Məhkəmə qərarları › İş №2(103)-7722/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7722/2022

25.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7722/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından cavabehin şikayətinə yazılı icraat qaydasında baxraq müəyyən etdi: Hazırkı iş üzrə Yasamal RM tərəfindən xx.xx.2021-ci ildə qətnamə qəbul olunub. İddiaçı xx.xx.2021-ci ildə apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə verib. Yasamal RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunub, qərara alınıb ki, müddət bərpa edilsin. Cavabdehin şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, lakin qərardad ləğv edilməli, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş sayılmalıdır. Belə ki, apellyasiya şikayəti qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş vərəq 34-də olan poçt xəbərnaməsinə görə, qətnamə xx.xx.2021-ci ildə iddiaçıya şəxsən verilib. İddiaçı xəbərnamədəki imzanın ona məxsus olmadığını bildirir. Ekspert rəyi ilə müəyyən olunub ki, həmin imza iddiaçıya məxsus deyil. İddiaçı bildirir ki, qətnamənin mövcudluğundan xx.xx.2021-ci ildə xəbər tutub. Qətnamənin iddiaçıya rəsmi qaydada verildiyini təsdiq edən sənəd olmadığına görə, iddiaçının özünün etiraf etdiyi tarix qətnamənin ona verildiyi tarix kimi qəbul olunmalıdır. Bu tarixdən 11 gün sonra – xx.xx.2021-ci ildə iddiaçı apellyasiya şikayəti verib. Göründüyü kimi, iddiaçı müddəti ötürməyib. Müddətin ötürüldüyü müəyyən edilmədən o, bərpa edilə bilməz. Bu qayda Mülki- Prosessual Məcəllənin 133.1-ci maddəsindən irəli gəlir. Ona görə də müddətin bərpası barədə qəraradad ləğv edilməli, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş sayılmalıdır. Belə nəticə Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar