Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-767/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh Mənzil Tikinti Kooperativinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, mülkiyyətində olan mənzil üçün cavabdeh MTK tərəfindən artıq alınmış 14.290,81 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə vəkilə ödədiyi xidmət haqqının əvəzi olaraq 1.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pulun cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC və cavabdeh MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış üçtərəfli müqaviləyə əsasən, (satıcı) cavabdeh MTK inşa etdiyi və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56C, M13, m1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 119,86 kv.m olan mənzili 134.240 manata (alıcı, borcalan, ipoteka qoyan) iddiaçıya satmalı, həmin məbləğdən 34.240 manat iddiaçı, qalan 100.000 manatı isə (kreditor, ipoteka saxlayan) Bank tərəfindən MTK-ya ödənilməlidir. Bununla bağlı iddiaçı ilə Bank arasında xx.xx.2019-cu il tarixdə 038-19/İ saylı “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin şərtinə görə, Bank tərəfindən iddiaçıya, mənzilin alınması üçün, illik 7 faiz dərəcəsi ilə hissə-hissə və aybaay qaytarmaq şərti ilə 300 ay müddətinə 100.000 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixdə bağlanmış üçtərəfli müqavilənin şərtinə əsasən iddiaçı, MTK-dan aldığı həmin mənzili “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu yaxınlarda iddiaçı, “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair "xxxx" alan zaman ona məlum olmuşdur ki, MTK tərəfindən ona satılmış mənzilin sahəsi 119,86 kv.m deyil, 107,10 kv.m-dir. Göründüyü kimi MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin sahəsi 12,76 kv.m azdır. İddiaçının aldığı mənzilin 1 kv.metrin müqavilə üzrə qiyməti (134.240 manat / 119,86 kv.m=) 1.119,97 manat təşkil edir. Belə olan halda müəyyən edilir ki, cavabdeh MTK iddiaçıdan (12,76 kv.m x 1.119,97 manat =) 14.290,81 manat məbləğində pulu artıq almış, bununla da iddiaçıya həmin məbləğdə ziyan vurmuşdur. İddiaçı həmin məbləğin ona qaytarılmasını MTK-dan dəfələrlə tələb etsə də, MTK həmin məbləği ona ödəməmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı hüquqi yardıma görə vəkilə 1.000 manat xidmət haqqı və 136 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də, o hesab edir ki, həmin məbləğlər də cavabdeh MTK-dan onun xeyrinə tutulmalıdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh MTK-nın buna səlahiyyəti olan nümayəndəsi iddiaya qarşı yazılı etiraz və “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə verərək, bildirmişdir ki, iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 119,8 kv.m-dir. Müqavilədə də tam sahə qeyd edilmişdir. Cavabdeh MTK tərəfindən müqavilənin şərtləri pozulmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, mənzil xx.xx.2019-cu il tarixdə iddiaçıya təhvil verilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Podrat tapşırıqlarının lazımi qaydada icra edilməsi ilə bağlı iddia müddəti 1 il təşkil edir. Amma iddiaçı hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, göstərilənlərə əsasən iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh MTK-dan 9.743,74 manat, hüquqi yardıma görə ödənilmiş 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,66 manat pulun tutularaq iddiaçıya ödənilməsini, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 49,34 manatın iddiaçıya aid edilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pulun cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, onunla Bank və MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə MTK qarşısında özünə götürdüyü öhdəliyi lazımı qaydada icra etmiş, MTK tərəfindən inşa edilib, ona təhvil verilməli olan sahəsi 119,86 kv.m mənzilin tam dəyərini MTK-ya ödəmiş, lakın MTK, həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, həmin ölçüdə deyil, az ölçüdə olan mənzili iddiaçıya təhvil vermişdir. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəyə əsasən müəyyən edilir ki, MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 111,1 kv.metrdir. Belə olan halda müəyyən edilir ki, MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin sahəsi, müqavilədə nəzərdə tutulmuş sahədən (119,86 - 111,1=) 8,7 kv.m azdır. Deməli MTK iddiaçıdan (8,7 kv.m x 1.119,97 manat=) 9.743,74 manat məbləğində pulu heç bir qanuni əsas olmadan almışdır. Buna görə də, həmin məbləğ MTK-dan alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa işdə olan sənədlərdən görünür ki, MTK-nın bu kimi hərəkət nəticəsində pozulmuş hüququnun bərpası ilə bağlı iddiaçı, iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi yardım almaq və bu xidmətə görə 1.000 manat ödəmək məcburiyyətində qalmışdır. Buna görə də, həmin məbləğ də, MTK-dan iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan onun xeyrinə 14.290,81 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bu iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 86,66 manat hissəsi MTK-dan tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 49,34 manat hissəsi iddiaçının özünə aid edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. İddia tələbinə qarşı verilmiş etirazın və “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına və “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin dəlillərinə səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
8. Cavabdeh MTK apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə qeyd edilən bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçı ilə (hazırkı iş üzrə tərəf olmayan) "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış "xxxx" görünür ki, Bank, iddiaçının cavabdeh MTK-nın inşa etdiyi binada yerləşən və iddia ərizəsində qeyd edilən mənzilin alınması üçün illik 7 faiz dərəcəsi ilə hissə-hissə və aybaay qaytarmaq şərti ilə 300 ay müddətinə 100.000 manat kredit verilmişdir.
13. Cavabdeh MTK, iddiaçı və həmin Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli "xxxx" görünür ki, MTK inşa etdiyi və yuxarıda qeyd edilən binada yerləşən ümumi sahəsi 119,86 kv.m olan mənzili 134.240 manata iddiaçının mülkiyyətinə verir, həmin məbləğdən 34.240 manat iddiaçı, qalan 100.000 manatı isə Bank tərəfindən MTK-ya ödənilir. İddiaçı, cavabdeh MTK tərəfindən ona təhvil verilməli olan mənzili onunla Bank arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü edir.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın Dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışdan” görünür ki, iddia ərizəsində göstərilən mənzili ümumi sahəsi 107,10 kv.metr təşkil edir və iddiaçının həmin mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır.
15. MTK ilə iddiaçının birgə tərtib etdikləri xx.xx.2019-cu il tarixli aktdan görünür ki, mənzilin açarları MTK tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə təhvil verilmişdir.
16. İddiaçı bildirir ki, MTK tərəfindən ona satılmış mənzilin ümumi sahəsi 119,8 kv.metr olmalı idi. Lakin o, 2021-ci ilin oktyabr ayında “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair "xxxx" alan zaman ona məlum olmuşdur ki, MTK tərəfindən ona satılmış mənzilin sahəsi 119,86 kv.m deyil, 107,10 kv.m təşkil edir.
17. MTK isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi müqavilədə qeyd edildiyi kimi, 119,8 kv.m-dir.
18. Göründüyü kimi, iş üzrə tərəflər arasında işin mübahisə doğuran halı mübahisəli mənzilin ümumi sahəsinin ölçüsü ilə bağlıdır.
19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, iş üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin şərtlərindən görünür ki, MTK tərəfindən iddiaçıya satılmış mənzilin sahəsinin ölçüsü 119,8 kv.metr kimi göstərilmişdir. Müqavilədə mənzilin faktiki ümumi sahəsinə bayır və arakəsmə divarlarının altının daxil olması nəzərə alınmamışdır. Belə olan halda qəbul edilməlidir ki, MTK tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin sahəsinə dəhliz, eyvan və yardımçı sahələr daxildir, lakin bayır və arakəsmə divarların sahəsi daxil deyil, əks halda bu kimi hal müqavilənin şərtlərinə daxil edilməli idi.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/988 nömrəli rəyindən görünür ki, həmin mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 111,1 kv.metr, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 119,8 kv.metr olması müəyyən edilir.
21. İş üzrə apellyator olan cavabdeh MTK, ekspertiza tərəfindən verilmiş həmin rəyi şübhə altına ala biləcək hər hansı ekspert rəyini və ya mütəxəssis rəyini məhkəmələrə təqdim etməmişdir. Odur ki, bunu və həmin rəyin əsaslılığını şübhə altına ala biləcək halların məhkəmələr tərəfində də müəyyən edilməməsini nəzərə alan Məhkəmə hesab edir ki, həmin rəy etibarlı sübut kimi qiymətləndirilməlidir.
22. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, onunla MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə MTK qarşısında özünə götürdüyü öhdəliyi lazımı qaydada icra etmiş, MTK tərəfindən inşa edilib, ona təhvil verilməli olan sahəsi 119,86 kv.m mənzilin tam dəyərini MTK-ya ödəmiş, lakın MTK, həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, həmin ölçüdə deyil, ümumi sahəsi 111,1 kv.metr olan mənzili təhvil vermişdir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1.). Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər (maddə 577.1.). Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər (maddə 578.1.).
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır (maddə 59.2.). Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir (maddə 59.3.).
25. Qeyd edilən maddi hüquq normalarının tələblərini, işin müəyyən edilmiş hallarını və oxşar mülki mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alan Məhkəmə hesab edir ki, ekspertiza tərəfindən verilmiş rəyi sübut növü kimi qəbul etmiş Rayon Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divarlar altı sahələr nəzərə alınmadan hesablanır.
26. Buna görə də Məhkəmə hesab edir ki, işin halı kimi qəbul edilməlidir ki, cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin sahəsi 8,7 kv.m azdır. Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
27. Qeyd edilən bu nəticəyə gələn Məhkəmə bildirir ki, iddiaçının aldığı mənzilin 1 kv.metrin müqavilə üzrə qiyməti 1.119,97 manat təşkil edir. Belə olan halda müəyyən edilir ki, cavabdeh MTK çatışmayan 8,7 kv.m görə iddiaçıdan 9.743,74 manat almaqda haqlı olmamışdır.
28. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi qeyd edilən əsasla 9.743,74 manat məbləğində pulu MTK-dan iddiaçının xeyrinə tutumaqda haqlı olmamışdır.
29. Məhkəmə "xxxx" cavabdeh MTK-nın ərizəsinə münasibətdə qeyd edir ki, MTK, iddiaçı ilə onun arasında xx.xx.2019-cu il tarixli müqaviləni podrat müqaviləsi kimi qiymətləndirmiş və Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan sifarişçinin icranın qüsuru ilə bağlı işi qəbul etdiyi gündən 1 il ərzində tələb irəli sürə biləcəyinə istinad etmişdir.
30. Bununla bağlı Məhkəmə bildirir ki, tərəflər arasında başlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə üzrə iddiaçıya satılmış mənzil xx.xx.2019cu il tarixdən MTK-nın mülkiyyətində olan daşınmaz əmlak (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********31-05301-093172) kimi satılmışdır.
31. Göründüyü kimi tərəflər arasında bağlanmış həmin müqavilənin predmeti olan mənzil artıq mövcud olmuş, müqavilə özü-özlüyündə podrat müqaviləsi deyil, alğı-satqı müqaviləsi olmuşdur.
32. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Ümumi iddia müddəti on il təşkil edir (maddə 373.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.). Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. (maddə 373.4.) Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.).
33. Yuxarıda qeyd edildiyi kimi, MTK ilə iddiaçının birgə tərtib etdikləri xx.xx.2019cu il tarixli aktdan görünür ki, mübahisəli mənzil MTK tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə təhvil verilmişdir. İş materiallarında isə görünür ki, iddiaçı hazırkı mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2023-cü ildə müraciət etmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçı, 6 illik iddia müddətini ötürməmişdir.
34. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi "xxxx" cavabdeh MTK-nın ərizəsini eyni əsasla əsassız hesab etməkdə haqlı olmuşdur.
35. İşin materiallarını nəzərə alan Məhkəmə həmçinin qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.).
36. İş üzrə iddiaçı ilə Vəkil arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil, ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1.000 manat müəyyən olunmuşdur.
37. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Vəkil ona göstərdiyi hüququ yardıma görə sonuncunun təhkim edilmiş “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 1.000 manat ödəniş etmişdir.
38. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hüquqi yardıma görə iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.000 manat pulun cavabdeh MTK-dan tutulması hissəsində də Rayon Məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 1.000 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdeh MTK-nın öhdəliyin icra edilməməsi nəticəsində iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə də əsaslıdır.
39. Bundan başqa Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 136 manat məbləğində dövlət rüsumunun 86,66 manat hissəsinin MTK-dan tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 49,34 manat hissəsinin iddiaçının özünə aid etməsi barədə qənaəti də düzgün olmuşdur. Çünki MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
40. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh MTK-nın verdiyi apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və iddianın qismən təmin edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
44. Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən MTK, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
45. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh Mənzil Tikinti Kooperativi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.