Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7737/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(004)-977/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 23.11.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 24.03.1998-ci il tarixli, 054561 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.03.1998-ci il tarixdə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bir neçə şəxslə birlikdə zor tətbiq etməklə notariat kontorunda onunla alqı-satqı müqaviləsi bağlayaraq ələ keçirmişdir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, lakin nəticəsi olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(004)- 977/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, evin dəyəri kimi 4000-4500 manat pulu Cavabdeh maklerə vermiş, ona cəmi 1100 köhnə Azərbaycan manatı ilə pul verilmişdir. Sonradan Cavabdeh həmin evi 5000 manata X1. Həmin müqavilə zorakılıq nəticəsində bağlanmış əqd olmasına baxmayaraq, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə verilmədiyi halda, məhkəmə iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(004)-977/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24.03.1998-ci il tarixli, 054561 nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Saray küçəsi, 3 saylı evi İddiaçı Cavabdeh satmışdır. (i.v.169-176) - X7 ilə Cavabdeh arasında bağlanmış 02.02.2000-ci il tarixli, 085521 nömrəli alqısatqı müqaviləsinə əsasən Bakı şəhər Saray küçəsi, 3 saylı evi Cavabdeh X2. (i.v.147) - DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 08.04.2021-ci il tarixli, **********40 nömrəli məhtubuna əsasən Bakı şəhəri Saray küçəsində yerləşən 3 saylı fərdi yaşayış evi 17.03.1998-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 24.03.1998-ci il tarixli 3MA-722 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin ev Cavabdeh Məmmədağa qızının adına qeydiyyatdan keçmişdir. 41 saylı DNK-nın 02.02.2000-ci il tarixli 3MA/65 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ev X3 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. (i.v.146) İşin faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Saray küçəsində yerləşən 3 saylı fərdi yaşayış evini 24 mart 1998-ci ildə Cavabdeh, sonuncu isə 02 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zemfira Məmmədovaya satmışdır. Zemfira Məmmədovanın iddia ərizəsinə yazılı etirazından görünür ki, həmin ev plana düşdüyündən sökülmüş və ona kompensasiya verilmişdir. (i.v.166) İddiaçı mülkiyyətində olan evin alqı-satqı müqaviləsini zorakılığa məruz aldığına görə bağladığını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisələndirilən müqavilənin bağlandığı dövrdə qüvvədə olmuş 1964-cü il tarixli redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsinə görə, zor təsiri nəticəsində bağlanmış əqd zərər çəkənin iddiası üzrə etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsindən fərqli olaraq, həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı omayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Yəni həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin müddəalarına əsasən, iddia müddətinin tətbiqi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiq olunması barədə ərizə verməsi tələb olunurmurdu. Yenə həmin Məcəllənin 82-ci maddəsinə əsasən, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, həm iddia əsassız olduğuna, həm də əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş iddia müddəti keçdiyinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(004)- 977/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7737/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7737/2021
02.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver