Məhkəmə qərarları › İş №2(103)-7694/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7694/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7694/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, üçüncü şəxs qismində X3 cəlb olunmaqla maddi ziyanın ödənilməsi və mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində X3 cəlb olunmaqla "maddi ziyanın ödənilməsi və mənzilə mülkiyyət hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə 06.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək məhkəmə baxışı zamanı cavabdehin əməllərində cinayət əlamətləri aşkar olunacağı təqdirdə qərardad çıxarılmaqla müvafiq prokurorluq orqanına xəbər verilməsi və Cavabdeh onun xeyrinə dəymiş zərərin əvəzi olaraq ******* ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469-da istifadədə olan 0,06701 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada 133 m2 ümumi sahədən ibarət 3 otaqlı, 34 nömrəli mənzilin tam mülkiyyət hüququnun İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinin xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır və əlavə olaraq göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyator digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etmirlər, Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəfin izahatını və çıxışını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh 01.10.2010-cu il tarixli etiraf ərizəsinə əsasən o, ona məxsus olan Ə.Haqverdiyev küçəsi, ev 23, 34 saylı mənzili borcun əvəzində İddiaçı verir. Yəni 196000 ABŞ dolları borc, ondan (156000 ABŞ dolları + 40000 ABŞ dolları evin krediti) Evi 250000 dollar məbləğində qiymətləndirmişdir. Qalan məbləği İddiaçı Cavabdeh ödəməlidir. Bu müddət ərzində evi öz mülkiyyətinə keçirmir və alğı-satqı etmir. Şərtlərə əsasən Cavabdeh evdən 01.05.2011-ci il tarixədək çıxmalıdır. Daha sonra 3.03.2011-ci il tarixdə həmin vərəqdə cavabdeh qeydiyyat aparmışdır ki, 250000 dollardan qalan qalıq da İddiaçı tərəfindən ona ödənilib. Birinci instansiya məhkəməsində İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh o, təxminən 2000-ci ildən tanımışdır və dostluq, qardaşlıq münasibətləri olmuşdur. Elzadə arabir ondan pul borcu alırdı, lakin sonradan qaytarırdı. 2010-cu ilin fevral ayında Elzadə ona bildirmişdir ki, Almaniya Respublikasında satışda olan otel var, onun tanışları həmin oteli almaq üçün 400000 evro verirlər və onlara otelə şərik olmaq üçün 200000 avro pul düzəldib 20 gün içərisində vermək lazımdır. O da Elzadəyə inandığı üçün Sumqayıt şəhərində qeyri-yaşayış sahəsini və Bakı şəhərində yerləşən 4 otaqlı evini 02.03.2010-cu ildə “Kapital” Bank-ın Sabunçu filialında girov qoyub 170000 manat kredit pul götürmüş və aylıq ödənişi 3400 manat təşkil etmişdir. Bundan sonra o, 170000 manat pulu Bakı şəhərində dostu İlqara verib 20.03.2010-cu il tarixində Almaniya Respublikasına getmişdir. İlqardan o, ona deyəndə pulu Almaniya Respublikasına onun kartına göndərməyini xahiş etmişdir. O, Almaniya Respublikasına getdikdən 5-6 gün sonra Elzadə də ora gəlmiş və onlar Frankfurt şəhərində “Holiday İnn” otelində qalmışlar. O, Elzadəyə satışda olan otelə baxmaq üçün getməyi bildirdikdə Elzadə otel sahibinin İtaliya Respublikasında olduğunu və yaxın vaxtlarda gələcəyini dedi. Bir neçə gün sonra Elzadə ona onun Bakı şəhərində olan Nadir adlı dostuna pul lazım olduğunu bildirmişdir. Ondan Nadirə bir aya qaytarmaq şərti ilə 30000 ABŞ dolları pul verməyini xahiş etmişdir. O da Bakı şəhərində olan dostu İlqara zəng edib ona verdiyi 170000 Manat puldan 30000 ABŞ dolları Elzadənin tanışı Nadir Həsənova verməyini xahiş etmişdir. İlqar da səhəri gün ona zəng edib Nadirə onun sürücüsü vasitəsi ilə 30000 ABŞ dolları verdiyini bildirmişdir. O, Elzadə ilə Almaniyada olarkən Elzadə ondan xərcləməyə pul verməyini xahiş etmişdir. O da ona hissə-hissə, ümumilikdə 26000 ABŞ dolları pul vermişdir. Sonra ona bildirmişdir ki, Almaniyada satılan otelin sahibi gəlmədiyindən işlər alınmadı. X4 getdi. 2010-cu ilin aprel ayında Elzadə ona bildirdi ki, Ukraynada yaşayan dostu Nadirlə yeni ticarət işi qurur. Onların birlikdə görüşməyini təklif etmişdir. 2010-cu ilin aprel ayının son günündə o, Elzadə və Nadir görüşmüşdür. Onlar orada ona Ukrayna dövlətinin Vinniskiy Vilayətində fermaları olduğunu, orada Holland cinsindən olan inək alıb saxlamaqla yaxşı gəlir əldə edə biləcəyini bildirmiş və ona da onlarla şərik olmağı təklif etmişlər. O da onlarla razılaşmışdır. Elzadə təcili olaraq ondan 100000 dollar pul istəmişdir. O da ilk dəfə Bakı şəhəri, Yasamal rayonu ərazisində 50000 ABŞ dolları, səhəri gün isə Yasamal rayonu, Ə.Haqverdiyev, 34 küçəsində əlavə 50000 ABŞ dolları pul vermişdir. Bundan sonra Elzadə Ukrayna Respublikasına inək almaq üçün getmişdir. 05.05.2010-cu ildə o, Elzadəyə zəng edərək bildirmişdir ki, 08.05.2010-cu ildə inəklərə baxmaq üçün Ukraynaya gələcək. O isə etiraz etmişdir. O, onun etirazına baxmayaraq 08.05.2010-cu ildə Ukraynaya getmişdir. Elzadə orada ona bildirmişdir ki, aldıqları inəklər xəstə olduğundan hamısı ölmüşdür. O da Elzadənin bu sözündən sonra ondan verdiyi 156000 ABŞ dollarını pulu banka ödəyərək evlərini girovdan azad etmək üçün qaytarmağını istəmişdir. Elzadə isə 1 ay müddətində Bakıya qayıdıb, ondan aldığı pulları ödəyəcəyini bildirmişdir. Elzadəyə nə qədər pullarını qaytarması üçün zəng etsə də, ona çata bilməmişdir. Həmçinin Elzadə bildirdi ki, Ukrayna Respublikasında sahəsi 1500 hektar olan kalxoz satılır. O, artıq orada şərikdir və o da istəsə ora onu şərik edə bilərlər. Oranın ümumi qiyməti 550000 dollardır. Sonra Elzadə ona təklif etmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 34-də, məhəllə 468-469-da həyat yoldaşı Qalina Petrovnanın adına olan evi 250000 ABŞ dollarına qiymətləndirib müvəqqəti ona verir. O, Elzadənin kalxoz təklifi ilə razılaşdığı üçün 2010-cu ilin oktyabr ayında Ukraynanın Kiyev şəhərinə getmişdir. Orada Nadir, Elzadə və onların tanışı Telman adlı şəxslə görüşmüş, söhbət etmişdir. Onlar da Elzadənin dediklərini təsdiq etdilər. Sonra o, Elzadəyə 3000 dollar pul vermişdir ki, kalxoza aid olan “NİVA İK” şirkətinin borclarını, hansı vəziyyətdə olduğunu qanuni şəkildə araşdırıb audit elətdirsin. O, 18 noyabr 2010-cu ildə onların tələb etdiyi kimi 183000 ABŞ dolarından ilkin olaraq 50000 ABŞ dolları Kiyev şəhərində Elzadəyə vermişdir, o isə “Krişatik” otelində Telman və Nadirə vermişdir. Həmən günü notariat qaydada onların təsisçisi olduğu “Diana 99” şirkətinə 33%-lik payçı elədilər. Gəlir əldə etmişlər. Lakin, o, onu aldadaraq aldığı 250000 ABŞ dolları pullarla öz biznes imperiyasını qurmuşdur. Lakin ondan aldadaraq aldığı 250000 ABŞ dolları ona bəs etməmiş və ondan yenə aldadaraq istifadə etməyə başlamışdır. 13 dekabr tarixinə onun Elzadəyə verdiyi məbləğin cəmi 250000 ABŞ dolları borcu, işə görə isə 159950 ABŞ dolları, ümumilikdə 409950 ABŞ dolları məbləğində pulları Elzadədə cəmlənmişdir. 2010- cu ilin mart ayından 2011-cu ilin yanvar ayına kimi Elzadə tək ondan 445150 Dollar aldadaraq almış, əvəzində heç bir hüquqi iş görməmiş, 18 ildə qazandığı, qurduğu iş yerini, gəlir mənbəyini dağıtmış, onu və ətrafını işsiz və pulsuz qoymuşdur. Beləliklə o, ona 1 milyon dollardan çox zərər vurmuş, mənəvi əzab və istirablar vermişdir. 2011-ci ilin yanvar ayında Elzadə yazılı şəkildə bildirmişdir ki, “Diana 99”-un təsisçisi olduğu “NİVA t K” firmasının pay torpaqlarının resgistrasiya etmək, bu müqavilələrin müddətinin 2018-ci ilə qədər uzadılmasına, əkin-biçinə əlavə xərclər tələb olunacaq. Bununla bağlı bank hesabları açılmalı və s. işlər görülməlidir. Beləliklə 20.07.2011-ci il Elzadə 1 manat xərcləmədən ondan aldığı pulların cəmi: 250000 dollar - Bakıda, evinin adından, 230740 dollar kalxoz üçün, cəmi: 480740 ABŞ dolları ondan almış, heç bir sənəd verməmiş və mənimsəmişdir. Azərbaycan Respublikasında Bakı və Sumqayıt şəhərində 2010, 2011 və 2012 ci illərdə satdıqları mülklərinə görə ona dəymiş ziyanların cəmi bir milyon səkkiz yüz on səkkiz min beş yüz əlli dollar olmuşdur. O, humanistlik göstərərək bu məblığin ******* ABŞ dolları məbləğində pul vəsaitini və ünvan 1 ünvanında yerləşəm 3 otaqlı 34 nömrəli mənzilini və ya onun bazar dəyərini geri istəyir. İdda tələbinin təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçı ilə cavabdeh sovxozla bağlı onun yanında danışmışdır. Onun sovxozda 33% payı qalmışdır. Onların həmin sovxozda 100000 ABŞ dolları dəyərində metalı var idi və o, Ədalətə qalmışdır. Ümumiyyətlə sovxozdan Ədalətə xeyli əmlak qalmışdır. Elzadə ilə iddiaçının söhbətinə şahiddir ki, Elzadə iddiaçıya bildirmişdir ki, onun Elzadəyə 120000 manat borcu vardır. Elzadə isə borcun 20000 manat hissəsini ona bağışlayaraq 100000 manatı tələb etmişdir. O, Ədaləti heç yerdə payçı etməmişdir. Əlavə olaraq qeyd edir ki, Ədalət hətta onların evinə gələrək yoldaşına onun da Ədalətə borcu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin halları odur ki, tərəflər arasında tanışlıq, şəriklik münasibətləri olmuşdur. Cavabdeh iddiaçıya yazılı şəkildə bildirmişdir ki, 250000 dollar iddiaçı tərəfindən ona ödənilib, o isə ona məxsus olan Ə.Haqverdiyev küçəsi, ev 23, 34 saylı mənzili borcun əvəzində İddiaçı verir. Həmin mənzilin girov qoylmasına və satılmasına cavabdeh və onun ailə üzvləri tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizələri verilir. Mübahisə predmeti olan ev İddiaçı tərəfindən banka girov qoyulur. Hazırda iddiaçı ******* ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını və Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, məhəllə 468-469-da istifadədə olan 0,06701 ha torpaq sahəsində yerləşən 23 nömrəli, 17 mərtəbəli binada 133 m2 ümumi sahədən ibarət 3 otaqlı, 34 nömrəli mənzilin tam mülkiyyət hüququnun ona verilməsini xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 250000 dollar verilməsi iş materiallarında olan cavabdehin yazılı ərizəsi ilə sübut olunur. İş materiallarında olan ərizələrdən görünür ki, mübahisə predmeti olan evin iddiaçı tərəfindən satılmasına və girov qoyulmasına razılıq verilmişdir. İddiaçının istinad etdiyi cavabdeh tərəfidən verilmiş yazılı sənəd mənzilə mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz. Məhkəmə o cümlədən qeyd edir ki, sözügedən mənzilin mülkiyyətçisi cavabdeh deyil, X1muşdur. Eyni zamanda hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar