Məhkəmə qərarları › İş №2(103)-7704/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7704/2021

28.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7704/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndısi (vəkili) X3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 3 saylı “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mərhum qayınatası X1 və mərhum qayınanası X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, 12 nömrəli mənzilin 2/3 hissəsi üzərində və "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 98 saylı mənzilin 2/3 hissəsi üzərində övladları Bəxtiyar və Sevincin vərəsəlik paylarının müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6678/2019 saylı, 23.06.2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbirinin tətbiqi ilə bağlı iddiaçının ərizəsi təmin olunmuş və işə mahiyyəti üzrə baxılıb qutaranadək Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 4a, mənzil 12 və "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 2 ünvanda yerləşən 98 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin mənzil üzərinə həbs qoyulması barədə 28.10.2019-cu il tarixli, qərardadının ləğv olunmasını xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı iddiası Yasamal Rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qətnaməsi ilə rədd olunmuş, qətnamə qanuni qüvvəyə minmiş və hazırda mənzilin üzərində həbsin qalmasına zərurət aradan qalxmışdır. Yasamal Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim A.Məmmədov, iş № 2(004)-6678/2019) ərizə təmin olunmuşdur. İddiaçı sözügedən qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, qanunla miras qoyanın ölümü ilə övladlarının mənzilin bir hissəsi üzərində vərəsəlik hüquqları yaranmışdır. Yəni, iddianı təminetmə tədbirləri barədə ərizədə hər hansı başqa şəxsə məxsus mənzildən söhbət getmir, məhz hissəvi qaynanasına məxsus və övladlarının miras almaq hüquqları yaranmış mənzildən söhbət gedir. Bu mənzillərə övladları ilə mülkiyyət hüququ qazanmışdır, cavabdehin məqsədi onları mülkiyyətdən məhrum etməkdir. Qərardadın ləğv edilməsini və cavabdehin ərizəsinin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında şikayəti qəbul etməyərək rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinin ləğvi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İşdən göründüyü kimi, hazırkı iş üzrə iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır və mübahisə predmeti olan mənzilin üzərində həbsin saxlanılmasına hər hansı zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162-ci maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 23 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar