Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7741/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Hərrac Mərkəzi Cavabdeh və “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Bankın nümayəndəsi X2 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olmuş və Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evi ilə bağlı xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Banka kredit borcu olmuş, iddiaçı borcunu ödəyə bilməmiş, Bankın iddiaçıya qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiası məhkəmə baxışının predmetləri olmuş, Gəncə Apellyasiya Məhkəməsinin həmin iddiaya dair mülki iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməyə əsasən mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin iddiaçının cavabdeh Banka olan cəmi 15.133,67 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Bundan sonra İcra İdarəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və evin açıq hərracdan satılması ilə bağlı cavabdeh Hərrac Mərkəzinə müvafiq sifariş verilmişdir. İcra İdarəsi və cavabdehlər tərəfindən iddiaçıya hərraclar barədə məlumat verilməmiş və nəticədə, ödənilməli olan borcun əvəzində ev 38.250 manata xx.xx.2019-cu il tarixdə Banka təklif olunmuş və Bankın nümayəndəsi X1 tərəfindən əldə edilmişdir. Sonradan bu barədə xəbər tutmuş iddiaçı cavabdeh Hərrac Mərkəzinə müraciət etmişdir. Hərrac Mərkəzi tərəfindən iddiaçıya göndərilmiş məktubda göstərilmişdir ki, guya hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmişdir. İddiaçı qətiyyətlə bildirir ki, hərracın keçirilməsi barədə bildirişlər ona verilməmiş, bildirişlərin alınması ilə bağlı o heç bir sənədi imzalamamışdır. Buna görə də hesab edir ki, onun xəbəri olmadan keçirilmiş hərracın nəticələri ləğv edilməlidir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdi. Cavabdeh Hərrac Mərkəzi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Hərrac Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində 0,0575 ha torpaq sahəsində yerləşən və 152,8 kv.m ümumi sahədən ibarət olan 83 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İşdə olan məhkəmə aktlarından və digər sənədlərdən görünür ki, iddiaçının cavabdeh Banka kredit borcu olmuş, borc iddiaçı tərəfindən ödənilməmişdir. Bunu nəzərə almış Bank iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmeti olan evə yönəldilməsi, evin açıq hərracdan satılması və sair tələbləri barədə” iddia irəli sürmüş və həmin iddia məhkəmə baxışının predmetləri olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin həmin iddiaya dair 2(104)-1324/2017 saylı mülki üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməyə əsasən ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin iddiaçının cavabdeh Banka olan cəmi 15.133,67 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı (İş № 2- (102)-2785/18) ilə dəyişdirilmədən saxlanmışdır. Qətnamə qüvvəyə mindikdən sonra qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Bundan sonra İcra İdarəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və evin açıq hərracdan satılması ilə bağlı cavabdeh Hərrac Mərkəzinə müvafiq sifariş verilmişdir. Evi ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən 60.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Hərrac Mərkəzinin xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolundan və işdə olan sənədlərdən görünür görünür ki, mübahisəli fərdi yaşayış evi təşkil edilməmiş hərraclardan satılmamış, bu səbəbdən evin dəyəri qanuna müvafiq qaydada azaldılmış və son nəticədə hazırki iş üzrə Bank evi 38.250 manata əldə etmişdir. İddiaçı bildirir ki, evin açıq hərracdan satılması ilə əlaqədar təşkil edilmiş hərraclar barədə ona məlumat verilməmiş, bu barədə bildirişlər ona göndərilmiş, bildirişlərin alınması ilə bağlı o heç bir sənədi imzalamamışdır. Buna görə də hesab edir ki, onun xəbəri olmadan keçirilmiş hərracın nəticələri ləğv edilməlidir. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Bank qarşısında olan öhdəliklərinin icrasının təminatı olaraq mübahisəli ev ipoteka ilə yüklü edilmişdir. Bank qarşısında yaranan borc öhdəliyi icra edilmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bankın tələbi ipoteka predmetinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün İcra İdarəsinə göndərilmiş və İcra İdarəsinin icra məmuru “İcra vərəqəsi” əsasında qətnamənin icrasını həyata keçirmək, yəni evin açıq hərracdan satışını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görmüşdür. Hərracın təşkili cavabdeh Hərrac Mərkəzinə həvalə olunmuşdur. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçı, hərracın təşkilatçısı olan cavabdeh Hərrac Mərkəzinin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2018-ci il, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli bildirişlərin təsdiqlənmiş surətindən görünür ki, hərracın vaxtı və yeri barədə cavabdeh Hərrac Mərkəzi tərəf İddiaçı məlumat verilmiş və iddiaçı həmin bildirişləri qəbul etmişdir. Bu halın əksini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəli evlə bağlı hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Odur ki, hesab edilməlidir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillər əsassızdır; Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7741/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7741/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver