Məhkəmə qərarları › İş №2(103)-7759/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7759/2021

28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7759/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(009)-1820/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin alqı-satqısı haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(009)-1820//2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin alqı-satqı haqqında ilkin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalı olmadığı üçün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən verilmiş iddia ərizəsi MPM-in 36.11-ci maddəsinə əsasən verilmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş iddia ərizəsinin mətnindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, birincisi – etibarsız hesab edilməsini xahiş etdiyi cavabdehlər arasında bağlanılmış 28.01.2020-ci il tarixli, 3M-19 saylı “İlkin müqavilə” məhz onun sahibliyi və istifadəsində olan ünvan 1 ünvandakı yerləşən 175,0 kv.m torpaq sahəsinin üzərindəki ümumi sahəsi 107,68 kvm. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında olmaqla həmin müqavilənin icra yeri kimi də məhz həmin ünvan göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(009)-1820/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, gəlməyən şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, irəli sürülmüş tələb üzrə cavabdehlərdən heç birinin Səbail rayonu ərazisində rəsmi qeydiyyatı yoxdur. Digər tərəfdən hazırki tələb ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin alğı-satqısı haqqında cavabdehlər arasında bağlanmış 28.01.2020-ci il tarixli ilkin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olsa da, həmin tələb müstəsna aidiyyətə aid deyil. İddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyi üçün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsi iddiaçının seçiminə görə aidiyyəti nəzərdə tutmuşdur. İddiaçı da bu Məcəllənin 36.11-ci maddəsinə yəni, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər müddəasına istinad edərək iddiasını Səbail Rayon Məhkəməsinə vermişdir. Əvvəla, qeyd olunan ilkin alqı-satqı müqaviləsində müqavilənin icra yeri nəzərdə tutulmamışdır. Fərdi yaşayış evinin ünvanı isə müqavilənin icra yeri hesab edilmir. İkincisi, iddia tələbi artıq mövcud olan fərdi yaşayış evinin ilkin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələblərin məhkəmə aidiyyəti isə iddiaçının seçiminə görə müəyyən edilmir. Üçüncüsü, iddianın məzmununda yaxud iş materiallarında iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməməsi üçün qanunla başqa halın nəzərdə tutulmasına əsas ola biləcək, o cümlədən müstəsna aidiyyəti nəzərdə tutan hallar mövcud deyildir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(009)-1820/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(009)-1820/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar