Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7712/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2021 saylı mülki iş üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul və icarə obyektinin geri verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-nin istifadəsindən alınaraq iddiaçıya təhvil verilməsi, dəymiş zərərə görə 2500 (iki min beş yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən tutulması və ödənilməmiş 8000 (səkkiz min) manat məbləğində icarə haqqının Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında 04.11.2020-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 121,6 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh MMC-yə 04.11.2021-ci il tarixinə qədər icarəyə verilmişdir. Bunun müqabilində isə icarəçi hər ay 2000 (iki min) manat məbləğində icarə haqqını iddiaçıya ödəməli idi. Cavabdeh icarə müqaviləsi üzrə bir sıra öhdəliklərini yerinə yetirməyərək iddiaçıya xeyli miqdarda maddi zərər vurmuşdur: 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndinə əsasən, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri həyata keçirə bilməz. Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, sahəsi 121,6 kv.m. olan qeyri-yaşayış sahəsində əsaslı təmir-tikinti işləri həyata keçirmişdir. Təmir nəticəsində icarə obyektinin ilkin vəziyyəti xeyli dəyişmişdir. Bundan başqa, cavabdeh həmin qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsi üçün iddiaçıya ümumiyyətlə müraciət etməmiş və bu barədə iddiaçının razılığını almamışdır. Göründüyü kimi, icarə müqaviləsinin müddətinin cəmi 1 il müəyyən edilməsi iddiaçının yaxın zaman ərzində həmin obyekti geri təhvil alacağının göstəricisidir. Bu səbəbdən də, cavabdeh təmir işləri görərək obyektin görünüşünü öz mənafeyinə uyğun şəkildə dəyişdirməzdən əvvəl mütləq şəkildə iddiaçının razılığını almalı idi. Onun həmin obyekti özbaşına təmir etməsi iddiaçının maddi zərər görməyilə nəticələnmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması 2500 (iki min beş yüz) manatdan çox xərc tələb edəcəkdir. Odur ki, cavabdeh 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 8-ci bəndi ilə müəyyən edilən öhdəliklərini yerinə yetirmədiyindən maddi məsuliyyət daşıyır. Bu səbəbdən də 2500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 04.11.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İddiaçı qeyd edir ki, Cavabdeh MMC-yə 17.02.2021-ci il tarixli pretenziya məktubunda bildirilmişdir ki, növbəti aydan cavabdehin ödəməli olduğu icarə haqqının məbləği 5000 (beş min) manat təşkil edəcəkdir. Cavabdeh bu şərtlə razılaşmadığı təqdirdə isə, icarə müqaviləsi ləğv edilir. Bu səbəbdən də müqavilədə müəyyən olunan müddət ərzində icarəyə götürülən obyekt iddiaçıya təhvil verilməli idi. Cavabdeh qeyd edilən məsələ ilə bağlı olaraq iddiaçıya ümumiyyətlə münasibət bildirməmişdir. Onun hərəkətsizliyi və bu aylar ərzində icarə haqqını ümumiyyətlə ödəməməsi isə iddiaçı tərəfindən irəli sürülən bu şərtlə razılaşmaması kimi qiymətləndirilməlidir. Bununla da cavabdehin xəbərdar edildiyi gündən etibarən 1 ay ərzində icarə obyektini təhvil vermək öhdəliyi yaranır. Odur ki, cavabdehlə aralarında bağlanılan 04.11.2020-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilir. Cavabdeh 1 ay qabaqcadan dəfələrlə şifahi və yazılı şəkildə xəbərdar edilsə də, o, hələ də icarəyə verilən qeyri-yaşayış sahəsində öz fəaliyyətinə davam edir. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi məhkəmənin qətnaməsi ilə cavabdehin qanunsuz istifadəsindən alınmalıdır. Cavabdeh MMC son 4 ay ərzində icarə haqqını ödəməmişdir. 17.02.2021-ci il tarixli pretenziya məktubunda ondan əvvəlki 3 ayın ödənişini həyata keçirmək tələb olunmuşdur. Lakin, cavabdeh icarə haqqını ödəməkdən qəsdən boyun qaçırır. Bu səbəbdən də hər ay üçün 2000 (iki min) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli 2(005)- 2227/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 (səkkiz min) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan icarə haqqının ödənilməsi üçün bank hesabı verməsini tələb etmiş, lakin iddiaçı bununla bağlı heç bir hərəkət etməmişdir. Ona görə də iddiaçıya icarə haqqını nağd şəkildə ödəmə məcburiyyətində qalmışdır. O, yalnız son ayın icarə haqqını ödəməmişdir. Buna görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2021 saylı mülki iş üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qətnaməsinin dəyişdirilərək, 1 ay icarə haqqı borcunun olması və icarə haqqının iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2227/2021 saylı mülki iş üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İş materiallarında olan 04.11.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 04.10.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Bu müqavilənin 4-cü bəndinə görə icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Cavabdeh “İcarəyə verən” İddiaçı aylıq 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) icarə haqqı ödəyir. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuşdur. İddiaçı bildirir ki, cavabdeh 4 aylıq icarə haqqını ödəməmişdir. İş materiallarında olan İddiaçı Qaraş oğlu tərəfindən Cavabdehnə ünvanlanmış ərizənin surətindən görünür ki, cavabdeh 3 aya yaxın bir müddətdir ki, icarə haqqı ödəmir. Cavabdehin borcu 6000 (altı min) manat təşkil edir. İcazəsiz aparılan təmir-tikinti işləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Bu səbəbdən də dəymiş maddi ziyanın ödənilməsi üçün 2500 (iki min beş yüz) manat məbləğində cərimə ödənilməli və növbəti aydan ödəməli olduğu icarə haqqının məbləği 5000 (beş min) manat təşkil edəcəkdir. Cavabdeh isə apellyasiya şikayətində əvvəlki ayların icarə haqqını ödədiyini, yalnız 1 ay icarə borcunun olmasını bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hisəsində (Cavabdehndən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2021 saylı mülki iş üzrə qəbul etdiyi 24.05.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində (Cavabdehndən 04.11.2020-ci il tarixli icarə müqaviləsi üzrə 8000 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7712/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7712/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver