Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7749/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Şahmali oğlunun Cavabdeh qarşı "müqavilə üzrə pul" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-7777/2019-007 nömrəli qətnaməsindən Cavabdeh qizi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2016-cı il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş və reyesrdə 3M-646 nömrə ilə qeydə alınmış kredit müqaviləsinə əsasən o, Cavabdeh 20.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan, yəni cavabdeh almış olduğu krediti xx xxxx 2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən isə kreditin faizsiz verilməsi şərtləşdirilmişdir. Müqavilənin şərtlərinə əsasən borclu kreditin ödənməsini öhdəsinə götürmüş olduğu tarixdə borcunu ödəməmişdir. O, cavabdehdən dəfələrlə borcunu ödəməsini tələb etsə də, lakin borclu bu günə kimi müqavilənin şərtlərinə əməl etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7777/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya qarşı aldığı pul vəsaiti olmadığı üçün ona qarşı yaranmış olan və icra edilməmiş qalan borc öhdəliyi mövcud deyildir. İddiaçı onu aldadaraq həyat yoldaşını həbsdən azad etməsinin mümkünlüyünü bildirmiş və buna görə ona belə bir yüksək məbləğdə pul vəsaitinin yüksək vəzifəli şəxslərə rüşvət kimi verilməsini öz öhdəsinə götürmüşdür və bununla da, dələduzluq edərək onu rüşvət verməyə sövq etdirməyə cəhd edərək, aldatmaqla onun notariusda olan bu məbləği gələcəkdə ödəməyi üçün belə bir sənədi imzalamağının lazım gəldiyini bildirmişdir. Cavabdehin həmin vaxt çarəsizliyindən və ümidsizliyindən istifadə etmiş iddiaçı yaramazcasına onun haqqında olmayan və əslində ona heç vaxt verilməmiş olan pul vəsaitinə görə formal olaraq borclu vəziyyətinə düşməyini təmin etmişdir. Bundan əlavə “kreditor’ tərəfindən ona kredit verilməmişdən öncə onun hansısa “biznes fəaliyyəti” ətraflı öyrənilmədən nəyə görə ona və yoldaşına bu qədər vəsaitin verildiyini əsaslandıran hansısa sübut da rayon məhkəməsinə təqdim olunmamışdır və ümumiyyətlə, məhkəmə borcun yaranma səbəblərinin nələrdən ibarət ola biləcəyi ilə əsla maraqlanmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı Şahmali oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli, reyestrdə 3M-646 nömrə ilə qeyd edilmiş və Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh Salahədin qızına (borc alan) 20.000 ABŞ dolları məbləğində borc verir, borc alan isə borc məbləğini xx xxxx 2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh Salahədin qızına, həmçinin surəti Bakı şəhəri Binəqədi Rayon Məhəkəməsinə və Binəqədi rayon Polis İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi barədə iddiaçı tərəfindən məhkəməyə verilməsi barədə xəbardar edilmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2016-cı il tarixdə Sumqayıt şəhəri 3 saylı Notariat kontorunda kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 20.000 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh isə həmin borc məbləğini xx xxxx 2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək kollegiya onları əsaslı hesab etmir. Belə ki, cavabdeh çarəsizliyindən və ümidsizliyindən istifadə edildiyini, formal borc müqaviləsinin bağlanıldığını bildirsə də bu barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. X5 Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7777/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-7749/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7749/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver