Məhkəmə qərarları › İş №2(103)-7725/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7725/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7725/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh1 və X2 birgə qaydada 35000 manat məbləğində pul vəsaitinin və 195 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

3. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmiş, onun şikayəti xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur.

4. Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1081/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Həmin qərardaddan Cavabdeh1 tərəfindən verilmiş şikayət Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və apellyasiya şikayətinin vaxtında verilməsi məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

9. Belə ki, cavabdehin apellyasiya şikayətini geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1081/2023 saylı qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, Cavabdeh1 və Cavabdeh2 isə xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi poçt vasitəsi ilə göndərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsini almışdır və həmin tarixdən başlayaraq 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ var idi. Lakin həmin müddət ərzində apellyasiya şikayəti verilməmiş, apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermişdir. Həmçinin o, apellyasiya şikayəti ilə yanaşı qanunla müəyyən edilmiş qaydada prosessual müddətin bərpası haqqında vəsatət verməmişdir

10. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.

11. Belə ki, Cavabdeh1 həmin qərardaddan verdiyi şikayətində qeyd etmişdir ki, o, bu günədək Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1081/2023 saylı qətnaməsini rəsmi olaraq almamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdən Almaniyada yaşayır. Bu səbəbdən həmin məhkəmə iclaslarında iştirak etməmiş və bundan məlumatsız olmuşdur. Cavabdeh ölkə xaricində olduğundan ünvan 1 ünvanından poçt xəbərnaməsinə imza etməklə qətnaməni alması mümkün deyildir. (pasportun surəti əlavə edilir). Bu səbəbdən də qeyd edilən məhkəmə qətnaməsi onun nümayəndə və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi imza edilməklə alınmışdır.

12. Göründüyü kimi, Cavabdeh1 şikayətində xx.xx.2022-ci il tarixdən Almaniyada yaşadığını qeyd etdiyindən, bunun təsdiqi kimi pasportunda ölkədən çıxması barədə sərhəd məntəqələrində vurulmuş ştamplı səhifələri məhkəməyə təqdim edildiyindən, mübahisələndirilən qətnamənin Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə alınmasına dair xəbərnamədəki imzanın Cavabdeh1 məxsus olub-olmaması yoxlanmalı olduğu halda, rayon məhkəməsi şikayətdə qeyd edilən həmin halları araşdırmamış, ümumiyyətlə, cavabdehin həmin dəlilinə hər hansı münasibət bildirməmişdir. Halbuki hazırkı halda cavabdehin apellyasiya şikayətinin mümkünlüyü məsələsi onun bu dəlilin yoxlanılmasından bilavasitə asılıdır.

13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halın araşdırılması, zərurət olduğu halda isə həmin poçt xəbərnaməsindəki imzanın Cavabdeh1 məxsus olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməklə, apellyasiya şikayətinin vaxtında verilməsi məsələsinə yenidən baxılması üçün cavabdehin şikayəti qismən təmin edilərək, qərardad ləğv edilməli və iş materialları Nizami Rayon Məhkəməsinə göndərilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

16. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

17. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və Cavabdeh1 apellyasiya şikayətinin vaxtında verilməsi məsələsinə yenidən baxılması üçün mülki iş materialları Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar