Məhkəmə qərarları › İş №2(103)-7656/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7656/2021

12.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7656/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri 19 saylı Notariat Ofisi 3-cü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi 05.05.2021-ci il tarixdə Məhkəmənin icraatına qəbul edilmiş, 19 may 2021-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəmə baxışına təyin edilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı (Bakı şəhəri 19 saylı Notariat Ofisi 3-cü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə və vərəsələrin sırasından çıxarılma” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4907/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (36.2). Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir (maddə 44.1). İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunur ki, mülki iş üzrə ilkin olaraq cavabdehlər kimi Cavabdeh1 və Bakı şəhəri 19 saylı Notariat Ofisi qeyd edilmişdir; cavabdehlərdən ünvan 1 ünvanı isə ünvan 2i ona əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, 19 may 2021-ci il tarixli qərardadla mülki iş məhkəmə baxışına təyin edilmiş və mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə məlumat verilmişdir. Sonradan iddiaçının ərizəsi əsasında Bakı şəhəri 19 saylı Notariat Ofisi cavabdehlər siyahısından çıxarılaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyindən mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Belə ki, Bakı şəhəri 19 saylı Notariat Ofisinin sonradan müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi aidiyyyət qaydalarının pozulmasına səbəb deyil; mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürüldüyü zaman aidiyyət pozulmamışdır. Ona görə də mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 44, 45, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar