Məhkəmə qərarları › İş №2(103)-7711/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7711/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7711/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən Cavabdeh istifadə hüququna 20.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh üç azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiyanın verilməsinin eyni gündə icra olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh onun oğlu X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikahdan üç uşaqları anadan olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi əsasında Cavabdeh mübahisə predmeti olan mənzilə istifadə hüququ tanınmış və sonuncu azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə qeydiyyata alınmışdır. Halhazırda cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşayır və o, mülkiyyətində olan evə daxil ola bilmir. Münasibətləri normal olmadığından onların mənzildə birlikdə yaşamağı da mümkün deyildir və buna görə də o, faktiki olaraq mülkiyyətində olan yaşayış sahəsindən məhrum olunmuşdur. Hal-hazırda onun tərəfindən cavabdehlərə 20.000 manat məbləğində kompensasiya təklif olunur. Həmin məbləğ cavabdehlərə davamlı surətdə və uzun müddət ərizində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Bundan başqa o, Alatava qəsəbəsində yerləşən evinin yuxarı mərtəbəsində öz hesabına cavabdehin yaşaması üçün sahəsi 84 kv.m olan ev inşa etmiş, lakin sonuncu orada yaşamaqdan imtina etmişdir. Həmin yaşayış sahəsinin söküləcəyi təqdirdə sahə üçün veriləcək kompensasiya məbləği də bütünlükdə iddiaçıya veriləcəkdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilinə mülkiyyət hüququnun tanınması və qalıq borc olan 2.000 ABŞ dolları məbləğində pul vəsaitinin onlardan alınaraq İddiaçı ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi və İddiaçı ilə oğlu Rasif arasında olan şifahi müqaviləyə əsasən ödənilən pul məbləği nəzərə alınaraq Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilinə onların mülkiyyət hüququnun tanınması və qalıq borc olan 2.000 ABŞ dolları məbləğində pul vəsaitinin onlardan alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə təqdim etmiş, lakin faktiki olaraq iddianın predmetini dəyişərək İddiaçı ilə oğlu Rasif arasında olan şifahi müqaviləyə əsasən ödənilən pul məbləği nəzərə alınaraq Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilinin müqabilində 130.000 manat məbləğində pul vəsaitinin ödənilməsi və mənzilin boşaldılmasının eyni vaxtda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, X8 ilə ailə qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilinə köçmüş və orada yaşamışdır. Həm qayınatası İddiaçı, həm də qayınlarının hər birinin ayrı - ayrılıqda evləri və torpaq sahələri vardır. Rasif ona bildirmişdir ki, qardaşı və atası ilə razılıq əldə etmiş ki, hallallıq kimi onlara 20.000 ABŞ dolları məbləğində pul göndərsin və mənzil onların mülkiyyətinə keçirilsin. 2012-2013-cü illər ərzində X1 həm onun adına, həm də atası Arifin və qardaşı Maarifin adına pul göndərmişdir. O, adına verilmiş pulları qayınatasına vermiş, sonuncu isə qəbzlərin arxasında hesablama və qeydlər aparmışdır. X1 ümumilikdə təxminən 18.000 ABŞ dolları məbləğində pul göndərmiş, sonradan işlərində ciddi problemlər yarandığından qalan 2.000 ABŞ dolları məbləğində pulu göndərə bilməmişdir. Buna görə də onların arasında söz-söhbət olmuş və qaynı Maarifin təkidi ilə mübahisələrə zəmin yaranmışdır. Qayınatası Arif və qaynı Maarif Rasifin gönərdiyi pulla, qayınatasına məxsus evin üzərində ümumi sahəsi 90 kv.m olan yaşayış sahəsi inşa etdirmişlər və ona 30.000 manat məbləğində pul və həmin yaşayış sahəsində yaşamağı təklif etmişlər. Lakin o, bu təkliflə ona görə razılaşmamışdır ki, onun himayəsində psixoloji cəhətdən sağlam olmayan uşağı vardır. Bundan başqa, həmin tikili söküntü zonasına düşür və söküntü baş tutduğu zaman ona təklif olunacan kompensasiya məbləği 130.000 manatdan çox təşkil edəcəkdir. Ona təklif olunan 30.000 manat məbləğ də həmin məbləğə əlavə olunarsa, ümumilikdə 160.000 manat təşkil edir. Lakin o, hal-hazırda ona 130.000 manat verildiyi təqdirdə həmin mənzildən çıxmağa razıdır. Cavabdeh göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma barədə ilkin iddiasının təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, Cavabdeh 3 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən çıxarılması və onların mənzildən çıxarılmasının kompensasiyanın verilməsi ilə eyni vaxtda icra edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildən mübahisəli mənzildə əri və övladları ilə yaşayır, hazırkı iş üzrə iddiaçı olan qayınatası həmin mənzili onlara vermiş və halallıq olması üçün 20.000 ABŞ dolları ilə razılaşmışlar. Onun əri həmin pulu ödəmək üçün Rusiya Federasiyasında işləməyə getmiş və 18.000 ABŞ dolları ödəmişdir. Lakin 2.000 ABŞ dollarını ödəmədiyi üçün aralarında mübahisə baş vermiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Artıq 13 ildir ki, həmin mənzildə yaşayır, kommunal xərcləri ödəyir. Bakı Apelyasiya Məhkəməsinin qüvvəyə minmiş xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4395/2019 saylı, xx xxxxxxx 2019-cuil tarixli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-817/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və ilkin iddia tələbi təmin edilməmiş, qətnamənin apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması, cavabdehə iddiaçıya ödədiyi pulla bağlı əsassız varlanma barədə iddia tələbi ilə ayrıca ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilmısi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Cəfərli Cəfər Südeyüb oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4022/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov (sədrlik edən məruzəçi), Gündüz Quliyev və Zaur Əliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 2(103)-817/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin İddiaçı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissəyə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması haqqında Bakı Apelyasiya Məhkəməsinin 2(103)-817/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermədiyindən, həmin hissədə qətnamə qanuni qüvvəsini almış və kassasiya baxışı predmeti olmamış, buna görə də hazırki apelyasiya baxışının predmeti cavabdehin apelyasiya şikayəti üzrə ilkin iddia tələbinə münasibətdə yoxlanılmalıdır. Apelyasiya məhkəməsinin iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, 2007-ci ildə X8 ilə ailə qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilinə köçmüş və orada yaşamışdır. Hazırkı günədək də həmin evdə yalnız o, əri və övladları yaşayır, qayınatasının başqa evi var. Sonra qayınatası onlara bildirmişdir ki, halallıq məqsədilə ona 20.000 ABŞ dolları pul versinlər. Onlar da həmin pulun 18.000 ABŞ dollarını ödəmişlər. Bunu təsdiq edən qəbzlər də var, qalan 2.000 ABŞ dollarını ödəyə bilmədikləri üçün qayınatası hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, həmin mənzildə o, qeydiyyatda ola-ola onun xəbəri olmadan iddiaçı mənzili özəlləşdirmişdir. Kompensasiya məbləği çox aşağıdır, onun üç azyaşlı uşağı var, uşaqlarından biri daun sindromludur. Həmçinin, məhkəməyə qədər qayınatası onlara müəyyən məbləğdə pul və öz evinin həyətində olan tam şəraitli özbaşına tikilini təklif etmiş, onlar bu mənzili artıq aldıqları üçün buna razılaşmamışlar. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə əsasında nümayəndəsi X6 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh 2007-ci ildən həmin evdə öz ailəsi və övladları ilə birlikdə yaşayır. Mənzil bağlı məhkəmə mübahisəsi gedə-gedə İddiaçı həmin mənzili özəlləşdirib. Həmin mənzildə ancaq cavabdehin ailəsi yaşayıb. Təklif olunan kompensasiya məbləği cavabdehin üç uşaqla normal şəraiti olan mənzil ala bilməsi üçün yetərlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Akif Məmmədovun nümayəndəsi Maİddiaçı və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4395/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və ilkin iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsində yerləşən 3 saylı evin, 38 saylı mənzilinə dair çıxarış verilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyesrtində 2603 nömrəli reyestr kitabının 242570 nömrəli vərəqində xx xxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 mart 2019-cu il tarixli, ******* №-li arayışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilində X11, X9, X7, X3, X12, X4 və X6 daimi qeydiyyatdadırlar. İş materiallarında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )- 2633/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilindən Cavabdeh istifadə hüququna 15.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən çıxarılması, Cavabdeh İddiaçı qarşı çıxarışın ləğv olunması və payların müəyyən edilməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8853/2018 şaylı, xx xxxx 2018-ci il tarixli, qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2633/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-346/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8653/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yusif qızı xx xxxx 2007-ci ildə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X8 ilə ailə qurduqdan sonra Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin 38 saylı mənzilinə köçmüş və orada yaşamışlar. 2007-ci ildən hal-hazıradək mübahisəli mənzildə yalnız Cavabdeh, əri Rasif Feyziyev və üç övladları yaşayırlar. İddiaçı mübahisəli mənzilin faktiki olaraq mülkiyyətçisidir, cavabdeh AmaliyaFeyziyeva isə mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü kimi həmin yaşayış sahəsinə daimi yaşamaq üçün köçərək, orada yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu əldə etmişdir. Odur ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı AmaliyaFeyziyeva və üç azyaşlı uşaqları mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi həmin mənzildən istifadə hüququna malik olan cavabdeh AmaliyaFeyziyevanın kompensasiya verilməsi yolu ilə mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X14 küçəsi, 3 saylı evin, 38 saylı mənzilindən istifadə hüququna xitam verilməsi müqabilində ona təklif olunan 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi istifadəçiyə təxminən 4 ildən artıq müddətdə həmin mənzildə xas olan şəraitə malik digər yaşayış sahəsində yaşamaq imkanı verir və buna görə də ilkin iddia təmin olunmalıdır. Lakin, məhkəmə kollegiyası iddiaçının cavabdehə kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaqda haqlı olması barədə birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab etsə də, təklif olunan kompensasiya məbləğini yetərli,ədalətli və ağlabatan hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin işdə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə razılaşdırılmaqla təmin olunmalıdır. Göründüyü kimi, istifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında şərh edilmişdir ki, “Mülki Prosessual Məcəllənin 218.1 və 218.3 maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2 maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.” Məhkəmə kollegiyası iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təklif etdiyi 20.000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Hazırkı işin apelyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçı tərəfə kompensasiyanın daha artıq məbləğə qaldırılması təklifini irəli sürmüşdür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh üç uşağı var, onlaryetkinlik yaşına çatmamışlar, Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqlar da mübahisəli yaşayış sahəsində mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onlar 13 (on üç) ildən artıq müddətdir mübahisəli mənzildə fasiləsiz yaşayırlar. Qeyd olunan halları, uşaqların mənafeyini nəzərə alaraq məhkəmə kollegiyası kompensasiya məbləğinin qaldırılmasını təklif etmiş, buna baxmayaraq iddiaçı tərəf daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmamışdır. Məhkəmə kollegiyası təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır və hesab edir ki, həmin məbləğ yuxarıda qeyd olunanlar nəzərə alınmaqla daha artıq olmalıdır. Lakin, iddiaçı rəsmi olaraq daha artıq məbləğdə kompensasiya təklif etmək niyyətində olmadığı üçün onun iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticəsi işin faktiki hallarına uyğun olmamış və məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibərləri üzrə səhv nəticəyə gəlmişdir. Bu da, apelyasiya şikayətində sadalanan dəlillər və işin halları birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsas yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 390.0.2-ci maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6746/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən qismən, ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamə apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar