Məhkəmə qərarları › İş №2(103)-7650/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7650/2021

18.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7650/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı (cavabdeh) Cavabdeh3, cavabdeh (iddiaçı) İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Məmməd qızının iştirakları ilə, İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi”, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3, X3, Baki Şəhəri 16 saylı Notariat Ofisi, 5 saylı Bakı “Asan Xidmət Mərkəzi”nin notariat kontorunun xüsusi notariusuna qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi cəlb edilməklə “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 və İddiaçı nümayəndəsi və vəkili tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnu pozan hərəkətlərə son qoyulması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması, cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması, ona vurulmuş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh3 tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzili onun mülkiyyətindədir. Mənzili 2019-cu il avqustun 06-da bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Mənzili ona satan şəxsin arvadı həmin mənzildə qeydiyyatda olan İddiaçı mənzilin ona təhvil verilməsinə mane olur, mənzildən nə faktiki nə də qeydiyyatdan çıxmır. Bu isə onun hüquqlarını pozur. Həmçinin, İddiaçı 2019-cu ilin avqustun 6-dan hesablanmaqla hər ay üçün 500 manat məbləğ olmaqla 14 ay üçün 7000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı cavabdehlər Baki Şəhəri 16 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri 16 saylı Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 01 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 07 avqust 2019-cu il tarixli, ********** qeydiyyatı nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Cavabdeh2 ilə 07 oktyabr 2010cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah pozulmamşıdır, hal hazırda qüvvədədir. Birgə nikah dövründə ər və arvad tərəfindən ünvan 1 ünvanında 39 nömrəli mənzil alınmışdır. İddiaçı və övladları 14.11.2006-cı il təvəllüdlü X6 və 02.10.2007-ci il təvəllüdlü X4 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 birgə nikah dövründə alınmış xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında olan 39 nömrəli mənzili ünvan 2i alqı-satqı müqaviləsi ilə nikahdankənar münasibəti olduğu Cavabdeh3 adına rəsmiləşdirmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına 07.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu barədə İddiaçı Cavabdeh3 yaşadığı və qeydiyytda olduğu mübahisə predmeti olan evə gəlib, onun və övladlarının evdən çıxmağını tələb edərkən məlumatlı olmuşdur. İddiaçı notarial razılığı olmadan Cavabdeh2 ilə Cavabdeh3 ilə bağlanmış 01.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş 07.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab edilməlidir. Bakı şəhəri 16 saylı Notariat Ofisi Notariat haqqında qanunun və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələbini pozaraq Cavabdeh2 ilə Cavabdeh3 arasında qanunsuz 01.08.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlamış və müqavilə mülki qanunvericiliyin şərtlərini pozmaqla bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Notariat haqqında qanununa və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata uyğun olmadığına görə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, məhkəmənin icraatında olan iddiaçı VorobyovaValentina Sergeyevnanın cavabdeh İddiaçı qarşı mülkiyyətçi hüququnu pozan hərəkətlərə son qoyulması tələbinə dair 2(007)-1788/2020 nömrəli və İddiaçı Cavabdeh3 qarşı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(007)-1885/2020 nömrəli mülki işlərin baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə dair Cavabdeh2 ilə X3 arasında 06.02.2016-cı ildə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış 20.02.2016-cı il tarixli ********** nömrəli qeydiyyat qeydiyyat haqqında verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi, X3 ilə Cavabdeh2 arasında bağlanmış 16.08.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasənda daşınmaz əmlakın dövlət reyestrində aparılmış 18.08.2017-ci il tarixli ********** nömrəli qeydiyyat, qeydiyyat haqqında verilməş ******* nömrəli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış AN-İ ******* nömrəli 06.08.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış 07.08.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmiş, Cavabdeh3 iddia tələbi isə qismən təmin edilərək, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə İddiaçı tərəfindən son qoyulması, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamədə, həmçinin, qeyd edilmişdir ki, qətnamə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh3 onun iddia tələblərinin təmin edilməyən hissəsində ləğv, iddia tələblərinin isə tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, sübutları düzgün qiymətləndirmədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Qətnamədən, həmçinin, İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi və onların iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh3 özü tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı isə özü tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, mənzilin satılmasından Leyla xanımın məlumatı olmuş və həmin vaxt buna etiraz etməmişdir. Həsən həmin vaxtlarda Gürcüstan Respublikasına tez-tez getdiyi üçün evə dair anasına etibarnamə vermiş və etibarnamə əsasında ev satılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh3 və İddiaçı apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehin mənzildən çıxarılması” barədə iddia tələbinin təmin edilməyən hissəsində, həmçinin “Qətnamə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməli, “cavabdehin mənzildən çıxarılması” hissəsində iddia tələbi təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Elektron notariat” Aftomatlaşdırılmış informasiya Sistemindən çıxarışdan görünür ki, Qazax rayon notariat ofisində 12.08.2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh2 (Gasan) bütün əmlakı üzərində sərəncam verilməsi də daxil olmaqla bir sıra hərəkətlərin edilməsinə dair etibarnamə verilmişdir. Etibarnamənin etibarlılıq müddəti 12.08.2018-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı tərəfindən 21.06.2018-ci il tarixdə Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilin satılmasına heç bir etirazının olmamasına dair ərizə verilmişdir. Ərizə İddiaçı tərəfindən verilmiş 12.08.2017-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh2 tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 06 avqust 2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilini Cavabdeh3 satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzili Cavabdeh3 adına 07 avqust 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 27 aprel 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilinda qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 614432 nömrəli nikah haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ilə Leyla Əliyeva (sonradan Məmmədova) arasında nikah 07 oktyabr 2010-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(007)-558/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 07.10.2010-cu il tarixdə bağlanılmış nikah pozulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən notarial qaydada yazılaraq təsdiq edilmiş 21 iyun 2018-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilin satılmasına heç bir etirazının olmadığını bildirmişdir. Daşınmaz əmlakın bağışlanması haqqında 06 fevral 2016-cı il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilini X2 bağışlamışdır. İş materiallarında olan Daşınmaz əmlakın bağışlanması haqqında 16 avqust 2017ci il tarixli müqavilənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzili Cavabdeh2 bağışlamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 06 avqust 2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qanuni şəkildə Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzilini Cavabdeh3 satmışdır. Bundan sonra həmin mənzil, Cavabdeh3 adına 07 avqust 2019-cu il tarixdə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Kollegiya Cavabdeh3 iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisəsi gedən mənzilə İddiaçı istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; bu hüquq onun əmlaka mülkiyyət hüququnun tərkib hissəsi kimi mövcud olmuşdur. Bununla belə yuxarıda da göstərildiyi kimi Cavabdeh2 06 avqust 2019-cu il tarixdə mənzili Cavabdeh3 satmış, beləliklə də mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququna Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən xitam verilmişdir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi istifadə hüququna xitam verilməsi və mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olan hərəkətlərə son qoyulması vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması hissələrində iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini cavabdehin mənzildən çıxarılması hissəsində təmin etməməkdə haqlı olmamışdır. Belə ki, istifadə hüququnu itirən cavabdeh İddiaçıya məxsus mənzildə yaşaması sonuncunun mülkiyyət hüququnu pozur. İddia tələbinin maddi ziyanla bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Kollegiya hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq göstərilən hissədə iddia tələbini haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Qətnamə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. ...... Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. ...Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh İddiaçı artıq istifadə hüququna malik olmadığı halda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda görünməsi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Bu pozuntunun aradan qaldırılması üçün isə mülkiyyətçi (iddiaçı), cavabdehin onun mənzilindən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyət(lər)inə müraciət etməli, daha sonra isə ehtiyac yaranarsa bu orqan(lar)ın hərəkət (hərəkətsizliyi) ilə bağlı məsələləri mübahisələndirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də bu istiqamətdə olmuş, “yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər” qənaətinə gəlinmişdir. İddiaçı iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; İddiaçı isə etibarsız hesab edilməsini tələb etdiyi müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu və hədə qorxu altında bağlandığı isə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə iclaslarında İddiaçı izahatlarında bildirmişdir ki, mübahisəli evi həyat yoldaşı anası Reyhan xanıma bağışlayarkən onun razılığı olmuşdur. Lakin yoldaşının təzyiqi ilə bunu etmişdir. Sonuncu dəfə Valientinaya ev satılarkın onun razılıq ərizəsi etibarnamə qüvvədə olduğu vaxt verilsə də alqı-satqı aparılan tarixdə onun ərinə verdiyi etibarnamənin müddəti bitmişdir. Kollegiya bildirir ki, mübahisəli mənzil artıq bağışlanılmasına İddiaçı tərəfindən razılıq verildiyi vaxt birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxmış, əmlak sonradan anası Məmmədova Reyhan tərəfindən bağışlama əsasında Cavabdeh2 mülkiyyətinə keçmişdir. Yəni əmlakın hüquqi statusu və mülkiyyətçisi dəyişmişdir. Həmçinin, məhkəmə kollegiyası 06 fevral 20l6-cı il tarixli və 16 avqust 2017-ci il tarixli bağışlama müqavilələrinə münasibətdə də qeyd edir ki, həmin müqavilələr bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual hərəkətlər edilmiş, müvafiq olaraq Cavabdeh2 və X3 iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən daşınmaz əmlakın bağışlama müqaviləsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında İddiaçı mənzilin bağışıanması zamanı bağışlamaya dair razılıq verməsini etiraf etmişdir. Digər tərəfdən, İddiaçı məhkəmə iclasında verdiyi izahatında onun təzyiq alıtnda olub etibarnamə verməyə razılıq verdiyini bildirsə də, məhkəməyə bununla bağlı heç bir mötəbər sübut növü təqdim etməmişdir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddia tələbinin digər hissələri üzrə araşdırılma aparılmasına ehtiyyac olmadığı vurğulayır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Beləliklə, göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apelyatorun irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, Cavabdeh3 və İddiaçı apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “cavabdehin mənzildən çıxarılması” barədə iddia tələbinin təmin edilməyən hissəsində, həmçinin “Qətnamə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilməli, “cavabdehin mənzildən çıxarılması” hissəsində iddia tələbi təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, Cavabdeh2 əməllərində cinayət əməlləri aşkar etmədiyindən bu barədə xüsusi qərardad çıxarılması ilə bağlı vəsatəti də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.1-ci maddəsinə əsasən məhkəmə mübahisəyə baxarkən, hüquqi şəxsin, dövlət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarmağa haqlıdır. Qeyd olunan Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi şərardad çıxarmaqla prokurora xəbər verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası, Qət etdi: İddiaçın apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-275/2021 saylı, 06 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh3 iddia tələbinin “cavabdehin mənzildən çıxarılması” barədə təmin edilməyən hissəsində və “Qətnamə İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin mülkiyyətindəki 39 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır” hissəsində ləğv edilsin. İddia tələbi “cavabdehin mənzildən çıxarılması” hissəsində təmin edilsin. Cavabdeh İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsindəki 45 saylı evin 39 saylı mənzildən çıxarılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onalrı ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar