Məhkəmə qərarları › İş №2(103)-773/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-773/2024

10.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-773/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4885/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər İddiaçı, X6 və X1 qarşı “yaşayış evinə köçürülmə və cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, iddiaçı Cavabdeh ünvan 6 ünavında yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(103)-11225/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi evə köçürülməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2196/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11225/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2388/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın sürətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilib, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-645/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ləğv edilib və iş üzrə yeni qərar qəbul edilib. İddiaçı ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulub.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35.000 manat kompensasiya ödənilməklə Cavabdeh ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanında 03 may 2021-ci il tarixindən qeydiyyatda olmaqla nəvəsi ilə birgə yaşayır. Sözügedən evi çoxdan şəxsi vəsaiti hesabına almışdır. Qeyd edir ki, oğlu X4 və həyat yoldaşı Cavabdeh heç vaxt onunla birgə yaşamayıb, lakin X4 17 fevral 2021-ci ildə vəfat etdikdən sonra gəlini Cavabdeh tərəfindən ona qarşı yaşayış evinə dair müxtəlif növ iddialar qaldırmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11225/2021 nömrəli icra sənədinə əsasən, Cavabdeh ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus olan fərdi yaşayış evinə köçürülməsi qərara alınmışdır. Hazırda cavabdehin onunla yaşaması mümkün deyildir. Belə ki, cavabdeh onu dəfələrlə təhqir etmiş, onun məqsədi iddiaçının heyatına qəsd etməyə təhrik etmək və mülkə sahib çıxmaqdır. Bu səbəbdən də onun sözügedən mənzildən çıxarılması zəruridir.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 5 ünvanı özbaşına tikili olduğundan, evin mülkiyyətlə bağlı hər hansı sənədi olmadığından İddiaçı hazırda belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığını əsas gətirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkədən xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4885/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 35000 manat kompensasiya ödənilməklə ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X5)

7. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, qanunun tələbindən göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna xitam ilə bağlı razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbi əsasında xitam verilir. İş materiallarından da göründüyü kimi mübahisə predmeti özbaşına tikilidir və İddiaçı hazırda belə bir iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Qanun tələbindən də göründüyü kimi bu hüquq mülkiyyətçiyə məxsusdur. Məhkəmə araşırılması zamanı işin mübahisəsiz halı ondan ibarət olduğu müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanındakı fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin ev ilə bağlı yəni belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia bu əsasla rədd edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, 146.2-ci, 152.5-ci, 180-cı, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, onlar tərəfindən mülkiyyət hüququnun təsdiq edilməsinə dair müvafiq sənədin təqdim edilmədiyinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili tərəfindən mülkiyyət hüququnun mövcudluğunu təsdiq edəcək şəxslərin şahid kimi işə cəlb olunması ilə bağlı elektron məhkəmə portalı vasitəsi ilə vəsatət yerləşdirilmiş. Həmçinin iddiaçı tərəf müvafiq dövlət qurumlarına mülkiyyətin təsdiq edilməsinə dair müraciətlər etmiş bu barədə məhkəməyə məlumat vermişdir. Lakin birinci instansiya məhkəməsi şahidlərin çağırılmasına dair vəsatətə münasibət bildirməmiş, həmçinin sorğuların cavablarını gözləmədən işlə bağlı qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə o faktı araşdırmamışdır ki, sözügedən yaşayış sahəsi iddiaçı tərəfindən alınmış və iddiaçı ilk gündən o yaşayış sahəsində yaşamışdır. Lakin cavabdeh mübahisəli mənzili alındığı gündən orada yaşamamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı verdiyi yazılı etirazın məzmunu iddia ərizəsinə verilən yazılı etiraza uyğun əsaslandırılmış və göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etməklə əlavə olaraq bildirmişdir ki, ev özbaşına tikilidir mülkiyyət sənədi yoxdur. İddiaçı həmin evdə hazırda qızı ilə birlikdə yaşayır. Ev vaxtı ilə iddiaçı almışdır. İddiaçı cavabdehlə birlikdə yaşamaq istəmir. Evi satan Eyvaz Məmmədov oulun iddiaçıya aid olmasını təsdiq edir. İddiaçı ilə cavabdeh arasında münasibətlər gərgindir. Birgə yaşamaqları mümkün deyil. Bu səbəbdən də cavabdehə kompensasiya təklif edirlər.

13. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazını müdafiə etməklə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, mərhum əri ilə birlikdə yaşayarkən Saray qəsəbəsində yaşadıqları evi satmaqla hazırda mübahisə edilən evi almışlar 122000 manat almışlar. Hazırda ona yaşamağa imkan vermirlər. Mərhum ərim xəstəxanada komada olan vaxt qayınatam gedib ora qeydiyyata düşüb. Sonra əri vəfat etmiş və bütün yas mərasimi ilə bağlı xərcləridə özü çəkmişdir. Bu hadisələrdən sonra evi təmir etdirmiş və əşyalar qoymuşdur. Lakin qayınatamgil qapını sındırıb giriblər evə onu isə buraxmamışlar. Evə köçürülməsi barədə qətnaməsi də var icra edilir həmin işdə də müəyyən edilir ki, evi mərhum əri ilə birlikdə almışlar. İddiaçının belə bir iddianın verilməsi subyektiv hüququ yoxdur.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. Hazırki işin halları və apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə kollegiyası vurğulayır ki, mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və İddiaçı hazırda belə bir iddia ilə müraciət etməyə subyektiv hüququ yoxdur. Qanun tələbindən də göründüyü kimi, bu hüquq mülkiyyətçiyə məxsusdur. İşin mübahisəsiz halı ilə isə müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanındakı fərdi yaşayış evinə hüququnu təsdiq edəcək sənədi yoxdur.

22. Kollegiya hesab edir ki, mübahisəsini etdiyi əmlak üzrə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçını sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, subyektiv hüququnun olduğu müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.

23. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin həmin evə köçürülməsi barədə qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilişdir ki, artıq müəyyən edildiyi kimi, cavabdeh mərhum əri Seyran Nüsrətovla birlikdə 2020-ci ilin noyabr ayında həmin evi qeyri-rəsmi əldə etməklə orada bir müddət yaşamış, əri 2021-ci ilin yanvar ayında öldükdən sonra da həmin tikilidə yaşamaqda davam etmiş, lakin sonradan iddiaçı tərəfindən həmin tikilidə yaşamasına maneələr yaradıldığından və ora buraxılmadığından, həmin tikilini tərk etməli olmuşdur.

24. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4885/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar