Məhkəmə qərarları › İş №2(103)-7758/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7758/2021

24.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7758/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlunun ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1341/2021 saylı 01 iyun 2021-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh iştirakı və təşkilatçılığı ilə onun Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 46 və 48 saylı mənzillərə dair müvafiq olaraq 15 avqust və 06 oktyabr 2009-cu il tarixlərində bağladığı daşınmaz əmlakın alğısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi, müqavilələrin bağlanılması ilə əlaqədar ödədiyi 150.000 manat pul və işin baxılması üçün ödədiyi 30 manat dövlət rüsumun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə və onun təşkilatçılığı ilə bağladığı 15.08.2009-cu il və 06.10.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu ünvanında yerləşən 46 və 48 saylı fərdi yaşayış evlərinin alınması üçün etibarnamə əsasında çıxış edən Cavabdeh ümumilikdə 150.000 manat məbləğində pul ödəmişdir. Mənzilləri almamışdan əvvəl Cavabdeh onlara satdığı mənzilləri göstərmiş və göstərdiyi mənzillərə keçirdikləri baxış nəticəsində mənzillərin qiymətində razılığa gəlmişlər. Əvvəlcədən gəldikləri razılığın şərtlərin görə, müqavilə imzalandıqdan bir neçə ay sonra Cavabdeh şəxsən mənzilləri onların istifadəsinə verməli və həmin mənzillərdə yaşayan şəxslərin qeydiyyatdan çıxmalarını təmin etməli olduğu halda üzərinə düşən bu öhdəlikləri yerinə yetirməmişdir. Bundan sonra, ondan bir neçə dəfə mənzili boşaltmağı tələb etsələr də, sonuncu bunu etmədiyindən, özləri mənzillərə getmiş və onlara göstərilmiş həmin mənzillərdə başqa şəxslərin yaşadığının şahidi olmuşlar. Həmin şəxslər mənzilləri boşaltmaqdan imtina etdiyindən, o, mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün DƏDRX-nə müraciət etmişdir. Reyestr xidmətindən mənzillərə baxış keçirilən zaman məlum olmuşdur ki, onlara göstərilən mənzillər başqa olmuş, sənədlər əsasında satılmış mənzillər isə tamamilə başqa olmuşdur. Beləliklə, məlum olmuşdur ki, Cavabdeh onlarla alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl onlara həmin ərazidə başqa mənzillər göstərərək onları aldatmış və alğı-satqı adı altında 150.000 manat pullarını ələ keçirmişdir. Onlara o da məlum olmuşdur ki, baxdıqları mənzillərin əsl sahibləri rayonda olduqlarından, mənzilin açarını qohumları Cavabdeh həvalə etmiş, sonuncu isə bu haldan istifadə edərək onlara qarşı dələduzluq etmişdir. O, səbəbdən təqribən 2010-cu ilin əvvəllərindən başlayaraq, fakt üzrə cinayət işinin başlanılması üçün hüquq mühafizə orqanlarına çoxlu sayda şikayətləri olmuşdur. Bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbulundan sonra, nəhayət ki, 2013-cü il oktyabr ayının 2 də Bakı şəhər Baş Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə həvalə edilmişdir. 2016-cı ilin iyul ayının əvvəllərindən başlayaraq, fakt üzrə cinayət işinin başlanılması üçün hüquq mühafizə orqanlarına çoxlu sayda şikayətləri olmuşdur. Bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi qərarının qəbulundan sonra, nəhayət ki, 2013-cü il oktyabr ayının 2-də Bakı şəhər Baş Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə edilmişdir. 2016-cı ilin iyul ayının sonlarına qədər ********* nömrə ilə istintaqı aparılan cinayət işi Binəqədi rayon Pİ-nin İŞ-nin icraatında olmuş, bu müddət ərzində işin istintaqında əsassız süründürməçiliklərə yol verilmiş, bir neçə dəfə işin icraatına xitam verilməsinə dair əsassız qərarlar qəbul edilmiş, lakin hər dəfə onların şikayətləri əsasında həmin qərarlar ləğv edilərək, istintaqın davam etdirildiyi görüntüsü yaradılmışdır. 2016-cü il iyul ayının sonlarında Binəqədi RPİdə Cavabdeh barəsində istintaqı aparılan cinayət işi Nərimanov rayon Pİ-nin istintaq şöbəsinə, orada Cavabdeh barədə istintaqı aparılan başqa bir cinayət işinə birləşdirilmək üçün göndərilmişdir. Cinayət işi Nərimanov RPİ-nin İŞ-də olarkən müstəntiqlər tez-tez dəyişdirildiyindən işin sonrakı vəziyyəti barədə məlumat ala bilməmişdir. Bununla belə, ərizəsinə Azərbaycan Respublikası DİN-dən aldığı cavab məktubuna görə Nərimanov RPİ-də cinayət işinin icraatına xitam verilmişdir. Xitam qərarı ona təqdim olunmamış, qərarın əldə olunması üçün etdiyi cəhdlər də uğursuz olmuşdur. Hər bir halda hesab edir ki, Cavabdeh saxta alğı-satqı müqavilələri ilə ona maddi ziyan vurmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1341/2021 saylı 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə digər cavabdehləri prosesə cəlb etməli və işi tam hərtərəfli araşdıraraq obyektiv qətnamə qəbul edilməli idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri 5-ci dövlət notariat kontorunda təsdiq edilmiş 15.08.2009-cu il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin kserosurətinə əsasən X3 etibarnamə əsasında X5 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan şossesi ünvanında yerləşən, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 11,6 kv.m. olan 3 otaqdan ibarət 46 saylı fərdi yaşayış evini İddiaçı 33.800 manata satmışdır. Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 06.10.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin kserosurətinə əsasən X2 etibarnamə əsasında Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu ünvanda faktiki 0.0135 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 49,3 kv.m., köməkçi sahəsi 8,7 kv.m., ümumi sahəsi 58,0 kv.m. olan 3 otaqdan ibarət 48 saylı fərdi yaşayış evini İddiaçı 150.000 manata satmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış 17.01.2017-ci il tarixli məktubun kserosurətindən görünür ki, 08.11.2016-cı il tarixdə Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işindən Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı nömrə altında ayrılaraq ayrıca icraata qəbul edilmişdir. Cinayət işi üzrə bir sıra zəruri istintaq hərəkətləri yeri nə yetirilərək zərərçəkmiş şəxslər və şahidlər dindirilmiş, əməliyyat tapşırıqları verilmiş və bir sıra zəruri olan istintaq hərəkətləri həyata keçirilmişdir. Halhazırda cinayət işi üzrə istintaq davam etdirilir, nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaqdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh alğı-satqı müqavilələri üzrə tərəf kimi deyil, yalnız bir daşınmaz əmlak üzrə satıcının adından etibarnamə əsasında çıxış etmişdir. Yəni cavabdeh alğı-satqı müqavilələrinin tərəfi olmamışdır. Belə olan halda cavabdeh alğı-satqı müqavilələrinin tərəfi olmadığı üçün, onun həmin müqavilələr üzrə subyektiv cavabdehlik daşıması mümkün deyil. Cavabdeh nə müqavilə üzrə alğı-satqının predmeti olmuş daşınmaz əmlakların mülkiyyətçisi olmuş, nə də ki, alğı-satqı müqavilələri üzrə pulu alan şəxs olmuşdur. Cavabdehin isə alğı-satqı zamanı mülkiyytəçilərdən birinin adından etibarnamə əsasında çıxış etməsi, onun həmin müqavilə üzrə cavabdehlik daşımasına əsas deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün qaldırılan iddia tələbi alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamış və iddia iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, 15.08.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin kserosurətinə əsasən X3 etibarnamə əsasında nümayəndəsi X5 onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan şossesi ünvanında yerləşən, ümumi sahəsi 50,7 kv.m., yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 11,6 kv.m. olan 3 otaqdan ibarət 46 saylı fərdi yaşayış evini İddiaçı 33.800 manata satmışdır. Eyni zamanda Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 06.10.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin kserosurətinə əsasən X2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu ünvanda faktiki 0.0135 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 49,3 kv.m., köməkçi sahəsi 8,7 kv.m., ümumi sahəsi 58,0 kv.m. olan 3 otaqdan ibarət 48 saylı fərdi yaşayış evini İddiaçı 150.000 manata satmışdır. Göründüyü kimi Cavabdeh daşınmaz əmlakın mülkiyyətçisi deyil və yalnız Bakı şəhəri 26 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 06.10.2009-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsini etibarnamə əsasında imzalamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, o hazırkı tələbə cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Belə olan halda iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa, yəni müqavilələrin məhz Cavabdeh tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi İddiaçı hazırkı iddia tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1341/2021 saylı 01 iyun 2021-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar