki min doxsan altı manat altmış altı qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh2 ASC-nə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə könüllü icra barədə borclulara bildiriş göndərilmiş, sonradan əmlak hərraca çıxarılmışdır. Birinci hərracın xx.xx.2018-cü il tarixdə əmlakın ilkin satış qiyməti 70000 manat müəyyən edilməklə borclulara və tələbkara xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli bildirişlər göndərilmişdir. Əmlak birinci hərracdan satılmadığından ilkin satış qiyməti 59500 manat müəyyən edilməklə ikinci hərrac xx.xx.2018-ci il tarixdə keçirilmiş, bu barədə borclulara və tələbkara xx.xx.2018-ci və xx.xx.2018-ci il və tarixli bildirişlər göndərilmişdir. xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, bildirişlərin surətindən görünür ki, Hərrac Mərkəzi tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən 1 saylı evin, 23 saylı mənzilinə tutma yönəldilməsi və hərracda satılmalı olduğu barədə məlumat göndərmiş, lakin hər dəfə “ünvan tam deyil” qeydi ilə bildirişlər geri qaytarılmşdır. X8 tərəfindən Cavabdeh2 ASC-yə və məlumat üçün borclulara xx.xx.2018-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclarn baş tutmaması barədə məlumat verilmiş və ipoteka saxlayana ipoteka predmeti haqqında qəbul edilən son qərar barədə hərrac təşkilatının tanış edilməsi xahiş edilmişdir. “xxxx” ASC ipoteka predmetini qəbul etmiş, X4 Saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 31/06 saylı, xx.xx.2018-ci il tarixli Protokol tərtib edilmişdir. Həmin protokoldan görünürki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən 1 saylı evin 23 saylı mənzilin tam dəyəri 44625.0 manat, ilkin hərrac qiyməti 70000 manat, təkrar hərracdakı ilkin satış qiyməti isə 59500 manat təşkil edmiş, İpoteka predmetinin “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 44625.0 manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirilmişdir. Eyni zamanda, Hərrac Mərkəzi ilə Cavabdeh2 ASC arasında ipoteka predmetinin 44625.0 manat məbləğində satılmasına dair arasında Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Hazırda ipoteka predmeti olan əmlak Cavabdeh2 ASC-nin mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı, ******* saylı Çıxarış). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən 1 saylı evin, 23 saylı mənzilinə tutmanın yönəldilməsi məqsədilə “xxxx” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “xxxx” MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmişdir. Bildirişlərin “ünvan tam deyil” qeydi ilə geri qayıtmasına görə Hərrac Mərkəzi məsuliyyət daşımamalıdır, çünki Hərrac Mərkəzinə məlum olan ünvana göndərilmişdir. Hazırki iddia ərizəsində də iddiaçı Hərrac Mərkəzinin bildirişləri göndərdiyi ünvanı qeyd etmişdir. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, hərracla bağlı kütləvi kütləvi informasiya vasitələrində də, məlumat dərc edilmiş, tərəflər məlumatlı olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)- 1709/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar