Məhkəmə qərarları › İş №2(103)-7725/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7725/2021

28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7725/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsal Birliyinə qarşı «hərəkətin qanunsuz hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2289/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsal Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin üzərinə iddiaçının Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulması, iddiaçı ilə həmin evə qaz təchizatı ilə bağlı müqavilə bağlanması və sayğac quraşdırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2289/2021 saylı 28 yanvar 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3965/2021 saylı 06 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət qismən edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2289/2021 saylı 28 yanvar 2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2289/2021 saylı 25 may 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilərək, ərizənin icraata qəbul edilməsi və mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını, əks halda şikayətin işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki tələb qaz təchizatı ilə bağlı xidmtlərin göstərilməməsin, onunla qaz təchizatı ilə bağlı müqavilə bağlanmamasına görə qaldırılmışdır. Digər tərəfdən məhkəmə çəkişmə prinsipini pozmuş, mümkünlüklə bağlı məsələyə baxılması barədə iddiaçıya məlumat verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2289/2021 saylı 23 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, məhkəmənin 25 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, kollegiya tərəfərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayəti ilə araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında da ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrdə baxılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı məhkəmədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı irəli sürdüyü tələb “fərdi yaşayış evinin “Azəriqaz” İB tərəfindən qaz xəttinə qoşulması, həmin evə sayğac quraşdırılması vəzifəsinin qoyulması” barəsindədir. MPM-nin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi vəzifəsinin qoyulması, yəni öhdəliyin icra edilməsi ilə bağlı olduğundan hazırki işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olmadığına görə Rayon Məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməkdə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. Barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2289/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar