Məhkəmə qərarları › İş №2(103)-7733/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7733/2022

06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7733/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı ilk iddia tələbinə; Cavabdeh İB-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi; debitor borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” ilk və Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi barədə” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, e- 2(011)-5760/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir.

2. Qaz paylayıcısı Cavabdeh İB ilə abonent İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1059(7-9) saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə əsasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçıya məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.

3. xx.xx.2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda qeyd olunmuşdur ki, iddiaçıya məxsus evdə quraşdırılmış «smart» tipli, G4 markalı, 1202AD**********8 nömrəli qaz sayğacı «istismar müddətinin bitməsi» qeyd edilməklə, yeni – «smart» tipli, G4 markalı, **********594 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmamışdır.

4. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının yaranmış borc barədə müraciəti ilə əlaqədar bildirilmişdir ki, öncədən ödənişli G-4 markalı 1902AQ**********8 saylı qaz sayğacı akt tərtib olunmaqla, yeni qaz sayğacı ilə əvəzlənmişdir. Əvəzlənən öncədən ödənişli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi məlum olmuşdur.

5. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə aid **********00050 nömrəli abonentə məxsus hesabdan çıxarışdan görünür ki, həmin ünvanda 2013-2022-ci illər dövründə serfiyyat və ödənişlər aşağıdakı kimi olmuşdur: İl Ödəniş Sərfiyyat 2013 350 3498 2014 469 4690 2015 450 4500 2016 380 3800 2017 372 2710 2018 624 3970 2019 50 500 2020 300 2600 2021 720 4350 2022 457 2712 Cəmi: 4172 33330

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasinda ona məxsus ünvan 4 ünvanı üzrə (**********00050 saylı abonent kodu) hesablanmış 1642,75 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda onun adına sayğac quraşdırılmışdır. Quraşdırılmış sayğac üzrə abonent kodu **********00050dir. Sayğac küçədə quraşdırılmaqla, ona hər hansı bir müdaxilə halı baş verməmişdir. Sayğacda plomblar mövcud olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt tərtib edilmişdir. Cavabdeh İB-nin əməkdaşları sayğacı söküb ona bilərəkdən müdaxilə etməklə, məqsədli formada avqust 2022-ci il tarixi üçün, ona cari borc məbləği kimi 1642,75 manat borc göstəriblər. Hansı ki, sayğacı sökmədən, xəttən ayırmadan, istehlakçının iştirakı ilə sayğacın ekranına baxış keçirilməsi mümkündür. Avqust ayında aktın surətini əldə etmişdir. Xətai Rayon Qaz İdarəsindən yeni kart götürərkən bildirmişlər ki, «ASAN Kommunal»a yaxınlaşıb kartı aktivləşdirməlidir. xx.xx.2022-ci il tarixdə «ASAN Kommunal»da olarkən bildirilmişdir ki, Qaz İdarəsinə 1642,75 manat borcu vardır. Borc məbləğini etiraf etməyə dair razılığı olarsa, yeni kartı aktivləşdirə bilərlər, əks təqdirdə kartı aktivləşdirmirlər. «ASAN Kommunal»dan abonent (istehlakçı) hesabından 2013-2022-ci illər dövrünə dair sərfiyyat, ödənişlər və qalıq borclar barədə çıxarış əldə etmiş və ona məlum olmuşdur ki, fevral 2013-cü il tarixdən avqust 2022-ci il tarixə qədər əvvəlcədən kart vasitəsilə ödəniş edib, qazdan istifadə etməklə avqust 2022-ci il tarixə qədər heç bir qalıq, yaxud cari borcu olmamışdır. Sayğac aprel 2022-ci il tarixdə mənzilə qaz verilişini dayandırmış, həmin tarixdə 100 manat ödəniş edilmiş və bundan sonra kart vasitəsilə sayğaca ödənişi yüklədikdən sonra sayğac mənzilə qazın buraxılışını təmin etmişdir. Qazdan istifadə qaydalarına uyğun olaraq istehlakçı olaraq hansı vəzifələri və hüquqları, habelə verilən qazın həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlərin onun tərəfdən hansı formadasa pozulması halı məlum deyil. Qaz təchizatı haqqında Qanuna və «Qazdan istifadə qaydaları»nın tələbinə uyğun olaraq cavabdeh təşkilatın küçədə quraşdırdığı plomb ilə təchiz olunmuş qaz sayğacı cavabdeh tərəfindən bütün məhəllədəki sayğacları dəyişdirilmək adı ilə quraşdırıldığı yerdən götürülmüşdür. İyun 2022-ci il tarixdən etibarən ailə üzvləri (faktiki olaraq rayonda yaşadıqları üçün) bölgədə istirahət etməklə, özü isə iş fəaliyyəti ilə əlaqədar gündüzlər evdə olmur. Qeyd olunan tarixdən qazdan istifadə hüququ məhdudlaşdırılmışdır. Aktın surətini Xətai Rayon Qaz İdarəsindən xx.xx.2022-ci il tarixdə götürmüşdür. Aktı təsdiq və imza etmiş şəxslərin (kimlikləri) ad və soyadları qeyri-müəyyəndir. Akt ümumi formaya şablon olaraq uyğunlaşdırılıb. Akt sonradan tərtib edilib. Çünki sayğacın foto şəkilləri kartonlarla bəzədilib. İştirakı olmadan sayğac açılıb. Aktın məzmunu anlaşılan deyil. Tərtib edilmiş akt Azərbaycan dilinin və bu növ aktlar üçün müəyyən edilmiş standartlara ziddir. Tərtib edilən aktda «sayğac quraşdırılarkən sərf edilən mal-materialların növləri və sayı» qrafasında istifadə olunan mal-materiallar şişirdilmiş formada qeyd edilib. Çünki aktda qeyd olunan mal-materiallar faktiki olaraq yerində işlədilməyib və buna ehtiyac olmayıb (foto şəkilləri təqdim edir). Nəzərə alınmalıdır ki, qaz xətləri və sayğac quraşdırılması üçün zəruri olan sair işlər bir neçə il əvvəl görülüb. Bəzi səlahiyyətli şəxslər sayğac quraşdırarkən istifadə etdikləri malmaterialları şişirdilmiş formada qeyd ediblər. Cavabdehın əməkdaşları mənzilinə gedən qaz borusu üzərində yerləşdirilmiş qaz sayğacını 27 iyul (bəlkə də 21 iyul) 2022-ci il tarixdə dəyişdirərkən, bilərəkdən saxtakarlıq ediblər. xx.xx.2022-ci il tarixdə Xətai rayonu ərazisinə xidmət göstərən Cavabdeh İB-nin İdarəsinin əməkdaşları bildirmişlər ki, mənzilinə gedən qaz xətti üzərində quraşdırılmış «smart» markalı sayğacın elektron göstəricisi 33330, mexaniki göstərici 40921 m. olub. Təqdim olunan aktda mexaniki və elektron göstəricilər pozuntularla saxtalaşdırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunmuş qaydalara nəzarət etmək məqsədilə Cavabdeh İB qaz paylayıcısı olaraq, laboratoriya qaydasında sayğacı standartlara uyğun tənzimləyir, plomblayır və texniki baxışı həyata keçirmək məqsədilə işçi qüvvəsi saxlayır, habelə texniki baxış məqsədilə böyük məbləğdə vəsait xərclənir. Cavabdeh İB-nin əməkdaşları birtərəfli qaydada sayğaca müdaxilə edib, sayğacın mexaniki göstəricisini istədiyi şəkildə irəliyə çəkməklə, məqsədli hərəkətlər edərək, hətta müdaxilədən sonra sayğacların şəkillərini çəkirlər ki, guya onlar belə bir hərəkətləri etməyiblər. Cavabdeh İB-nin əməkdaşları və bəzi rəsmiləri bilə-bilə il ərzində kart vasitəsilə sayğaca daha çox pul ödəyən abonentlərin maddi imkanını nəzərdən keçirməklə, yaxud başqa qərəzli əməllərini həyata keçirmək üçün «qazdan istifadə» qaydalarına zidd hərəkətlər etməklə, onu abonent-istehlakçı olaraq akt əsasında Cavabdeha borclu göstərirlər. Bu yalnız sadə bir qüsur deyil. Bu daha çox böhtan, başqasının (istehlakçının) şərəf və ləyaqətini alçaltmaq və istehlakçının (başqasının) mənafeyinə zərər vurmaqla əsassız varlanma (Mülki Məcəllənin 1091-ci maddəsi), həm də məbləğindən asılı olmayaraq açıq-aşkar səlahiyyətlərindən sui-istifadə etməklə əmlakını talama niyyəti ilə törədilən bir əməldir. Hüquqşünas olaraq belə bir təhqiri və böhtanı qəbul edə bilməz. Cavabdeh İB-nin əməkdaşları köhnə sayğacı söküb, həm də ona məxsus olan «sayğac qoruyucusunu» da söküb aparıblar (məhəllədə özü sonradan araşdırma apararaq müəyyən etmişdir ki, hansı mənzildə evdə həmin vaxt abonent olubsa sayğac qoruyucularını götürməyiblər, evdə olmayanların sayğac qutularını qoruyucularını aparıblar). Hansı ki, qoruyucu qutularını qaz paylayıcı qəsdən quraşdırmır ki, sayğacın plombunu küçədən keçən, yaxud başqa kimsə qırsın və nəticədə bu halda da istehlakçını cərimələmək üçün edilən qərəzli bir hərəkətdir. Nəticədə istehlakçı olaraq məcburən sayğacın qoruyucu qutusunu bazarda almaq məcburiyyətində qalmış olur. Tərtib etdikləri aktda hansı məbləğdə və nəyə görə borcun yaranması dəqiq göstərilmir. Hətta sayğacın dəyişdirilməsi səbəbini təhrif olunmuş qaydada aktda göstərirlər. Qaz İdarəsində olarkən əməkdaş bildirmişdir ki, sayğacın elektron qeydiyyatı ilə mexaniki qeydiyyatında fərq yaranıb. Cavabdeh təşkilatdan götürdüyü hesabdan çıxarışda qeyd olunan serfiyyat və ödənişlərlə əlaqədar aşağıdakı faktlar məlum olur. 2013-cü ildə sərfıyyat 3498 kub metr, ödəniş 350 manat - borc yoxdur; 2014-cü ildə sərfıyyat 4690 kub metr, ödəniş 469 manat - borc yoxdur; 2015-ci ildə sərfıyyat 4500 kub metr, ödəniş 450 manat - borc yoxdur; 2016-cı ildə sərfıyyat 3800 kub metr, ödəniş 380 manat- borc yoxdur; 2017-ci ildə sərfıyyat 2710 kub metr, ödəniş 372 manat - borc yoxdur; 2018-ci ildə sərfıyyat 3970 kub metr, ödəniş 613 manat - borc yoxdur; 2019-cu ildə sərfıyyat 500 kub metr, ödəniş 50 manat - borc yoxdur; 2020-ci ildə sərfıyyat 2600 kub metr, ödəniş 300 manat - borc yoxdur; 2021-ci ildə sərfıyyat 4350 kub metr, ödəniş 720 manat - borc yoxdur; 2022-ci ilin dörd ayı üçün 2712 kub metr və 457 manat ödəniş olmuşdur. Beləliklə, 2013-2022-ci ilin iul ayları dövründə ümumi sərfıyyat 33330 kub metr ödəniş məbləği 4172 manat olmuşdur. Çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə sayğacın göstəricisi 32394 olub. Rəsmi sənəddən göründüyü kimi, qaz paylayıcının laboratoriyadan keçirərək standartlara uyğunlaşdırmaqla quraşdırdığı sayğac əsasında illər üzrə qaz sərfiyyatı və sərfiyyata görə hər il üzrə illik sərfiyyat və ödəniş məbləğləri orta hesabla 350-550 manat olmuşdur. Eyni zamanda 2013-2021-ci illər ərzində ilin aprel – sentyabr aylarında istehlakçı olaraq qaz sərfiyyatı (hər ilin, beş ayında) üzrə, cəmi ödəniş məbləği orta hesabla 50-150 manat həcmində olmuşdur. Belə olan halda Cavabdeh İB-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydaların tələblərinə zidd formada, bir tərəfli və qərəzli formada tərtib etdikləri akt əsasında xx.xx.2022-ci il tarixdə istehlakçı olaraq 1642,75 manat cari borclu kimi qeyd etmələri əsassızdır.

8. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1642,75 manat debitor borc (sayğac vasitəsi ilə istifadə) və ödənilmiş 36,43 manat dövlət rüsumu olmaqla, cəmi 1679,18 manat pulun İddiaçı məcburi qaydada tutularaq Cavabdeh bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi belə əsaslandırmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 1059(7-9) saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqavilə»si əsasında İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00050 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Cavabdeh İB-nın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində abonentin ünvanında olan sayğaca baxış keçirilmiş, sayğacın mənfiyə işlədiyi, sayğacın elektron göstəricisinin yazmadığı, mexaniki göstəricisində isə dəyəri ödənilməyən qaz sərfiyyatı aşkar olunduğundan (akt qoşma olunub) qaz sayğacının çıxardılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sayğac dəyişikliyindən sonra isə abonentin istifadəsində olmuş sayğac göstəricisi mənfiyə getdiyindən ona qaz itkisi hesablanmış və nəticədə abonentin 1642,75 manat əlavə borcu yaranmışdır. Belə ki, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1642,75 manat borcu (debitor borc) qalmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsi»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin Qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alğı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd etdiyi sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, e-2(011)-5760/2022 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) ilk iddia tələbi təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvana (abonent kodu: **********00050) xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1642,75 manat borcun silinməsi Cavabdehnə həvalə edilmiş, Cavabdehndən 36,43 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi, Cavabdeh X2 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair» qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi ilə əlaqədar ödənilmiş 36,43 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 3, 18, 26-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəllənin 560.1, 14.2.6, 21.1, 1096.1, 385.1, 425-ci maddələrinə, «Qaz təchizatı haqqında» Qanunun 6-cı maddəsinə, 13-cü maddəsinin 9-cu bəndinə, 21.1, 21.2-ci bəndinə, «Qazdan istifadə Qaydaları»nın 3.1.7, 4.2, 4.6, 4.7, 41.8, 4.9, 6.7-ci bəndlərinə, «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 5.1-ci bəndinin ikinci hissəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin işə qeyri-obyektiv baxması, borc məbləğinin nədən ibarət olduğunun təyin edilməməsinin nəticəsidir. Borc məbləği iddiaçıya təbii qazdan sayğacsız istifadə edilməsi vasitəsilə və istifadə etdiyi borcun ödənilməməsi nəticəsində yazılmışdır. Faktla bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən aktlar tərtib edilmişdir. Aktlarda iddiaçının qazdan qeyri-qanuni olaraq sayğacdan kənar xəttdən istifadə etməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 1642,75 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. «Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 462.1-ci maddəsinin səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildiririk ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt iddiaçının qanunazidd hərəkətləri nəticəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 1642.75 manat təşkil etmişdir. Lakin, birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə «Cərimə» borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbini qismən yox, tam təmin ediməsini qət edərdi. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübuta yetirmə vəzifəsi ilk növbədə Cavabdeh İB-nin üzərinə düşdüyündən iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmə özbaşına hesablamalar apararaq, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmiş və bununla da cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, abonentin ödənişləri demək olar yoxdur. Borc məbləği sayğacsız istifadə nəticəsində həmçinin istifadə edilən təbii qaza görə müntəzəm ödənişlərin aparılmamasına görə yaranmışdır. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.

18. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir, Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

20. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir.

21. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

22. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

23. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

26. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İlk iddia üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar və sübutlar araşdırılmadan qətnamə qəbul edilmişdir.

37. Kollegiya qeyd edir ki, ilk iddia üzrə cavabdehin yuxarıda qeyd olunan dəlilləri əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək haqlı olaraq hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi ilkin iddia üzrə iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, ilkin iddia ərizəsi əsaslı olduğuna görə təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanına (abonent kodu: **********00050) hesablanmış 1642,75 manat borc silinməlidir. Cavabdeh İddiaçı təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 1642,75 manat debitor borcunun yarandığını iddia etsə də, 2013-2021-ci illər ərzində istehlakçı olaraq cavabdehin qaz sərfiyyatı üzrə aylıq ödəniş məbləği orta hesabla 35 manat həcmində olduğu halda, 1642,75 manat borcla bağlı iddia tələbini əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət vermiş, aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

38. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5760/2022 saylı iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar