Məhkəmə qərarları › İş №2(103)-768/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-768/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-768/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(009)-434/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən Bakı şəhəri Səbail rayonu X1 küçəsi ev 76, mənzil 34 ünvanında yerləşən 36,7 kv.metr mənzillə bağlı 21 fevral 2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, müqavilənin 1-ci, 2-ci, 3-cü və 4-cü maddələrində qeyd edilmiş öhdəliklərin tam icra olunması, yaşayış üçün zəruri olan bütün şəraitlərin yaradılması, 01 mart 2020-ci il tarixindən qətnamə çıxarılanadək hər ay 300 manat kirayə haqqının, ona dəymiş ziyan olaraq 183500 manat məbləğində (36.7 kv.m x 5000 manat) əldən çıxmış gəlirin, 100000 mənəvi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(009)- 434/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yenə həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 384.0.5, 391, 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-768/2022 saylı işdə iştirak edən İddiaçı İsgəndər qızı və Cavabdeh1 MTK-nın sədri Nümayəndə mübahisə məhkəmə qaydasında davam etdiyi halda, əlavə maddi və mənəvi zərərlərin labüdlüyünü dərk edərək, hər iki tərəfin hər hansı əlavə neqativ nəticədən yayınmaq istəyini və xoş məramını nəzərə alaraq, aşağıdakı şərtlərlə hazırkı barışıq sazişini (Bundan sonra - “Saziş”) bağlamışıq: 1.Saziş tərəflər arasında yaranmış mübahisənin aradan qaldırılması və sülh yolu ilə həll edilməsi (tənzimlənməsi) məqsədi ilə tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə-MPM) 52.3-cü, 191.1ci və 370.1-ci maddələrinə uyğun olaraq bağlanmışdır. 2.Tərəflər aşağıdakı razılığa gəlmişlər: 2.1. İddiaçı ona mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri Səbail rayonu X1 küçəsi 76 saylı evin 34 saylı mənzilinin "xxxx" MTK tərəfindən sökülməsinə və yeni bina inşa edilməsinə 21.02.2018-ci il tarixli aralarında bağlanmış əvəzləşdirmə müqaviləsi əsasında icazə və razılıq vermişdir. Cavabdeh1 MTK bunun müqabilində əvəzinə, İddiaçı İsgəndər qızına Ziya Yusifzadə küçəsi, 133 (köhnə adı Q.Abbasov küçəsi) ünvanında inşa olunan 12 mərtəbəli yaşayış binasının A blokunun 10-cu mərtəbəsində 60 saylı mənzili təmirsiz halda təhvil verir. Bununla yanaşı təmir xərci, kirayə haqqı xərci və əksik olan 1 kvadratın dəyərini ümumilikdə 13000 (on üç min) AZN vəsaiti İddiaçı İsgəndər qızına ödəməyi öhdəsinə götürür. 13000 (on üç min) manat məbləğ tam şəkildə “AccesBankda” İddiaçı İsgəndər qızına məxsus AZ65ACAB******************** saylı hesaba köçürüləcəkdir. 2.2. Yeni mənzil İddiaçı 3 iş günü müddətində təhvil verilməlidir. 2.3. İddiaçı Sazişi imzaladığı andan 3 iş günü müddətində mənzilin təhvil alınması üçün 1 saylı aktı və təhvil-təslim aktına imza atmaq öhdəliyini üzərinə götürür. 2.4. Tərəflər hazırkı iş üzrə bir-birinə qarşı irəli sürülmüş iddia tələblərindən tam imtina edirlər. Tərəflərin bir-birilərinə qarşı gələcəkdə heç bir iddiaları olmayacaq.

3. Tərəflər bəyan edirlər ki, Saziş, onun bütün şərtləri və Sazişin bağlanması qaydası tərəflərin könüllü iradəsini əks etdirir, tərəflərin vicdanlı münasibətlərinin nümunəsidir, qanuna zidd deyildir, hər tərəfin, həmçinin hər hansı digər şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

4. Sazişin bütün şərtləri ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri (vəzifələri), həmçinin Sazişin doğuracağı nəticələr tərəflər üçün tam aydındır.

5. Saziş üzrə götürülən bütün öhdəliklər( vəzifələr) tərəflər üçün məcburidir.

6. MPM-in 262.4-cü maddəsi ilə nəzərdə tutulmuş işin icraatına xitam verilməsinin nəticələri tərəflərə izah olunub və tərəflər üçün aydındır.

7. Saziş heç bir halda ləğv və ya dəyişdirilə bilməz.

8. MPM-in 122.3-cü maddəsinə uyğun olaraq hər tərəf məhkəmə xərclərini və hüquq yardım göstərməyə görə xərcləri özü daşıyır, tərəflər həmin xərcləri bir-birinə ödəmirlər.

9. Tərəflər Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimliyə ərizə ilə müraciət edərək Sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər.

Sazişdə göstərilənlərlə tam razılığımızı bildiririk, heç bir etirazımız yoxdur.”

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(009)- 434/2021 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar