Məhkəmə qərarları › İş №2(103)-7726/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7726/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7726/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğunun katibliyi, İddiaçı və nümayəndəsi X7, Cavabdeh “xxxxxx” MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxx” MTK-ya qarşı “sənədlərin verilməsi vəzifəsinin qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1744/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, 2942/v ünvanında A İ blok, 4-cü mərtəbə, sahəsi 55.1 kv.m olan mənzilinin müvafiq icra hakimiyyəti orqanlarında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün qanunla nəzərdə tutulan rəsmi sənədlərin verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli 14 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, 2942/v ünvanında A İ blok, 4-cü mərtəbə, sahəsi 55,1 kv.m olan 1 otaqlı mənzili onun tam hüquqlu istifadəsi və sahibliyindədir. Kooperativlə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli 14 saylı mənzil tikintisinə dair müqavilə üzrə üzərinə düşən öhdəlikləri tamamilə icra etmiş və mənzilin dəyərini - 16750 manat məbləğində pulu kooperativə ödəmiş, bununla bağlı ona kooperativin sədri tərəfindən imzalanmış xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. Mənzil tərəfindən tam təmir olunmuşdur və hazırda həmin mənzildə yaşayır. Mənzilin kommunal xidmətləri ilə bağlı heç bir borcu yoxdur. Bütün bunları nəzərə alaraq ona məxsus olan mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınmasını istəyir. Lakin bununla bağlı cavabdeh “xxxxxx” MTK-ya dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq, kooperativin sədri heç bir əsas olmadan onun istifadəsi və sahibliyində olan mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına maneələr yaradır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1744/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, 2942/v ünvanında A İ blok, 4-cü mərtəbə, sahəsi 55,1 kv.metr olan 1 otaqlı mənzilin dövlət qeydiyyatına alınması üçün lazımı bütün sənədlərin İddiaçı verilməsi vəzifəsinin “xxxxxx” MTK-nın üzərinə qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı barədə MTK-ya məlumat verilməmiş və nəticədə münasibət bildirə bilməmişlər. İddiaçı üzərinə düşən öhdəlikləri tam icra etməmişdir, belə ki, mənzilin eskiz layihəsi müqavilə bağlandıqdan sonra dəyişdirilmiş və həmin mənzilin sahəsi müqavilə üzrə göstərilən 55,1 kv.m deyil, 57 kv.m təşkil etmişdir, buna görə əlavə ödəməli olduğu məbləğ iddiaçıdan tələb edilsə də, iddiaçı həmin öhdəliyi yerinə yetirməmişdir. Qətnamədə konkret hansı sənədlərin verilməsi qeyd edilməmişdir. Mənzilin dövlət qeydiyyatına alınması üçün konkret sənədlərin siyahısı var və həmin sənədlərin əksəriyyəti iddiaçının özündədir, həmin sənədlər mülki iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, iddiaçı mənzili aldıqdan sonra, binanın layihəsi dəyişdirilmiş və yeni layihəyə əsasən 5,4 kv.m sahəsi olan balkon əlavə edilmiş, iddiaçı tərəfindən isə həmin sahənin dəyəri ödənilməmişdir. 2006-cı ildə yeni lahiyə hazırlanıb, həmin layihəyə əsasən təxminən 2010-cu ildə dəyişiklik edilmişdir. İddiaçı ilə bağlanmış müqavilədə mənzilin sahəsi 55,1 kv.m qeyd olunsa da, dəyişiklikdən sonra sahə artmışdır, lakin iddiaçı onun dəyərini ödəməmişdir. Bina tam istismara təhvil verilmiş və sakinlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, satıcı “xxxxxx” MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 14 saylı müqaviləyə əsasən satıcı ünvan 2 ünvanında 267 saylı sərəncama əsasən tikdiyi çoxmərtəbəli yaşayış binasının A 1 blok, 4-cü mərtəbə, 55,1 kv.m-dən ibarət mənzili alıcıya təhvil verməyi, alıcı isə satıcıya mənzilin pay dəyəri olan 16750 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, mənzilin üzvlük haqqı İddiaçı tərəfindən “xxxxxx” MTK-ya ödənilmişdir. «Mənzilin təmiri üçün müvəqqəti icazə»nin surətindən görünür ki, İddiaçı “xxxxxx” MTK tərəfindən satılan mənzilin təmiri üçün icazə verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(011)-2138/2012 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942 ünvanda inşa olunan binanın A 1 blokunun 4-cü mərtəbəsində yerləşən sahəsi 55,1 kv.m olan bir otaqlı mənzilindən İddiaçı sərbəst istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırması vəzifəsinin “xxxxxx” MTK-nin sədri X2 tapşırılması qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 2006-cı ildə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən 2008-ci ildə tam ödənilsə də, həmçinin iddiaçı hazırda həmin mənzildə yaşasa da, artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi haqlı tələbdir və iddia təmin edilməlidir. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır; məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra etməmişdir, mənzilin eskiz layihəsi müqavilə bağlandıqdan sonra dəyişdirilmiş və həmin mənzilin sahəsi müqavilə üzrə göstərilən 55,1 kv.m deyil, 57 kv.m təşkil etmişdir. Hazırki icraat zamanı isə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, layihədə aparılmış dəyişikliyə əsasən iddiaçının mənzil sahəsi 5,4 kv.m artmışdır və apellyasiya şikayətində nə üçün artmış sahənin 1,9 kv.m göstərilməsinin səbəbi ona məlum deyil. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş yaşayış binasının yeni layihəsindən görünür ki, həmin layihə 2006-cı ildə tərtib edilmişdir, cavabdehin nümayəndəsi layihənin 2006-cı ildə hazırlandığını, dəyişikliyin isə təxminən 2010-cu ildə edildiyini bildirmişdir. İddiaçı cavabdeh “xxxxxx” MTK-ya qarşı mənzildən sərbəst istifadəsinə MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair iddia tələbi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh MTK-nın sədri X3 və MTK-nın nümayəndəsi X8 həmin məhkəmə iclasında iştirak etmişlər. MTK-nın sədri X3 həmin məhkəmə iclasında hazırda qeyd etdiyi hal ilə bağlı, yəni, binanın layihəsinin dəyişdirilməsi nəticəsində iddiaçının mənzilinin sahəsinin artması və iddiaçının artmış sahəyə görə ödəniş etməməsi barədə izahatında heç nə göstərməmişdir. Belə olan halda Kollegiya cavabdeh MTK-nın qeyd olunan dəlilini əsaslı və inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Mülki Məcəllənin 324.1-maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli 14 saylı müqavilədə satıcı (cavabdeh) mübahisəli mənzili alıcıya (iddiaçıya) təhvil verməyi öhdəsinə götürür dedikdə, təkcə mənzilin özünün yox, həm də həmin mənzil üzərində alıcı hüquqlarını qeydə aldırmaq üçün zəruri olan bütün sənədləri verməyi də öhdəsinə götürməsi kimi qəbul olunmalıdır, əks yanaşma mülki dövriyyənin sabitliyinə xələl gətirmiş olardı. Kollegiya hesab edir ki, məhkəmə yaşayış sahənin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin iddiaçıya təqdim olunmasının təmin edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Qətnamə ilə cavabdehin üzərinə «lazımi bütün sənədlərin» verilməsi vəzifəsinin qoyulması dedikdə, təbii ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan və qeydə alma prosesində tələb oluna bilən bütün sənədlər nəzərdə tutulmuşdur. Apellyasiya şikayəti əsassızdır. Cavabdehin məhkəmə iclasının vaxtı barədə məlumat verilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh MTK-nın hüquqi ünvanı üzrə məhkəmə bildirişləri göndərilmiş, xx.xx.2020-ci il tarixli məhkəmə bildirişi geri qayıtmış, iş materiallarında olan telefon nömrəsinə “xxxxxxxxxxxx” göndərilmiş, həmçinin məhkəmə tərəfindən Xətai rayon MKTB-nə cavabdeh MTK-ya məhkəmə iclası barədə məlumat verilməsi üçün məktub ünvanlamışdır. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin hallarına uyğun qətnamə qəbul etmişdir; apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və ya əsassız hesab etmək, habelə onu ləğv etmək üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1744/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar