Məhkəmə qərarları › İş №2(103)-7668/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7668/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7668/2023 11.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(008)-1572/2023 nömrəli qətnaməsindən cavabdehin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1299 manat məbləğdə vurulmuş zərər və 3299 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 1331,99 manat məbləğdə pul vəsaitinin alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(008)- 1572/2023 nömrəli iddia təmin edilmişdir.

3. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-6075/2023 nömrəli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

5. Şikayətin qeyri – mümkün hesab edilməsinin səbəbi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən verilmiş şikayəti vəkil qismində Nümayəndə imzalasa da, şikayətə sonuncunun səlahiyyətini təsdiq edən orderi əlavə edilməmişdir.

6. Qərardadın 8-ci bəndində xüsusi olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi MPM-in 361.1-ci maddəsinə uyğun verilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2(103)-6075/2023 nömrəli qərardadında birinci instansiya məhkəməsi MPM-in 361.1-ci maddəsinə uyğun verilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsi xüsusi olaraq qeyd olunsa da, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən, şikayətin qeyrimümkünlüyünə səbəb olan hallara qiymət verilməmiş, ümumiyyətlə apellyasiya şikayətinin qaytarılması məsələsi müzakirə olunmadan order əlavə olunaraq iş apellyasiya məhkəməsinə göndərilmişdir.

9. Birinci instansiya məhkəməsinin apellyasiya şikayətini geri qaytarmalı olduğu halda, bu məsələyə qiymət vermədən yenidən baxılması üçün hansı əsasla apellyasiya instansiyası məhkəməsinə göndərməsi anlaşılmaz olmaqla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsi ilə də ziddiyyət təşkil edir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinin tələbinə - apellyasiya məhkəməsinin göstərişinə əsasən apellyasiya şikayətini geri qaytarmalı, şikayəti vermiş şəxs tərəfindən nöqsan aradan qaldırılaraq, yəni, order əlavə olunmaqla yenidən apellyasiya şikayəti verildiyi halda həmin şikayətin mümkünlüyü məsələsinə qiymət verməli idi.

11. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün şikayət qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2(008)- 1572/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar