Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-77/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Rabitəbank ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində Yasamal rayon icra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti və "xxxx" ASC cəlb edilməklə) “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(004)- 384/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı üçüncü şəxs qismində Yasamal Rayon İcra və Probasiya Şöbəsi və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətini cəlb etməklə cavabdehlər "Meqa-Siti Holdinq MMC və Cavabdeh2qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 124 nömrəli mənzilin cavabdehlər Cavabdeh2 və "xxxx" Holdinq MMC-yə tərəfindən boşaldılaraq, qanuni qüvvəyə minmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 1493/2018 saylı qətnaməsinin icra olunaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsindən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 124 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çəxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(004)- 384/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilərək Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-cü mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 124 nömrəli mənzilin cavabdehlər Cavabdeh2 və “Meqa-Siti Holdinq" MMC tərəfindən boşaldılaraq, qanuni qüvvəyə minmiş Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 1493/2018 saylı qətnaməsinin icra olunaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binanın 17-cü mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 124 nömrəli mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara və çıxışlarına hüquqi qiymət verməmiş və əsassız, ziddiyyətli qətnamə çıxarmışdır. Belə ki, qətnamənin təsviri hissəsində məhkəmə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə istinad edərək istinad etdiyi halları sübut etməli olduğunu qeyd edir. Lakin iş üzrə tutarlı sübut olan xx.xx.2018-ci il tarixli 2(004)-1493/2018 saylı qətnaməyə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin cavabına heç bir hüquqi qiymət verməmiş, yalnız özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi yerində müayinə keçirmiş, lakin cavabdeh MMC-nin mənafeyinə uyğun qərara gələrək mənzil nömrələrinin sağdan sola sayılması fikrinə gələrək əsassız və qanunsuz qətnamə çıxararaq maddi hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə onun Konstitusiya hüququnu pozmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını tam araşdırmaması nəticəsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Rabitəbank ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və üçüncü şəxslər Yasamal rayon icra və probasiya şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti Cavabdeh2 münasibətdə əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi digər cavabdeh "xxxx" MMC-yə münasibətdə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdeh “Meqa Siti” Holdinq” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınması və həmin mənzilin İddiaçı təhvil verilməsi, cavabdeh “X7” MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsi (İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsimdə inşa edilmiş 1 saylı binanın 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m təşkil edən 2 otaqdan ibarət, şərti olaraq 124 saylı adlandırılmış mənzilin sahəsinə aid olmayan) X3 təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs "xxxx" ASC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1493/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı binanın 17-ci mərtəbəsində ümumi sahəsi 91,4 kv.m-dən ibarət olan 2 otaqlı 124 saylı mənzilə sahiblik hüququnun tanınaraq özünə təhvil verilməsi öhdəliyinin "X8” MMC-yə həvalə edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh «X8” MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən (şərti olaraq üç otaqdan ibarət «124» saylı mənzilin sahəsinə aid olmayan) mənzilin İddiaçı təhvil verilməsinin təmin edilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. İş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli icra edilməyən və ya icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə ünvana gedilmiş, həmin binanın 17-ci mərtəbəsində 91.4 kv.m-dən ibarət 2 otaqlı cəmi 2 mənzilin olduğu müəyyən edilmişdir. Həmin mənzillərdən biri Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2008-ci il tarixli aktla "xxxx" ASC-yə təhvil verildiyi, digər mənzildə isə Cavabdeh2 ailə üzvləri ilə birlikdə xx.xx.2014-cü il tarixli müqavilə əsasında yaşadığı, mənzilin onun tərəfindən təmir olunduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə olunan mənzilin yerində müayinəsi aparılmış və müəyyən olunmuşdur ki, 17-ci mərtəbədə liftdən çıxan kimi soldan sağa mənzillər 125,126,127,128 kimi nömrələnib. Liftdən çıxan kimi sağ tərəfdə yerləşən 124 saylı mənzil "xxxx" ASC-nin sahibliyindədir. 128 saylı mənzil isə Cavabdeh2 sahibliyindədir. 128 saylı mənzilə baxış keçirildi. Mənzil 3 otaqlı, 91.4 kv.m sahədən ibarətdir, təmirlidir. Baxış zamanı 128 saylı mənzildən solda yerləşən 127 saylı mənzilin qapısı döyüldü. Mənzilin mülkiyyətçisi bildirdi ki, mənzil ona Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən verilmişdir. (Qətnaməni oxundu, lakin nüsxəsi iş materiallarına əlavə edilməsi üçün təqdim edilmədi). 16-cı mərtəbədə mənzillər liftdən çıxan kimi soldan sağa 117, 118, 119, 120 kimi nömrələnib. 119 saylı mənzilin qapısı döyülsə də, açan olmadı. Həmçinin 128 saylı mənzildən üst mərtəbədə yerləşən 136 saylı mənzilin qapısı döyüldü. Mülkiyyətçi qapını açdı və bildirdi ki, müqavilədə mənzilin nömrəsi 136-dır. Həmin mənzil 3 otaqdan ibarətdir. Müqavilə isə Səmədova Lalənin adınadır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı da mübahisəli mənzilin, həmin mərtəbədən yuxarıda və aşağıdakı mərtəbələrdə yerləşən mənzillərin yerində müayinəsi aparılmış, bu zaman müəyyən olunmuşdur ki, mübahisəli ünvan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı binada yerləşir, binanın hər mərtəbəsində 8 mənzil vardır, 17-ci mərtəbədə pilləkan meydançası ilə üzbəüz dayandıqda, 4 mənzil sol tərəfdə, 4 mənzil isə sağ tərəfdə yerləşir. Sağ tərəfdəki mənzillər saat əqrəbinin əksi istiqamətində 121, 122, 123 və 124, sol tərəfdəki mənzillər isə saat əqrəbi istiqamətində olmaqla, 125, 126, 127, 128 rəqəmləri ilə nömrələnmişlər. Həmin mərtəbədə yalnız 2 mənzilin (124 və 128 saylı mənzillər) sahəsi 91,4 kv.m təşkil edir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, 128 nömrəli qeyd olunmuş mənzil onun mənzilidir, həmin mənzil əslində 124 saylı mənzildir, sonradan dəyişdirilib 128 qeyd olunmuşdur, bütün binalarda mənzillərdə soldan sağa sayılır. Sədrlik edən üzərinə 126 qeyd olunmuş mənzilin sahibindən həmin mənzilin neçə saylı mənzil olduğunu soruşur. Mənzilin sahibi həmin mənzilin 126 saylı mənzil olduğunu qeyd edir. Mənzilin sahibi müqaviləni təqdim edir. Müqavilənin 126 saylı mənzilə aid olduğu müəyyən edilir. Sədrlik edən həmin mənzillə üzbəüz olan mənzilin sahibindən onun mənzilinin neçə saylı mənzil olduğunu soruşur. Mənzil sahibi 122 saylı mənzil olduğunu qeyd edir. Sədrlik edən 15-ci mərtəbədəki mənzillərə baxış keçirir. Baxış zamanı müəyyən olunur ki, 17-ci mərtəbədə yerləşən 128 saylı mənzilin yerində 15-ci mərtəbədə 112 saylı mənzil yerləşmişdir. Binanın 12-ci mərtəbəsində baxış zamanı müəyyən olunur ki, sol tərəfdə yerləşən mənzillər soldan sağa (saat əqrəbi istiqamətində) 85, 86, 87, 88, sağ tərəfdə yerləşən mənzillər isə sağdan sola (saat əqrəbinin əksi istiqamətində) 81, 82, 83, 84 rəqəmləri ilə nömrələnmişlər. Binanın bütün mərtəbələrinə keçirilən baxış zamanı müəyyən olunur ki, binada girişdən sol tərəfdə yerləşən mənzillər soldan sağa (saat əqrəbi istiqamətində), sağ tərəfdə yerləşən mənzillər isə sağdan sola (saat əqrəbinin əksi istiqamətində) nömrələnmişdir. Qeyd edilən nömrələməni nəzərə aldıqda, iddiaçının boşaldılmasını tələb etdiyi mənzilin 128 saylı mənzil olduğu, 124 saylı mənzilin isə həmin mənzilə bitişik yerləşən digər mənzil olduğu müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçının iddia etdiyi mənzilə olan hüquqları onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilədən irəli gəldiyindən bu mənzilin həmin müqavilə ilə nəzərdə tutulmuş 124 saylı mənzil olmasını sübut etmək yükünü də iddiaçı daşıyır. Lakin iddiaçı bu iddiası ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və yalnız çoxmənzilli yaşayış binalarında mənzillər soldan sağa istiqamətdə nömrələnməli olduğundan, həmin qayda ilə nömrələmə aparıldıqda isə cavabdehin istifadəsində olan 128 saylı mənzil əslində 124 saylı mənzil hesab edilməli olduğundan, məhz həmin mənzilin boşaldılaraq ona təhvil verilməli olduğunu bildirir. 10 may 2013-cü ildə təsdiq edilmiş AZS ***-**** saylı “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi” Standartının 4.10.2-ci bəndinə əsasən çoxmənzilli yaşayış binalarında mənzilin mərtəbə üzrə nömrəsi həmin mərtəbəyə qalxan pilləkənin yuxarı hissəsindən baxanda pilləkən meydançasının solundan başlamaqla saat əqrəbi istiqamətində 1-dən başlayaraq ardıcıl nömrələmə qaydasında mənzilə nömrə verməklə formalaşır. Kollegiya qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında mənzilə dair xx.xx.2008ci ildə bağlanmışdır, istinad edilən bu standart isə 2013-cü ildə yəni müqavilə bağlandıqdan təxminən 5 il sonra qəbul edilmişdir. Kollegiya həmçinin hesab edir ki, müqavilə bağlanarkən belə bir standartın mövcud olması halında belə, binadakı mənzillərin həmin standarta uyğun olmayan şəkildə nömrələnməsi özü-özlüyündə hazırkı iddianın əsaslı olması anlamına gəlmir və yalnız nömrələmədə yol verilmiş yanlışlığın aradan qaldırılaraq, standartlara uyğun yeni nömrələmənin aparılması üçün əsas ola bilər. Bu dəlil hazırkı iddianın əsaslılığı baxımından o zaman əsaslı hesab edilə bilərdi ki, binada olan mənzillər həmin standarta uyğun nömrələnmiş olsun və sonradan hazırkı mövcud vəziyyətinə uyğun şəkildə nömrələnmə dəyişdirilsin. Lakin hazırkı işin hallarından belə bir vəziyyətin əvvəllər mövcud olması sübuta yetmir. Beləliklə, hazırkı işin araşdırılan halları ilə Cavabdeh2 istifadəsində olan 128 saylı mənzilin iddiaçıya təhvil verilməli olan 124 saylı mənzil olması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübutetmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(004)- 384/2020 saylı qətnaməsi Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamənin "xxxx" MMC-yə aid hissədə ləğv edilərək, ona münasibətdə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-77/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-77/2022
26.05.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver