Məhkəmə qərarları › İş №2(103)-7703/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7703/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7703/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, lizinq müqaviləsi üzrə əsas borc kimi 21.567,62 manat, faiz borcu kimi 10.275,62 manat, dəbbə borcu 7.500 manat, cəmi 39.342,78 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, lizinq müqaviləsi üzrə əsas borc kimi 21.567,62 manat, faiz borcu kimi 10.275,62 manat, dəbbə borcu kimi 100 manat, cəmi 31.943,24 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 əvvəlki məhkəmə iclasında iştirak edərkən apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir. O, sonuncu məhkəmə iclasıa gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında “BMW 535i” markalı avtomobilə dair 05.05.2017-ci il tarixli, 190 №-li lizinq müqaviləsi bağlanmışdır. Lizinq müddəti 60 ay müəyyən edilmiş və cavabdehin ödəməli olduğu məbləğ ödəniş cədvəlində göstərilmişdir. Cavabdeh bildirir ki, avtomobil təxminən 7-8 ay onun sahibliyində olmuş, daha sonra avtomobili iddiaçıya qaytarmışdır. Cavabdeh bunu onunla izah edir ki, avtomobildə nasazlıqlar yaranmış, avtoservisdə yoxlama zamanı müəyyən edilmişdir ki, avtomobil ABŞ-da suda batıb və bu fakt avtomobilin tarixçəsində öz əksini tapıb. Lizinq müqaviləsi bağlanarkən cavabdeh bu barədə ona məlumat verməmişdir. Ona görə də avtomobili geri qaytarmışdır. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı verdiyi izahatında avtomobilin lizinq şirkətinə daxil olduğunu etiraf etmiş, bunun 2020-ci ilin oktyabr ayında baş verdiyini bildirmişdir. İddiaçının nümayndəsi daha sonra bildirmişdir ki, həmin vaxt avtomobili lizinq şirkətinin əməkdaşları Bakı şəhəri, Babək prospektindəki avtosalonun qarşısında aşkar etmişlər. İzahatda qeyd edilənləri təsdiq edən sübutun (akt və s.) təqdim edilməsi iddiaçı tərəfə təklif edilmiş və bununla bağlı məhkəmə baxışı təxirə salınmışdır. Lakin iddiaçının nümayəndəsi sübut təqdim etməmiş, növbəti məhkəmə iclasına isə gəlməmişdir. Cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş DYP arayışından görünür ki, 19.09.2019-cu ildə avtomobil başqa şəxs (X1) tərəfindən idarə edilmiş, həmin şəxs göstərilən tarixdə yol hərəkəti qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də iddiaçı tərəfin məhkəməyə verdiyi, avtomobilin lizinq şirkətinə 2020-ci ilin oktyabr ayında daxil olması barədə məlumat həqiqi sayıla bilməz. O cümlədən qeyd olunmalıdır ki, iddiaçı tələb etdiyi məbləği 29.01.2020-ci il tarixinədək hesablamışdır. Halbuki, bu tarixdən 4 ay əvvəl - 19.09.2019-cu ildə artıq həmin avtomobili başqa şəxs idarə edirdi. İddiaçı avtomobilin lizinq şirkətinə qaytarıldığı tarix barədə sübut təqdim etmədiyinə görə hesab olunmalıdır ki, avtomobil 2018-ci ilin fevral ayında (yəni lizinq müqaviləsinin bağlandığı tarixdən 9 ay sonra) geri qaytarılıb. Belə ki, iddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi arayışa görə lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən 05.02.2018-ci il tarixədək (yəni 9 ay ərzində) ödəniş olub. Cavabdeh bildirir ki, avtomobil təxminən 7-8 ay onun sahibliyində olub, daha sonra avtomobili iddiaçıya qaytarıb. Cavabdehin izahatı da təxminən həmin tarixə uyğun gəlir. Cavabdeh bildirir ki, avtomobili geri qaytarana kimi lizinq müqaviləsi üzrə 18.000 manata yaxın pul ödəmişdir. İddiaçının apellyasiya icraatı zamanı təqdim etdiyi arayışa görə 05.02.2018-ci il tarixədək cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə edilmiş ödənişin cəmi məbləği 10.271 manat təşkil edir. Lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh həmin tarixədək 13.956,21 manat, lizinq müddətinin (60 ayın) sonuna isə cəmi 93.041,22 manat ödəməli idi. İddiaçının 9 aylıq dövrə görə 10.271 manat məbləğində pul əldə etməsi və avtomobili öz mülkiyyətində saxlaması nəzərə alınarsa, onun iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etməsi əsaslı deyil. Bu tələbin arxasında lizinq verənin hər hansı mənafeyi dayanmır. Mülki Məcəllənin 750-ci maddəsində qeyd olunub ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Göründüyü kimi, lizinq verənə öz mənafelərinə aid olmayan tələbləri irəli sürməsi qadağan edilib. Həmin maddədə daha sonra qeyd olunub ki, tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İddiaçı avtomobilin qalıq dəyəri barədə məhkəməyə məlumat verməmiş, onu dəyərdən salan hadisələrin (məs., avtomobil qəzasının və s.) baş verməsi müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, cavabdeh avtomobil iddiaçıya ondan təhvil aldığı vəziyyətdə geri qaytarmışdır. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar