Məhkəmə qərarları › İş №2(103)-7669/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7669/2023

20.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7669/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddia tələbi üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3254/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartına əsasən müəyyən olunur ki, Cavabdehnın 160,58 manat borcu vardır.

2. İş materiallarında olan Azərsu ASC-nin cavabdeh X3 ünvanladığı xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sudan istifadəyə görə yaranmış 160,58 manat borcun (**********012 saylı abonent kodu) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 28 mart 2023-cü il tarixinə 160.58 (yüz altmış manat əlli səkkiz qəpik) manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı xidmətinin dəyəri su sayğacının göstəricisinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SSS-15 markalı 707141 nömrəli sayğac 01 aprel 2010-cu il tarixində quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 09 fevral 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3254/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın təmin edilməsi, cavabdeh X1 160,58 manat borc (**********012 saylı abonent kodu) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1, 136.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 284-1, 284-5.2, 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, proses iştirakçılarının məhkəmə iclasında iştirakı

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel-may aylarında mənə məxsus ünvanda quraşdırılmış smart su sayğacında müəyyən nasazlıqların olması səbəbindən fərdi yaşayış evinə verilən su kəsildikdən sonra İddiaçı ASC-nin qaynar xəttinə müraciət edilmişdir. Bundan sonra İddiaçı ASC-nin əməkdaşları sözügedən ünvanda quraşdırılmış su sayğacına baxış keçirtmiş, məlum olmuşdur ki, sayğacın elementinin istismar müddəti bitmişdir. İddiaçı qurumun əməkdaşları həmin elementi sayğacdan çıxartmış, sayğacı elektron rejimdən mexaniki rejimə keçirtmişdirlər. Sayğac mexaniki rejimə keçdikdən sonra əsassız olaraq sayğacdan keçən suyun həcmi mexaniki göstəricidə iki dəfə artıq göstərilməyə başlanmışdır. Mən 2022-ci ilin avqust ayında bu barədə bir daha Azərsu” ASC-yə müraciət etmişəm. Müraciətdən sonra qurumun əməkdaşları yenidən su sayğacına baxış keçirtmiş sayğacın dövlət yoxlamasından keçirilməsini məsləhət görmüşdürlər. Sayğac dövlət yoxlamasından keçdikdən sonra məlum olmuşdur ki, sayğac keçən su sərfini iki dəfə artıq hesabladığı üçün istismara yararsızdır. İddia tələbində göstərilən borc məbləği cavabdehə məxsus ünvanda quraşdırılmış sayğacda baş vermiş nasazlıqlar səbəbindən yarandığı üçün həmin vəsaitin tutulması heç bir halda ədalətli və qanuni ola bilməz. Odur ki, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3254/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmalı, iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. 6.2-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

13. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 448.2-ci bəndinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın

15. 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə sasən, verilən suyun və axıdılan tullantı sularınını həcminə uyğun olaraq ona təqdim edilmiş hesab ödənişləri üzrə ödənişin həyata keçirmək istehlakçının vəzifəsidir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

16. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur.

17. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3254/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent kartına əsasən müəyyən olunur ki, Cavabdehnın 160,58 manat borcu vardır.

26. İş materiallarında olan Azərsu ASC-nin cavabdeh X3 ünvanladığı xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

27. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilərək, 160,58 manat borc (**********012 saylı abonent kodu) və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

28. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, cavabdeh tərəfindən şikayətin əsasını təşkil edən halları- sayğacın nasazlığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

30. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3254/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar