Məhkəmə qərarları › İş №2(103)-7705/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7705/2021

13.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7705/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququnun təmin edilməsi, mənzilin hərrac qaydasında satılması və paylar üzrə bölünməsi” tələbinə dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-2616/2021 saylı işi üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzildən iddiaçının istifadə etməsi ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilinin hərrac qaydasında satılaraq məhkəmə qərarı ilə müəyyənləşdirilmiş paylar üzrə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2020-ci il tarixli 2(102)- 736/2020 nömrəli qərarı ilə iddiaçı X1 şikayəti qismən təmin edilərək Cavabdeh kasassiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)-7570/2019 saylı qətnaməsi mənzilə payların müəyyən edilməsi hissəsində dəyişdirlərək Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi, ev 8A, 10 saylı mənzilə iddiaçı X5 3/5 hissədə, Cavabdeh 2/5 hissədə payları tanınmaqla, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır; 16.09.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və X2 rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. (iş səh. 9, 14), Cavabdeh 26.05.2021-ci il tarixində etirazı təqdim edərək, İddiaçı ona qarşı olan iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və bildirmişdir ki, tərəfindən dəfələrlə sözügedən əmlakın məhkəmədən kənar könüllü olaraq açıq bazarda satışa qoymağı və real dəyərinə satılmasını, payalar uyğun vəsaitin bölünməsini təklif etsə də, iddiaçı heç bir səbəb olmadan bundan imtina etmişdir. Cavabında isə guya həmin əmlakın dəyərinin 100000 manat təşkil etməsini və buna görə də ona düşən paya görə 40000 manat verməyi təkil etmişdir. Təbii ki, bu halla razılaşa bilməzdi. Çünki mütəxəsislərdən öyrənmişdir ki, təmırsiz (podmayak) vəziyyətdə onların binasında mənzilin kvadratı 1700 manat, super təmirli vəziyyətdə 2200 manat təşkil edir. Onların mənzilin orta təmirli olmasını və ümumi sahəsinin 100 kv təşkil etməsini nəzərə alaraq, birmənalı şəkildə qiymətinin 200000 manat olması qənaətinə gəmək olar (iş səh.40). Nərimanov Rayon Məhkəməsinin 2(005)-2616/2021 saylı işi üzrə 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.4, 213.1, 220 -cı maddələrinhə istinadən qeyd edilmişdir ki, işin hallarından göründüyü kimi iddiaçının əmlak üərində pay hüququ olsa da, həmin əmlakın naturada bölgüsünün mümkünlüyü ilə bağlı müraciət etmədən bilavasitə əmlakın hərraca çıxarılması ilə bağlı müraciət etmişdir. Eləcə də tərəflərin birinin digərinə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsilə bağlı təklifləri də mövcud deyildir.Digər tərəfdən iddiaçının mənzildən istifadə etməsilə bağlı qanunsuz hərəkətlərin nədən ibarıt olduğunu sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin iş № 2(005)-2616/2021 saylı işi üzrə, 26.05.202l-ci il tarixli Qətnaməsinin ləğv edilməsi və Apellyatorun iddia tələbinin təmin edilməsi barədə yeni Qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4, 220.6; MPM-nin 217.1, 384.0.2, 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Tərəflər arasında olan nikah pozulduğundan, onların birgə yaşayışı mümkün olmadığından, mübahisə edilən mənzilin 3/5 hissəsinə iddiaçının hüququ tanınmasına baxmayaraq cavabdeh iddiaçını və onunla yaşayan 3 (üç) övladını həmin mənzilə cavabdeh tərəfindən buraxmadığından iddiaçı 3 (üç) övladları ilə birlikdə kirayədə yaşamaq məcbur olmuşlar. Qeyd olunanlara əsasən Apellyator (iş üzrə iddiaçı) Cavabdeh qarşı “mülkiyyət hüququnun təmin edilməsi, mənzilin hərrac qaydasında satılması və paylar üzrə bölünməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2616/2021 saylı 26.05.2021-ci il tarixli Qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Mübahisəli mənzilin naturada bölgüsü, birgə yaşayışın mümkün olmamasını və mənzillə bağlı kompensasiya məbələği ilə razılaşmadığını cavbabdeh məhkəmə zalında bildirmişdir. Bu isə dolayı yolla iddianı etiraf etmək deməkdir.Bundan başqa mənzilin naturada bölgüsü ilə bağlı qeyd edilir ki. mənzil coxmənzilli binada yerləşməsini, otaqların iç-içə olmasını, bir giriş-çıxışı olduğunu və iddiaçı X4 3/5 hissədə, Cavabdeh 2/5 hissədə payları olmasını nəzərə alaraq həmin mənzilin naturada bölünməsinin mümkün olmaması açıq-aşkardır. Mübahisə edilən mənzilin 3/5 hissəsinə iddiaçının hüququ tanınmasına baxmayaraq cavabdeh iddiaçını və onunla yaşayan 3 (üç) övladını həmin mənzilə buraxmır. Bu səbəbdən də iddiaçı 3 (üç) övladları ilə birlikdə kirayədə yaşamaq məcbur olmuşlar. Bu isə iddiaçının mülkiyyət hüququnun pozulması deməkdir. Cavabdeh isə məhkəmə zalında acıq-aşkar qeyd etmişdir ki, onların birgə yaşayışı mümkün olmadığından iddiaçını evə buraxmayacaq, iddiaçı ancaq ev satıldıqda ona düşən payını ala bilər. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 213-225; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli qərarı, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ardıcıllığının qanunvericiliklə müəyyən edilmişdir. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İlk növbədə tərəflər əmlak hüquqların dövlət reyestrində qeydə almalıdır (iş üzrə mülkiyyət hüquqlarının qeydiyyatı barədə sübutlar təqdim edilməmişdir). Növbəti addım tərəflərin mübahisəli məsələlər üzrə (rəsmi müraciətlərin ünvanlanması yolu ilə) danışıqlar aparmaq imkanlarından istifadə edərək razılığa gəlmək imkanlarının müəyyən edilməsi, ondan sonra (bu mümkün olmadıqda) əmlak paylarının naturada bölgüsü və sairə üzrə mübahisənin prosedur ardıcıllığına riayyət edilməsidir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Əks halda iddiaçının subyektib mükalimələri əsasında prosedur qaydalara riayyət edilmədən mülki mühakimənin həyata keçirilməsi (mülkün hərraca çıxarılması barədə qərarın verilməsi) mövcud mülkiyyət və digər əlaqəli hüquqların pozulmasına və hüquqlardan sui-istifadəyə şərait yaradan haldır. Diqqətə çatdırılmalıdır ki, mülkün biləvasitə istifadə edilməsində maraqlı olan şəxslərin pretenziya qaydalarına riayyət edərək mübahisələri razılıq əsasında həll etmək imkanları tükənməmişdir və bu mənada bu imkandan istifadə etmək hüququna malikdirlər. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2616/2021 saylı işi üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar