Məhkəmə qərarları › İş №2(103)-7674/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7674/2021

07.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7674/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(010)-2707/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh «Azəriqaz» İB-yə (bundan sonra, cavabdeh) qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azəriqaz istehsalat Birliyi tərəfindən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 2279,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı 1993-cü ildə şəhid olmuş və 2000-ci il tarixdə ona dövlət tərəfindən şəhid ailəsi kimi torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahəsi sadəcə hasara alınmış və heç bir hərəkət görülməmişdir. O, sadəcə olaraq ayda 1-2 dəfə torpaq sahəsinə baş çəkərək, torpaq sahəsinin zəbt olunubolunmadığına baxırdı. Həmin torpaq sahəsində heç bir sayğac quraşdırılmamış və o, həmin əraziyə baş çəkən zaman da qaz sayğacının quraşdırıldığının şahidi olmamışdır. 2020-ci ilin dekabrında o, ev tikdirmiş və 2021-ci ilin may ayında evlərinə köçmüşlər. Həmin zaman qaz idarəsinə yaxınlaşaraq, qaz sayğacı çəkdirmək istədiyini bildirdikdə, artıq həmin ünvan üzrə qaz sayğacının mövcud olduğunu və sayğac üzrə borc olduğunu öyrənmişdir. Belə ki, cavabdehin əməkdaşları ona heç bir xərədarlıq etmədən, onun iştirakını təmin etmədən, yaşayış olmayan evə quraşdırılmış G-4 itron qaz sayğacını sökmüş və yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Hətta akt onun əvəzinə imza edilmişdir. Halbuki o, heç bir akta imza atmamış və qaz sayğacının quraşdırılması, sökülməsi prosesində iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmış və yararsız hesab olunmuşdur. Eyni zamanda, Azəriqaz İB tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 27.07.2018-ci il tarixli akt tərtib edilmişdir. Belə ki, Azəriqaz İB-nin əməkdaşlarının sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğacda problemin yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranması nəticəsində yarana bilər. Ümumiyyətlə, sayğac hamı üçün əlçatan yerdədir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməyindən belə çıxır ki, sayğac sökülən zaman onu sökənlər istədiyi kimi davrana bilərlər, amma bunun məsuliyyəti abonentin üzərindədir. Eyni zamanda, vaxtı-vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pul ödəməyi də sübut edir ki, onun sayğaca müdaxilə etməyi gülüncdür. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Onun yaşadığı ünvana qaz təminatının dayandırılması qanunla qorunan hüquqlarını pozur. Təbii qazdan da böyük həcmdə istifadə edilmir, iddiaya əlavə etdiyi abonentin saldosu da buna sübutdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(010)- 2707/2021 saylı qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia qismən təmin olunmuş, «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı 27.07.2018-ci il tarixli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 2217,30 manat borcun ləğv olunması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, laborator müayinə zamanı iddiaçıya məxsus köhnə qaz sayğacına müdaxilə olunmasının müəyyən olunması, bu səbəbdən də qaz itikisinə görə əlavə sərfiyyat hesablanması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı, 27.07.2018-ci il tarixli aktına əsasən görünür ki, 12.07.2018-ci il tarixli laboratoriyanın 29/1710-00660 MSK-ya əsasən G-4 1302AZ**********23 №-li sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sol metrologiya plomb yuvasının ətrafı zədələdir. İşdə olan «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* saylı 31.05.2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğac smart kartla əvəzlənmişdir. İşdə olan 18.12.2020-ci il tarixli abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********00000) 2217,30 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3.-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Belə olan halda isə, evdən kənarda quraşdırılmış sayğacın mühafizəsi bilavasitə qaz paylayıcısının üzərinə düşür. Cavabdeh isə sayğaca iddiaçı tərəfindən müdaxilə olunması və bunun nəticəsində sayğacda müvafiq qüsurun yaranmasını sübut edə bilməmişdir. Həmçinin, lobarator baxış zamanı həmin qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır (həmçinin, akt tərtib olunan zamanı da iddiaçının iştirakı təmin olunmamışdır). Qeyd edilməlidir ki, qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(010)-2707/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(010)- 2707/2021 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar